Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4632/2020 22.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına) qarşı “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğunun göndərilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016 tarixli, 86 №-li AR Nazirlər Kabinetinin qərarının ləğv edilməsinə baxmayaraq, xx.xx.2018 tarixədək tikintiyə icazə icraatı başlanmış və layihələndirilməsi barədə sərəncam qəbul edilmiş layihələrə münasibətdə yerli icra hakimiyyəti orqanlarına verilmiş mənzilləri söküləcək sakinlərin müvəqqəti olaraq kirayəyə köçürülməsi tapşırığının AR Konstitusiyasının 29-cu, 71-ci, 72-ci və 79-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması barədə, AR Konstitusiyasının 130-cu maddəsinin Vİİİ hissəsində təsbit edilmiş səlahiyyətlərinə uyğun olaraq, AR Konstitusiya Məhkəməsinə müvafiq sorğu göndərilməsi və cavabla iddiaçının məlumatlandırılması öhdəliyini cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsmanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iş üzrə xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında mümkünlük məsələsinin araşdırılacağını bildirmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Omudsmana) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.3-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Ombudsman tərəfindən Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsinə sorğu ilə müraciət vermək xahiş etmiş, müraciət Ombudsmanın aparatı tərəfindən öyrənilmiş, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət vermək məqsədəuyğun hesab edilməmiş və ona xx.xx.2019-cu il tarixli 4/22888-19 nömrəli məktubla ətraflı cavab verilmişdir. Cavabda həmçinin ərizəçinin nəzərinə çatdırılmışdır ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, hər kəs hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cü maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi, ərizəçinin Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatına daxil olmuş müraciətinə baxılmış, qanunvericiliyin tələbinə uyğun olaraq münasibət bildirilməklə ona cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (İnzibati orqanları Təsnifatı”nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun aparatı həmin Təsnifata inzibati orqan kimi daxil edilməmişdir. Bu baxımdan, Müvəkkilin cavabdeh tərəf kimi məhkəməyə cəlb edilməsi yolverilməzdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə bildirişlərindən savayi, AZEMİS elektron sistem vasitəsi ilə iddiaçının 55-215-90-01 əlaqə nömrəsinə SMS bildiriş göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə Məhkəməyə ərizə ünvanlayaraq, karantin rejimi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirakının mümkünsüz olduğunu, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasınnı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 19 dekabr tarixli, 482 saylı Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı Qərarı ləğv edilmiş və bu səbəbdən də tərəflərindən Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsinə müraciət olunması istisna edilir. - Azərbaycan Respublikasınnı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının “xxxxxxxxx” MMC ilə arasında yaranmış mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu edilməsi haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı müraciətinə cavab olaraq bildirilmişdir ki, Ombudsmanın Aparatına daxil olmuş eyni məzmunlu ərizəsinə 4/22888-19 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verilərək, qanunvericiliyin tələbləri iddiaçıya izah edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” MMC ilə arasında yaranmış mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu edilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının üzərinə qoyulmasını tələb edir. İlk öncə Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Bunun üçün Məhkəmə ilkin olaraq, cavabdeh qismində çıxış edən Azərbaycan Respublikasınnı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hansı hüquq və vəzifələrə malik olduğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanunun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan sonra «müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir. Həmin Qanunun 5.1-ci və 5.2-ci bəndlərinə əsasən, Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:dəyişilməzliyi;toxunulmazlığı;hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;maddi və sosial təminatlar. Həmin Qanunun 6.1-ci, 6.2-ci və 6.3-cü maddələrinə əsasən, Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər. Həmin Qanunun 13.2.8-ci maddəsinə əsasən, Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin Vİİ-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin İİİ hissəsinin 1— 7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Şərh olunan maddənin normalarından göründüyü kimi, əgər qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarında, həmçinin, bələdiyyə və məhkəmə aktlarında insan hüquq və azadlıqlarını pozan hallar aşkar olunarsa, bu məsələnin həlli ilə bağlı müvəkkil, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu etmək səlahiyyətinə malikdir. Sorğunun göndərilməsi ilə yalnız insan hüquqlarının pozulması halı aşkar olunduqda həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Müvəkillin hərəkətlərindən şikayət verilməsi və ya üzərinə hər hansı bir öhdəlik qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı) müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.Ombudsmanın müstəqilliyinin təminatı kimi isə onun toxunulmazlığı çıxış edir. Qanunvericiliyin tələblərinə görə isə, Ombudsman səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmanı) qarşı iddia tələbi irəli sürmək hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası baş prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvəkkilin toxunulmazlığına xitam verildiyi təqdirdə (cinayət başında yaxalanma halı istisna olmaqla), ona qarşı iddia ilə müraciət etmək mümkündur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Məhkəmə izah edir ki, qüvvədə olan qanunvericiliyin və ya normativ hüquqi aktının normalarında iddiaçının hüquqlarının pozulduğu hal aşkar olunarsa, iddiaçı “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsinin tələblərini rəhbər tutaraq, şikayət ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia-inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırki iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili Ombudsmanına qarşı “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğunun göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına) qarşı “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğunun göndərilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4632/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4632/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver