Məhkəmə qərarları › İş №2-1(112)-4631/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4631/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4631/2021 07.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna götürülməsi vəzifəsinin cavabehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun ehtiyatda olan hərbçi kimi mənzil növbəsinə götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.

2. Cavabdeh 610-2-068 nömrəli, 02.02.2021-ci il tarixli məktubla iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət illərinin 15 təqvim ili olmadığını əsas gətirərək iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 26.02.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması

4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 04 avqust 2004-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış. 2013-cü il tarixdə keçirdiyi yol-nəqliyyat hadisəsindən sonra xəsarət almış və 2014-cü il tarixdə Hərbi həkim komissiyasının qərarı əsasında “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı” kimi qeydiyyata alınmaqla ehtiyata buraxılmışdır. 27 İyul 2016-cı il tarixdən isə ona 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmayıb, mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər.

10. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. Bu iki şərtə birlikdə əməl olunduqda, şəxsin müvafiq hüququ yaranır. 11.İş materialları ilə İddiaçının birinci tələbi ödəməsi, yəni 15 təqvim ili xidmət etməsi sübut olunmur. Belə ki, işdə olan sənədlərdən (AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 19.03.2021-ci il tarixli, 452 nömrəli məktubundan) görünür ki, 1986-cı il təvəllüdlü istefada olan leytenant İddiaçı 26.07.2004-cü il tarixdən 25.06.2014-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “156” maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Qeydiyyata alınmaq üçün SHXÇDX-nın Xətai rayon idarəsinə göndərilmişdir.

12. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 10 ildən az xidmət keçmişdir.

13. Məhkəmə hesab edir ki, İddiaçı tələb olunan ilkin şərti ödənilmədiyindən ikinci şərtin mövcud olub-olmamasının müəyyən edilməsinə zərurət yoxdur.

14. İddiaçı tələbində Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə istinad edərək xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluçuların mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin olunduqlarını, habelə 5-ci bəndinə istinad edərək hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin növbədənkənar verildiyini bildirmişdir.

15. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı qeyd edir ki, Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində ümumi qayda olaraq kimlərin yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququnun olduğu təsbit edilmiş, 3-cü bəndində isə həmin hərbi qulluqçulardan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanların mənzillə və ya mənzil olmadıqda torpaq sahəsilə təmin olunmasının xüsusi qaydası, yəni onların ilk növbədə təmin edilmə qaydası müəyyən edilmişdir.

16. Bu qənaətə gəlməyə həmçinin Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci hissəsinin 8-ci bəndi əsas verir. Belə ki, həmin normaya əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.

17. İddiaçı həmçinin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə istinad etsə də, iş materiallarından onun hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyinin müəyyən edilməsi görünmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasənamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir».

18. İddiaçı tərəfindən təqdim edilmiş 02.04.2014-cü il tarixli 805 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, onun aldığı xəsarətin səbəbli əlaqəsi aşağıdakı kimi müəyyən edilmişdir: «Travmadır, hərbi xidmət dövründə alınmışdır». Göründüyü kimi, İddiaçı əlilliyinin müəyyən olunmasına səbəb olan xəsarəti hərbi xidmət vəzifələrini yerinə yetirərkən deyil, hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə almışdır. Buna görə də o, Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndində göstərilən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid edilə bilməz.

19. Beləliklə, hazırkı iş üzrə Qanunun hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, ona qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün tələb olunan ilkin şərt ödənilmədiyindən cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar