Məhkəmə qərarları › İş №2-1(112)-4635/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4635/2021

07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4635/2021 07.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilən son haqqhesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin Cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin Baş hüquqşünası könüllü işdən azad olunma ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 iyun 2020-ci il tarixli, **********634300 nömrəli əmri ilə 01 iyul 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə Maliyyə baş idarəsinə onunla son haqq-hesabın aparılmasının təmin olunması tapşırılmış və son haqq-hesab ona 06.08.2020-ci il tarixdə ödənilmişdir. Lakin ödənilmiş son haqq-hesab əmək qanunvericiliyinin tələbləri pozulmaqla hesablanmışdır. Belə ki, son-haqq hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşı nəzərə alınmış, lakin hər ay əmək haqqına ödənilmiş həvəsləndirici xarakter daşıyan daimi əlavələr ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, hər ay əvvəlki ayın nəticələrinə görə kollektiv mükafatlandırma şəklində müvafiq əmr qəbul edilirdi və cavabdeh tərəfindən bütün əməkdaşlara təxminən vəzifə maaşının 2,5 mislində əlavələr ödənilirdi. Qeyd olunan əlavələr isə artıq uzun müddət sistematik şəkildə hər ay üçün heç bir səbəddən asılı olmayaraq daimi olaraq ödənilirdi. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə son haqq-hesabın və yaxud istifadə edilməmiş məzuniyyət günlərin hesablanması ilə bağlı hər hansı norma nəzərdə tutulmadığı üçün bu məsələnin həllində Əmək Məcəlləsinin normaları əsas götürülməlidir. Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin” Siyahısında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar və kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (zərərli əmək şəraitində, gecə vaxtı, çoxnövbəli rejimli işə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada, qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir. Göründüyü kimi, vəzifə maaşına ödənilən kollektiv mükafatlandırma şəklində həvəsləndirici xarakter daşıyan əlavələrin orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməsini əmək qanunvericiliyi birbaşa təsbit etmişdir. Məhz bu səbəbdən o, onun son-haqq hesabının hesablanması qaydası barədə məlumat əldə etmək üçün cavabdehə 13 avqust 2020-ci il tarixli məktubla müraciət etmişdir, sonuncu isə təqdim etdiyi 9 sentyabr 2020-ci il tarixli **********723700 nömrəli cavab məktubunda qeyd olunan normalara istinad etməklə son haqq-hesabın hesablanması zamanı vergi əməkdaşlarına kollektiv mükafatlandırma şəklində əmək haqqlarına ödənilən əlavələrin nəzərə alınmalı olduğunu etiraf etmiş, lakin eyni zamanda sözügedən Əsasnamənin 12-ci maddəsinə əsaslanaraq dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğunu göstərmişdir. Halbuki, qeyd olunan Əsasnamənin 12-ci maddəsinin ona hesablanan son haqq-hesaba heç bir aidiyyəti yoxdur. Həmin normada il ərzində hər bir dövlət qulluqçunun mükafatlandırılması üçün maksimal vəsaitin həddi müəyyən edilmişdir ki, onun məsələsi isə mükafatın verilməsi ilə bağlı deyil, son haqq-hesabın düzgün hesablanaraq ödənilməsi ilə bağlıdır. Son haqqhesabın ödənilməsi ilə bağlı dövlət büdcəsində isə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda, cavabdeh orqan cavab məktubunda vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə istinad edərək büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydaların 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Onun vəzifə maaşına əlavələr isə kollektiv mükafatlandırma şəklində verildiyindən və daimi xarakter daşıdığından qeyd olunan Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin" Siyahısında orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməlidir. Belə olan halda isə Nazirlər Kabinetin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı üstün hüquqi qüvvəyə malik olduğu və “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın ümumiyyətlə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədiyi (normativ hüquqi akt statusuna malik olmadığı) üçün Nazirlər Kabinetin sözügedən qərarının tələbləri rəhbər tutulmaqla ona ödənilən son haqq-hesab zamanı vəzifə maaşına verilən əlavələr də nəzərə alınmalı idi. Bundan başqa, cavabdehə onun son haqq-hesabının yenidən hesablanaraq fərqinin ona ödənilməsinə dair pretenziya qaydasında 30 noyabr 2020-ci il tarixli məktubla müraciət etsə də, sonuncu bundan əvvəlki məktubla cavab verildiyini əsas gətirməklə müraciətinə ətraflı və əsaslandırılmış şəkildə cavab verməkdən imtina etmişdir. Halbuki, əvvəlki məktubda ona ödənilən son haqq-hesabı hesablanması qaydası və ödənilən məbləğlər barədə yalnız məlumat verməyini, sonuncu pretenziya qaydasında son haqq-hesabının yenidən hesablanaraq fərqinin ödənilməsi barədə məktubla isə ona qanuni əsaslarla ödənilməli olan məbləğin verilməsini xahiş etmişdir. Eyni zamanda, bununla bağlı qanunvericiliyin düzgün tətbiq edilməsi məsələsinə müvafiq rəyin alınması məqsədi ilə əmək qanunvericiliyi sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 17 dekabr 2020-ci il tarixli sorğu ilə müraciət etmiş, sonuncu isə təqdim etdiyi cavab məktubunda Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq dövlət qulluqçularının hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normaların onlara tətbiq edildiyini qeyd etmişdir. Başqa sözlə desək, Azərbaycan Respublikası ƏƏSMN-nin X6 Xidmətinin məktubundan da aydın olur ki, son haqq-hesabın hesablanması əgər “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamədə nəzərdə tutulmayıbsa həmin məsələyə Əmək Məcəlləsində nəzərdə tutulmuş normalar tətbiq edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı Şərifov X1 Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin Məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası vəzifəsində çalışmış və öz ərizəsi əsasında qəbul edilmiş “İşdən azad edilmə haqqında” 30.06.2020-ci il tarixli **********634300 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 01.07.2020-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sabiq əməkdaş İddiaçı istifadə etmədiyi 43 (qırx üç) əmək məzuniyyəti günləri nəzərə alınmaqla 1.994,34 manat kompensasiya hesablanmış, həmin məbləğdən vergilər çıxıldıqdan sonra 1.624,49 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ona ödənilmiş son haqq-hesabın hesablanması zamanı hər ay əmək haqqına ödənilmiş əlavələr nəzərə alınmadığından əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. İddiaçı Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə” 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə istinad edərək vəzifə maaşına ödənilən əlavələrin kollektiv mükafatlandırma şəklində həvəsləndirici xarakter daşıdığını bildirərək bu məbləğin orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilməli olduğunu iddia etmişdir. İddiaçının qeyd olunan dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydalarının 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Sözügedən Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktla “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya son-haqq hesabın hesablanması zamanı əmək haqqına verilən əlavələrin nəzərə alınmaması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan əlavə iddiaçı ərizəsində cavabdehə 13.08.2020-ci il tarixli məktubla müraciət etdiyini və müraciətinə cavab olaraq təqdim edilmiş 09.09.2020-ci il tarixli məktubda guya cavabdeh vergi orqanının son haqq-hesabın hesablanması zamanı əlavənin nəzərə alınmalı olduğunu etiraf etdiyini qeyd etmişdir. Adı çəkilən 09.09.2020-ci il tarixli cavab məktubunun məzmunundan cavabdeh vergi orqanının belə bir etiraf etməsi görünmür. Əksinə qeyd olunan məktubda iddiaçıya son haqq-hesabın hesablanması zamanı əlavənin hansı əsaslara görə nəzərə alınmadığı izah edilmişdir. Lakin iddiaçı məktubun mahiyyətini düzgün anlamamış, eyni zamanda ərizəsində həqiqəti əks etdirməyən ifadələrə yol verməklə məhkəməni yanlış istiqamətə yönəltməyə çalışmışdır. Bunlarla yanaşı, artıq bundan əvvəl sabiq vergi orqanı əməkdaşı X2 analoji iddia tələbi məhkəməyə müraciət etmiş və iş bütün instansiyaları keçməklə yekunlaşmışdır. Belə ki, İddiaçı ərizəsində irəli sürdüyü dəlillər və istinad etdyi normativ hüquqi aktlar H.Mustafayevin iddia ərizəsindəkilərlə eynilik təşkil etmişdir. Lakin məhkəmələr tərəfindən iddiaçının dəlilləri əsassız hesab edilərək iddia tələbi rədd edilmişdir. Sözügedən işə baxmış Ali Məhkəmənin İnzibati Kollegiyası 02.03.2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə Vergilər Nazirliyinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nda əmək haqqında əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. İstinad edilən qaydaların tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Qeyd olunan normanın məntiqi ondan ibarətdir ki, işdən azad edilmiş işçilərə istifadə olunmamış məzuniyyətə görə hesablanmış son haqq-hesab büdcə vəsaiti hesabına ödənildiyi halda, işçilərin hər ay vəzifə maaşına ödənilən əlavələr isə vergi orqanlarının büdcədənkənar vəsaiti hesabına ödənilir. Başqa sözlə desək vəzifə maaşına ödənilən əlavələr dövlət büdcəsi vəsaiti hesabına ödənilməyindən məhz istifadə olunmamış məzuniyyətə görə orta aylıq əmək haqqının hesablanması məqsədləri üçün dövlət büdcəsindən vəsait ayrılarkən, bu vəsaitin tərkibində vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmır. İddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm qanunvericiliyin tələblərinə, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğun olmadığından iddia tələbi tamamilə əsaşsızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 09.09.2020-ci il tarixli **********723700 saylı məktubda qeyd olunur: Son haqq hesabın hesablanması, hesablama zamanı nəzərə alınan və nəzərə alınmayan ödənişlər barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” 30.06.2020-ci il tarixli **********634300 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə’’nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixindən xitam verilərək tutduğunuz vəzifədən azad edilmisiniz və əmrin tələblərinə uyğun olaraq, Sizinlə son haqq-hesab aparılmışdır. 1-ci sual üzrə: Son 2 (iki) il müddətində hesablanan və ödənilən aylıq əmək haqqı və ona əlavələr barədə arayış cədvəl formasında məktuba qoşma kimi əlavə olunaraq Sizə təqdim edilir. 2-ci sual üzrə: Məlum olduğu kimi, Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi (son haqq hesab) ödənilərkən də tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Qərar"a əsasən, faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı, müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əlavələr (qulluq stajına, xidmət illərinə, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.), eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar son haqq-hesabın hesablanması zamanı nəzərə alınır. Həmin Əsasnamənin 12-ci maddəsinə əsasən, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. 3-cü sual üzrə: Azərbaycan Respublikası Vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablaması zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 24.12.2020-ci il tarixli məktubda qeyd olunur: Son haqq-hesabın yenidən hesablanması bərədə 30 noyabr 2020-ci il tarixli təkrar müraciətinizə Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, bundan əvvəl Dövlət Vergi Xidmətinə daxil olmuş eyni məzmunlu müraciətiniz araşdırılmış və 9 sentyabr 2020-ci il tarixli **********723700 nömrəli məktubu ilə Sizə ətraflı məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 13.01.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsində bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətləri nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçulamn əmək, sosial və iqtisadı hüquqları bütünlüklə əhatə olunmayıbsa bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29.03.2021-ci il tarixli məktubda qeyd olunur: İddiaçı işdən azad olunma barədə əmrin surətinin, həmçinin son haqq-hesabın hesablanması barədə sənədlərin surətinin təqdim edilməsi barədə məktubunuza Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İşdən azad edilmə haqqında” 30.06.2020-ci il tarixli **********634300 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən sabiq vergi orqanı əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən sabiq əməkdaş İddiaçı istifadə etmədiyi 43 (qırx üç) əmək məzuniyyəti günlərinə görə 1994,34 manat kompensasiya hesablanmış məbləğdən vergilər çıxıldıqdan sonra 1624,49 (bir min altı yüz iyirmi dörd manat 49 qəpik) manat məbləğində vəsait ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə haqqında” 30.06.2020-ci il **********634300 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1-ci dərəcəli müfəttiş - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüququşünası ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Əsas: İddiaçı 22.06.2020-ci il tarixli ərizəsi. İş materiallarında olan Dövlət Vergi Xidməti 2020-ci ilin avqust ayında ödənilən son haqq-hesab cədvəlindən çıxarışdan görünür ki, İddiaçı 2020-ci ilin avqust ayında 1.624,49 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası»nın: 3.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir: 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə. Azərbaycan Respublikası vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” (bundan sonra - Qaydası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir; 1.2-ci bəndinə əsasən Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) vergi orqanları işçilərinin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır; 2.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilə bilər; 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə haqqında” 30.06.2020-ci il **********634300 saylı əmrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Hüquq baş idarəsinin məhkəmə işlərinin təşkili idarəsinin cavabdeh qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüququşünası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir, əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır, ona istifadə etmədiyi məzuniyyəti günlərinə görə 1624,49 manat məbləğində son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı ona son-haqq hesabın hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşının nəzərə alındığını, lakin hər ay əmək haqqına ödənilmiş əlavələrin nəzərə alınmadığını bildirir və ona ödənilən son haqq-hesabın vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vergilər nazirinin 04.12.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya son haqqhesab ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələri qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq nəzərə almamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar