Məhkəmə qərarları › İş №2-1(112)-4633/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4633/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4633/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh Ağəli qızı cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh Ağəli qızı olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağəli qızının iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçı şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Belə ki, xx.xx.2005-ci il tarixdə buna dair müvafiq olaraq seriya 233731 qeydiyyat nömrəsi ilə qeyd edilərək çıxarış verilmişdir. Ona məxsus mənzildə keçmiş sakin Cavabdeh qeydiyyatda olmasına baxmayaraq xx.xx.2005ci il tarixdən həmin ünvanda yaşamır. Hətta Cavabdeh ona məxsus evdən qeydiyyatdan çıxarılmasına dair notarial qaydada ərizəsi olmasına baxmayaq cavabdeh üçüncü şəxsi qeydiyyatdan çıxartmaqdan imtina edir. Hal-hazırda Cavabdeh uzun müddətdir Almaniyada yaşayır və oranın vətəndaşlığını almaq üzrədir. İddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmağı barədə üzərinə Cavabdeh öhdəlik götürsədə də, cavabdeh həmin öhdəliyi icra etməkdən imtina edir. Ona məxsus olan mənzildə 3-cü şəxslərin qeydiyyatda qalmağı, sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam olaraq həyata keçirilməsinə mane olur. İddiaçıya məxsus daşınmaz əmlak üzərində əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyündən iddiaçı olaraq tələbi əsasında yüklülükdən qanunvericiliyin tələbinə uyğun olaraq azad edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, -İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 233731 saylı Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 11 ünvanında yerləşən 188 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi ilə qeydiyyatdan keçmişdir və bu barədə 1209 saylı reyestr kitabının 181669-cu vərəqində 30/9688 saylı nömrə ilə 12 may 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh Ağəli qızının notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasına razılıq vermişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 059-3946H-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Cavabdeh Ağəli qızınun ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə həmçinin Cavabdeh Ağəli qızının (AZE seriyalı ******** saylı, xx.xx.1998-ci il tarixli) 2015-2021-ci illər ərzində Azərbaycan Respublikasının sərhədlərindən giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məkhəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli, 33/1017 saylı məktubdan görünür ki, Cavabdeh Ağəli qızının 2015-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2017 tarixində giriş, xx.xx.2017 tarixində çıxışı olmuşdur. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 11 ünvanında yerləşən 188 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs Cavabdeh Ağəli qızı iddiaçıya məxsus mənzilin keçmiş sakini olmuşdur. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamamasını, qeydiyyatının formal olması ilə əsaslandırır. Həmçinin iş materiallarından müəyyən edilir ki, Cavabdeh Ağəli qızı ünvan 2 ünvanından könüllü olaraq razıdır və bu barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh Ağəli qızı iddiaçıya məxsus ünvan 2 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanından Cavabdeh Ağəli qızının qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar