Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4630/2022 15.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 59 saylı bağ sahəsinə çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı rayon Komitəsi nəznində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin qərarı ilə 59 saylı bağ sahəsinin sahibi X4 vəfatı etdiyinə görə həmin bağ sahəsinin iddiaçıya verildiyi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının bağ sahəsi üzərində hüquqları yaranmışdır. Müvafiq olaraq qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuş, lakin cavabdeh iddiaçının hüquqlarının qeydiyyatından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X4 adı qeyd olunsa da, İddiaçı Velyəddin qızının adı aşkar olunmamışdır. Lakin, X4 adı digər bağ sahəsinə (58-60 saylı bağ sahəsinə) dair təqdim edilmiş sənədlərdə öz əksini tapmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi ona ayrılmış 59 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Velyəddin qızının adının qeyd olunmaması;
2. X4 adının digər bağ sahəsinə (58-60 saylı bağ sahəsinə) dair təqdim edilmiş sənədlərdə öz əksini tapmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: -9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. -10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də etirazının dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsası kimi göstərilmişdir ki, müvafiq bağ sahəsinə münasibətdə bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktubuna əsasən təqdim olunmuş “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Velyəddin qızının adı göstərilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının adı üzvlük siyahısında qeyd olunmasa da, üzvlük kitabçası iddiaçıya qanuni əsaslar ilə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil X6 İttifaqı Suraxanı rayon komitəsi nəznində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 18 noyabr 1998-ci il tarixli 08 №-li protokoldan çıxarışdan görünür ki, üzvlərin ümumi yığıncağında “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü 59 saylı bağ sahəsinin sahibi X4 vəfat etməsi ilə əlaqədar təsərrüfat sahibsiz qaldığından onun üzvlükdən azad edilməsi, Texniki iş Mərkəzinin müəllimi İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul olunması və ona 59 saylı kitabçanın verilməsi qərara alınmışdır. Sözügedən protokoldan çıxarış Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında aşkar olunmasa da, protokoldan çıxarışda qeyd olunan məlumatlar Azərbaycan Təhsil İşləri X1 rayon Komitəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda öz təsdiqini tapmışdır. Azərbaycan Təhsil İşləri X1 rayon Komitəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunun məzmununa, həmin məktuba əlavə olunmuş nizamnaməyə nəzər yetirdikdə görünür ki, Bakı şəhəri Orconikidzə rayonu xalq təhsili işçilərinin bağçılıq cəmiyyətinin Nizamnaməsinin 16-cı bəndinə əsasən X8 ona ayrılmış bağçılıq təsərrüfatından istifadə etmədiyindən, həmçinin 1998-ci ildə vəfat etdyindən, Nazim Ağayev üzvlükdən azad edilmiş və 59 saylı bağ sahəsinə münasibətdə İddiaçı üzvlük kitabçası verilmişdir. Göründüyü kimi həqiqətən də Orconikidzə rayonu xalq təhsili işçilərinin bağçılıq cəmiyyətinə ayrılmış torpaq sahələri üzvlər arasında bölünürkən 59 saylı bağ sahəsi X7 verilmiş, lakin sonradan onun vəfatı və bağçılıq təsərrüfatından istifadə etməməsi ilə əlaqədar X8 üzvlükdən azad edilmiş, bununla da 59 saylı bağ sahəsi həmin dövrdə yeni üzvlüyə qəbul edilmiş İddiaçı verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üzvlük siyahısında iddiaçının adı göstərilməsə də, bağ sahəsinin sonradan ona verilməsi ilə bağlı kifayət qədər mötəbər dəlillər mövcuddur. Doğurudur ki, qanunvericilik üzvlük kitabçasının və protokoldan çıxarışı məhz kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini şərtləndirmişdir. Lakin nəzərə alınmalıdır ki hazırki mübahisə üzrə bu yanaşma iddiaçının hüquqları yarandığı əmlak üzrə mülkiyyət hüquqlarının reallaşdırılmasını məhdudlaşdırır. Başqa sözlə desək bağ sahəsinin iddiaçıya verilməsi şübhə doğurmayan bir hal olduğundan və bu halı təsdiq edən kifayət qədər mötəbər sənədlər olduğundan, iddiaçının əmlak üzərində mülkiyyət hüquqlarının bu əsasa görə (Siyahıda adının olmaması) məhdudlaşdırılması formal xarakter daşıyır və heç bir hüquqi əsasa söykənmir. Belə ki, iddiaçının üzvlük siyahısında adının olmaması, onun şəxsi iradə ifadəsindən asılı olmayan və daşınmaz əmlakın ona qanuni əsaslarla ayrıldığını təkzib etməyən bir haldır. Məhkəmə diqqətə çatdırmak istəyir ki, 59 saylı torpaq sahəsinin ilkin olaraq X7 ayrılması məhz X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli qərarı ilə həyata keçirilmişdir. Belə ki, həmin qərara əsasən Orconikidzə rayonu xalq təhsili işçilərinin bağçılıq cəmiyyətinin 112 üzvü üçün torpaq sahəsi ayrılmış, həmin torpaq sahələrindən 59 saylı torpaq sahəsi 118 saylı məktəbin müəllimi X7 verilmişdir. Onun vəfatı ilə əlaqədar isə X8 1998-ci ildə üzvlükdən çıxarılmışdır. Məhkəmə tərəfindən X4 vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu verilmiş, sorğuya cavab məktubundan məlum olmuşdur ki, Ermənistan Respublikasında doğulmuş X8 20.09.2005-ci ildə vəfat etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, baxmayaraq ki 1998-ci ilə aid protokoldan çıxarışda X4 üzvlükdən xaric edilməsinin əsaslarından biri kimi onun vəfatı göstərilsə də, aparılmış araşdırma zamanı məlum olmuşdur ki adı çəkilən şəxs 20.09.2005-ci il tarixdə vəfat etmişdir. Göstərilən bu hal iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, birincisi X4 üzvlükdən xarici edilməsi barədə protokolu mübahisələndirilməmiş və hazırda qüvvədədir. İkinci isə X4 üzvlükdən xaric edilməsi və torpaq sahəsinin iddiaçıya verilməsinin digər əsası bağçılıq təsərrüfatından istifadə edilməməsidir. Bakı şəhəri Orconikidzə rayonu xalq təhsili işçilərinin bağçılıq cəmiyyətinin Nizamnaməsinin 16-cı bəndinin a) bölməsində qeyd olunmuşdur ki, iki il ərzində kənd təsərrüfatı məhsullarının bəcərilməsi üçün ayrılmış torpaq sahəsini mənimsəmədikdə, məcburi aqrar-texniki tədbirləri həyata keçirmədikdə, bağda ümumi işlərdə iştirak etmədən imtina etdikdə və ya yayındıqda, ümumi yığıncağın müəyyən etdiyi ödəmələri həyata keçirməkdən imtina etdikdə və nizamnamənin digər tələblərini mütəmadi qaydada pozduqda cəmiyyətin üzvü cəmiyyət üzvlüyündən çıxarıla bilər. Məhkəmə qeyd etmək istəyir ki, Suraxanı rayon komitəsi nəznində “Müəllim” bağçılıq təsərrüfatı üzvləri X4 üzvlükdən xaric edilməsinə qərar verdikdə təkcə onun ölümünə istinad etməmiş, ümumiyyətlə onun bağçılıq təsərrüfatından istifadə etməyinə istinad etmişdir. Beləliklə Məhkəmə hesab edir ki, hazırda X8 vəfat etdiyindən, həmçinin həmin dövrdə o, təsərrüfatanda istifadə etməməsi səbəbi ilə üzvlükdən çıxarıldığından, o cümlədən iddiaçı 1998-ci ildə üzvlüyə qəbul edilərək ona 59 saylı üzvlük kitabçası verildiyindən, cavabdehin iddiaçının siyahıda adının aşkar olunmaması səbəbi ilə imtinası əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Sonda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Təhsil İşçiləri X5 Suraxanı rayon Komitəsi tərəfindən daxil olmuş sorğuya cavab məktubunda 1987-ci ildə “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı Suraxanı rayon təhsil işçilərinə 117 nəfərə torpaq sahəsinin verildiyi qeyd olunsa da, Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş X3 İcraiyyə Komitəsinin 1987-ci il tarixdə Orconikidzə rayonu xalq təhsili işçilərinin bağçılıq cəmiyyətinin 112 üzvü üçün torpaq sahəsinin ayrıldığı göstərilmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, yaranmış bu ziddiyyətli məqamın araşdırılmasına zərurət yoxdur. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsi artıq vaxtı ilə üzv hesab edilmiş X7 ayrılmış torpaq sahəsi olmuş, lakin sonradan bağçılıq təsərrüfatından istifadə etməməsi və şəxsin vəfatı ilə əlaqədar həmin torpaq sahəsi iddiaçıya ayrılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, göstərilən bu hissədə araşdırmanın aparılmasına hər hansı zərurət yoxdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı Velyəddin qızına ayrılmış 59 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi İddiaçı Velyəddin qızına ayrılmış 59 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov