Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-463/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs X1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsi) “torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 28 fevral 2006-cı il tarixli 157 saylı qərarla sahibkarlıq fəaliyyətinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ona ayrılmış 155 kv.m torpaq sahəsinin İddiaçı adına verilməsi ilə bağlı Binəqədi qəsəbə bələdiyyəsindən xahiş etmişdir. X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə onların razılıq ərizələri və müraciətləri əsasında sahibkarlıq fəaliyyətinin tikintisi üçün ayrılmış 1500 kv.m torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqları iddiaçının adına keçirilmişdir. O vaxtdan bəri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi artıq neçə ildir ki, iddiaçının istifadəsindədir. İddiaçı öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin abadlaşdırılması (əkimi, suvarılması), bir sözlə qayğısına qalınması üçün çoxsaylı tədbirlər görmüşdür. Beləliklə, mövcud daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edilsə də, müraciətə imtina cavabı verilmişdir. Əsas olaraq göstərilmişdir ki, iddiaçının adına torpaqların alqı-satqısı qaydalarına dair ləğv edilmiş Dövlət Torpaq və Xəsitəçəkmə Komitəsi tərəfindən qeydə alınmış akt təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməlidir. Çünki qeyd olunan sahə 2006-ci ildən fasiləsiz olaraq istifadəsindədir. O, torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və torpaq sahəsi ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. Onun sözügedən torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar (Dövlət Torpaq və Xəsitəçəkmə Komitəsi tərəfindən qeydə alınmış akt) müvafiq quruma təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X1 28 dekabr 2006-ci il tarixli, 2401 nömrəli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaqların alqı-satqısına dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş akt təqdim edilməmişdir. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir (torpaq sahəsi dövlət mülkiyyətindədir). İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi bütövlüklə Böyükşor gölünün mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Böyükşor gölünün mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 221 nömrəli “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında" Qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. 6.5-ci maddəsinin əvvəlki redakiyasında deyilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hazırkı tələbləri qeyd olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Torpaq sahəsi hazırda iddiaçının sahibliyindədir və həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edir. Üçüncü şəxs Binəqədi rayonu X1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********84 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki, X1 xx.xx.2006-cı il tarixli, 157 nömrəli qərarının surətindən görünür ki, Binəqədi qəsəbəsi ərazisindən 1500 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Təqdim edilmiş sənədlərə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş torpaq sahəsinin eskizi, həmçini torpaq sahəsinin 6.000000 (altı milyon) manat dəyərinin ödənilməsi barədə kassa mədaxil qəbzinin surəti də əlavə edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2006-cı il tarixli, 2401 saylı qərarının surətindən görünür ki, vətəndaş X5 28 fevral 2006-cı il tarixli 157 saylı qərarla sahibkarlıq fəaliyyətinin tikintisi məqsədilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 1500 kv.m torpaq sahəsini vətəndaş İddiaçı adına verilməsini Binəqədi qəsəbə bələdiyyəsindən xahiş etmişdir. X1 ərazi hüdudlarında vətəndaş X3 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 kv.m torpaq sahəsinə sahiblik və istifadə hüquqları İddiaçı adına keçirilmişdir. Qeyd olunan torpaq sahəsinin Binəqədi rayonu qəsəbə bələdiyyəsi tərəfindən X3 adına tərtib və təsdiq edilmiş eskiz surətində “vət. İddiaçı adına 1500 kv.m keçib” qeydi aparılmışdır. -Torpaqların alqı-satqısına dair aktın notarial təsdiq olunmuş surətindən görünür ki, X1 ərazisində 1500 kv.m torpaq sahəsinin satılması müqabilində X5 tərəfindən bank hesabına əvvəlcədən 6.000.000 manat pul ödənilmişdir (qəbz 675819). Alqı-satqı aktında tarix qeyd olunmamışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 xx.xx.2006-cı il tarixli 2401 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir. -Cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 1500 kv.m torpaq sahəsinin qonşuluğunda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmiş, ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin müvafiq qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Bakı şəhəri Binəqədi rayonu X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilsin.
2. Bakı şəhəri Binəqədi rayonu X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarına əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisi ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşürmü?
3. Bakı şəhəri Binəqədi rayonu X1 28 dekabr 2006-cı il tarixli, 2401 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1500 kv.m torpaq sahəsi dövlət yoxsa bələdiyyə mülkiyyətinin torpağıdır? Əgər bələdiyyə mülkiyyəti torpağıdırsa, həmin sahə X1 ərazisinə düşürmü?
4. Göstərilən torpaq sahəsi Böyükşor gölünün mühafizə zolağına düşürmü? Əgər düşürsə nə qədər hissəsi düşür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/551 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Göstərilən torpaq sahəsi faktiki olaraq 1500,0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən 1500,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. 402581.1487, 402551.1506, 402548.3261, 402578.3116, 4478753.5514, 4478752.4045, 4478802.3247, 4478803.4708.
2. Təqdim edilmiş cizgidə dəqiq istinadlar, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir.
3. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır.
4. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli, 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor gölünün mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən görünən odur ki, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 157 nömrəli qərar ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Binəqədi qəsəbəsi ərazisindən 1500 kv.m torpaq sahəsi X4 alqısatqı yolu ilə satılmış, həmin torpaq sahəsinin eskizi tərtib və təsdiq edilmişdir. Sonradan X1 xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarına əsasən Teyyub Cavadovun razılığı nəzərə alınaraq ona ayrılmış 1500 kv.m torpaq sahəsi eyni məqsədlər üçün İddiaçı istifadəsinə verilmişdir. Hazırda iddiaçı bələdiyyənin xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarına istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 1500 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona müvafiq çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh imtina olaraq 4 əsas göstərmişdir: 1. Torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməməsi; 2. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması; 3. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsi; 4. Torpaq sahəsinin Böyükşor gölünün mühafizə zonasında yerləşməsi. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli Fərmanının 2-ci bəndinə görə həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixədək olan redaksiyası). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmənin qənaətinə görə işin araşdırılan halları onu deməyə əsas verir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Bu mənada ki, həmin maddənin dispozisiya şərtindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı X1 xx.xx.2006-ci il tarixli, 2401 nömrəli qərarını təqdim etsə də, ona həmin qərar ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə ilə ayrıldığını bildirdiyi torpaq sahəsinə dair Binəqədi qəsəbə bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləni təqdim etməmişdir. Eyni zamanda X1 məhkəmənin sorğusuna cavab olaraq verdiyi məktuba da iddiaçı ilə torpağın istifadəyə verilməsi barədə bağlanmış müqavilə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə (iddiaçıya torpaq sahəsi ayrılan dövrdə qüvvədə olmuş redaksiyası) əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, müvafiq qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqların istifadə hüququ ilə verilməsini həm bələdiyyənin qərarı, həm də tərəflər arasında bağlanmış müqavilə ilə şərtləndirmişdi. Hazırkı halda isə iddiaçı ilə Binəqədi qəsəbə bələdiyyəsi arasında bağlanmış müqavilənin təqdim edilməməsi iddiaçıya torpaq ayrılmasının qanunamüvafiq qaydada aparılmamasını deməyə əsas verir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri X1 2401 nömrəli, xx.xx.2006-ci il tarixli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadəyə verilmiş 1500 kv.m torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından və tərəflər (iddiaçı və Binəqədi qəsəbə bələdiyyəsi nəzərdə tutulur) arasında torpağın istifadəyə verilməsinə dair müqavilə təqdim edilmədiyindən, cavabdehin imtina əsası kimi istinad digər əsaslara ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olsa da, qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov