Məhkəmə qərarları › İş №2-1(112)-4631/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4631/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4631/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi, əmək pensiyasının yenidən hesablanması və s.” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli işin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən pensiyanın üzərinə 03.02.2015-ci il və 03.02.2021-ci ilin 6 ilin sosial sığorta kapitalı 72 aya bölünməklə indeksasiya faizləri ilə birgə hesablamaqla 03.02.2021-ci ilədək pensiyasını 2309,44 manat və 03.02.2015-ci il və 03.02.2021-ci illərin 6 ilin hesabına toplanmış 83933,89 manat sosial sığorta kapitalı ilə 90% nəzərə alınmaqla 72 aya bölməklə alınan 1049,17 manat 2309,44 manata əlavə etməklə 03.02.2021-ci ildən pensiyasını 3358,61 manatla ödənməsi haqqında qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 03.02.2009-cu ildən yaşa görə güzəştli şərtlərlə məhkəmə qərarın əsasında pensiyaya çıxıb. 31.05.2021-ci il tarixinədək 1962,77 manat pensiya alıb. Belə ki, pensiyası 761,29 manat olduğu halda 03.02.2009 və 03.02.2015ci ilin 6 ilin hesabında toplanmış sosial sığorta kapitalı və indeksasiya faizləri ilə pensiyası 1962,77 manat olubdur. 30.03.2021-ci il tarixdə ərizə ilə və əmək kitabçasının surəti ilə müraciət edib ki, ikinci 6 ili, yəni 03.02.2015-ci il və 03.02.2021-ci illərin hesabında toplanmış 83.933,29 manat sosial sığorta kapitalı 90%-lə nəzərə alınmaqla alınan 75540,5 manatı 72 aya bölərək alınan 1049,17 manatı pensiyanın üzərinə əlavə etsinlər. Ancaq Mərkəzi filial əksinə pensiyasını azaldaraq 1575 manata salıb. Onunla əsaslandırılıblar ki, 01.11.2017-ci il tarixdən hesablama səhv aparılıb. 2017-ci ildən 2021-ci ilə qədər ona 1962,77 manat ödənib. Cavabdeh qurum ona bildiribdir ki, hesabında yığılan 45874 manat sosial sığorta kapitalı 130 aya bölünməklə əmək pensiyasının üzərinə hesablanıbdır. Həmin məbləğ 72 aya bölünməklə alınan 637,14 manat onun pensiyasına əlavə olunmalı idi (761,29+637,14=1398,43 manat). İndeksasiya faizləri ilə pensiyası 2309,44 manat təşkil etməli idi. 03.02.2015 və 03.02.2021-ci illərin 6 ilinin hesabına toplanmış 83933,89 manat sosial sığorta kapitalının 90%-i nəzərə alınaraq 75540,50 manat 72 aya bölərək alınan 1049 manat pensiyasına əlavə olunmaqla hesablanmalı və pensiyası 2309,44+1049,17=3358,61 manat olmalıdır.

3. İddiaçının pensiyanın yenidən hesablanmasına dair müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Fondun Xəzər rayon şöbəsi tərəfindən ona 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 30 mart 2021-ci il tarixli ərizəsinə əsasən aparılmış araşdırmalar zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən 01.11.2017-ci il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 il 6 ay - 58 il 8 ay = 58 ay +144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) əmək pensiyasının (761,29 manat) üzərinə əlavə edilərək (761,29+352,88=1114,17 manat (indeksləşdirilərək hazırda 1575,61 manat)) ona ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 45111,60 manat sığorta kapitalı 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə (761,29+626,55=1387,84 manat (indeksləşdirilərək 31.05.2021-ci il tarixinədək 1962,77 manat)) sizə ödənilmişdir. Qeyd olunanlara əsasən 01.11.2017-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Qeyd olunanları nəzərə alaraq pensiyanızın növbəti- dəfə yenidən hesablanması məsələsinə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinizdə yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxılacaqdır. Göründüyü kimi, əmək pensiyanızın 01.11.2017-ci il tarixindən yenidən hesablanmasından 6 il müddəti başa çatmayıb. Məlumat üçün bildiririk ki, əmək pensiyanızın məbləği 01.06.2021-ci il tarixindən etibarən 1575,61 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür.

4. Əmək pensiyasının yenidən hesablanması haqqında 04.06.2021-ci il tarixli qərara əsasən iddiaçının həmin tarixə olan pensiya məbləği 1962,77 manat təşkil edir, əmək pensiyası yenidən hesablanaraq 1575,61 manat müəyyən edilmişdir.

5. Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında 27.01.2022-ci il tarixli **********3 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, 01.11.2017-31.05.2021ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 13702,90 manat məbləğində artıq ödənilmiş məbləğin geri ödənilməsi zərurəti ortaya çıxmışdır. Bununla əlaqədar, xx.xx.1959-cu il tarixində anadan olmuş, Quba rayonu, Rustov kəndində yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 01.11.2017-31.05.2021-ci il tarixləri arasındakı dövr ərzində 13702,90 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində X4 Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır.

6. Pensiya altsistemindən çıxarışa əsasən, iddiaçının pensiyasından 14.02.2022-ci il tarixdə 162,92 manat tutulma aparılmışdır.

7. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 18.02.2022-ci il tarixli qərardadı ilə əsassız ödənmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 27.01.2022-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsi, yaşa görə pensiya təyin oldunduqdan sonrakı dövr üzrə (03.02.2015-ci ildən sonra) 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının əvvəlki qaydada yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.

8. İddiaçının ərizəsi əsasında iddia tələbi məhkəmənin 20.05.2022-ci il tarixli qərardadı ilə əsassız ödənmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 27.01.2022-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsi, yaşa görə pensiya təyin oldunduqdan sonrakı dövr üzrə (03.02.2015-ci ildən sonra) 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək iddiaya etiraz etdi.

II. İddia tələbləri

11. İddia tələbi iki hissədən ibarətdir: -əsassız ödənmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 27.01.2022-ci il tarixli qərarın ləğv edilməsi, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutmanın qanunsuz hesab edilməsi; - yaşa görə pensiya təyin oldunduqdan sonrakı dövr üzrə (03.02.2015-ci ildən sonra) 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması.

III. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmənin mövqeyi

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

14. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.

15. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

16. Məhkəmə hesab edir ki, müvafiq əsaslar olduqda pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında vurulmuş zərərin əvəzi hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti qaydasında tələb oluna bilər.

17. X5 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; 15.09.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur.

IV. Tələbin birinci hissəsi üzrə qeyd edilənlərin hazırki işə tətbiqi

18. Məhkəmə qeyd edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir.

19. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur.

20. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, cavabdeh tərəfindən əmək pensiyaçısının razılığı olmadan birtərəfli qaydada artıq ödənilmiş əmək pensiyasının tutulmasını təmin edən qərar qəbul edərək onu qismən icra etmişdir. Mübahisələndirilən qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan hər bir halda ləğv edilməlidir. Qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırdığından həmin qərar əsasında pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir.

21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin əsassız ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 27.01.2022-ci il tarixli qərarı ləğv edilməli, həmin qərar əsasında əmək pensiyasından tutma qanunsuz hesab edilərək iddiaçıya geri qaytarılmalıdır.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

V. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmənin mövqeyi

23. Əmək pensiyaları haqqında Qanundan: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

24. Məhkəmə qeyd edir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarılmışdır, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “,yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Həmin qanunla 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

25. Beləliklə, məhkəmə qeyd edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləyən əmək pensiyaçısının əmək pensiyasının yenidən hesablanması hüququ qanunun qüvvəyə mindiyi 01.07.2017-ci il tarixdən sonra yaranmışdır. Həmin tarixə qədər iddiaçının qeyd etdiyi kimi əmək pensiyası qeyd edilən əsasla yenidən hesablanmamışdır. İddiaçının əmək pensiyası 01.11.2017-ci il tarixdə (işdən çıxmağı ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun) yenidən hesablanmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında 04.06.2021-ci il tarixli qərara əsasən isə iddiaçının həmin tarixə olan pensiya məbləğində yol verilmiş hesablama səhvi aradan qaldırılaraq əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş mətninə əsasən (hesablama zamanı qüvvədə olan) yenidən hesablanmış, yenidən hesablama nəticəsində əmək pensiyası 1575,61 manat müəyyən edilmişdir.

26. Məhkəmənin qeyd edilən qənaəti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: ... Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir... ...Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür...

27. Məhkəmə hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləyən əmək pensiyaçısının əmək pensiyasının yenidən hesablanması hüququ qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, iddiaçının əmək pensiyası qeyd edilən qanunda nəzərdə tutulan digər alternativ əsasla (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar) yenidən hesablandığından Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.

28. İddiaçının əmək pensiyasının yenidən hesablandığı 01.11.2017-ci il tarixdən sonra 6 il və daha çox vaxt keçməmişdir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında 27.01.2022-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilsin, həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutma qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar