Məhkəmə qərarları › İş №2-1(112)-4635/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4635/2022

23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4635/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə mək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ildən etibarən, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 01 avqust 1980-cı ildən etibarən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. İddiaçının hərbi xidməti də hesaba alınmaqla 43 ilə yaxın əmək stajı vardır. İddiaçı iş stajının xx.xx.1991-ci ildən xx.xx.2015-ci il tarixədək olan hissəsini "xxxx" ASC-nin texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. Həmin vəzifə Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinə əsasən “Dağ-mədən işləri” (2010100b-25047) kateqoriyasına aiddir. Bu, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 03 saylı arayışda da öz əksini tapmışdır. İddiaçının güzəştli şərtlərlə əmək stajı 15 il 10 ay 22 gündür. İddiaçı cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının həm ümumi 15 il 10 ay 22 gün olan zərərli əmək stajı, həm də xx.xx.2015-ci il tarixdən 57 yaşının tamam olması pensiya təyinatına imkan verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.1991-ci il tarixdən xx.xx.2015-cu il tarixədək "xxxx" ASC-nin texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində işlədiyini və həmin işin Nazirlər Kabinetinin 1993-cü ilin 21 iyun tarixli 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinə ağır iş hesab olunduğundan xx.xx.2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğunu göstərmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışında qeyd etdiyi vəzifə və sahənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün uyğun olmadığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.2015-ci ildə iddiaçının 57 yaşı tamam olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi qeyd olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 03 nömrəli güzəştli arayışında iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-də işlədiyi və güzəştli sığorta stajının 15 il 10 ay 22 gün təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2015-ci il tarixdə çatmışdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə və vəzifə Nazirlər Kabinetinin 1993-cü ilin 21 iyun tarixli, 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinə və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 03 nömrəli arayışında göstərilən bölməyə uyğun gəlmədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 avqust 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23 yanvar 2007-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahı”sının dağ-mədən işləri bölməsində (İ) 2010100b—25047 kodu üzrə texniki rəhbərlər, onların müavinləri (köməkçiləri) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz “Qaradağ" ASC-nin Sizə dair arayışında xx.xx.1991-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə və vəzifə yuxarıda qeyd olunan vəzifə və sahəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək yoxdur. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 03 saylı arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşir. Cəmiyyətin əsas fəaliyyəti açıq üsulla əhəng daşı hasilatından ibarətdir. Cəmiyyətin işçisi olmuş İddiaçı xx.xx.1991-ci il tarixdən (Əmr № 51/K, xx.xx.1991) xx.xx.2015-ci il tarixədək texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən (Əmr № 13/K, xx.xx.2015) öz xahişi ilə işdən azad edilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarının 2 nömrəli əlavəsinə əsasən “Dağ-mədən işləri” (2010100b-25047) texniki rəhbərlər bəndinə əsasən texniki-nəzarət şöbəsinin rəisi vəzifəsi güzəştli şərtlərlə pensiyaya gedir. Azərbaycan Respublikası Tikinti Materialları İstehsalı və Satışı Konserninin xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmrinə əsasən Qaradağ Tikinti Materialları Kombinatı “Mərifət Nəzərov adına” Tikinti Materialları Kombinatı adlandınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli, D-3176 nömrəli dövlət qeydiyyatına alınmış şəhadətnaməyə əsasən “Mərifət Nəzərov adına” Tikinti Materialları Kombinatı "xxxx" X6 Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli, 0102-01-72 nömrəli dövlət qeydiyyatına alınmış şəhadətnaməyə əsasən "xxxx" X6 Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Güzəştli stajın müddəti 15 il 10 ay 22 gündür. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, 077368 nömrəli əmək kitabçasının tərcümə edilmiş və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1976cı ildən xx.xx.1979-cu ilədək Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildə Azərİttifaqın Kirovabad avtobazasının Qazax avtokalonuna 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1982-ci ildə Geofizin VNİİ cənub şöbəsi 14.1 dəstəyə texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü ildə İstehsalat-texniki xidmət və komplektasiya idarəsi “Xəzərneft qaz sənayesi” HİB 1 nömrəli bazaya sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Xüsusiləşdirilmiş mexanizasiya idarəsi №8 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Azneftkimyazavodtəmir tresti №3 TQİ 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə SSRİ MBB “Soyuzruda” HİB bentonit çıxarılması üzrə Daşsalahlı Rİ dağ avadanlıqlarının təmiri üzrə çilingər kimi əlavə hazırlıqla bentonit çıxarılması üzrə karxanaya köməkçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə dağ avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə avtomobil dəstəsinə “Belaz” sürücüsü keçirilmiş, xx.xx.1989cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR TMSN Qarabağ tikinti materialları kombinatına 3-cü dərəcəli yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə mühəndis markşeyder vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə Vulkan tikinti materialları kombinatına keçirilməklə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Azərbaycan SSR TMSN Qaradağ TMK TNŞ rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Tikinti materialları istehsalı və satışı üzrə Konserninin xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmrinə əsasən Qaradağ Tikinti Materialları Kombinatı “Mərifət Nəzərov” adına Tikinti Materialları Kombinatı adlandırılmışdır, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli, D-3176 nömrəli dövlət qeydiyyatına alınmış şəhadətnaməyə əsasən “Mərifət Nəzərov adına” Tikinti Materialları Kombinatı "xxxx" X6 Cəmiyyəti adlandırılmışdır, xx.xx.2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli, 0102-01-72 nömrəli dövlət qeydiyyatına alınmış şəhadətnaməyə əsasən "xxxx" X6 Cəmiyyəti "xxxx" Səhmdar Cəmiyyəti adlandırılmışdır, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2015-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə qəbul olunmuş və hal-hazırda işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilədək həqiqi hərbi xidmət keçmiş, xx.xx.1980-ci ildə Azərİttifaqın Kirovabad avtobazasının Qazax avtokalonuna 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1982-ci ildə Geofizin VNİİ cənub şöbəsi 14.1 dəstəyə texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü ildə İstehsalat-texniki xidmət və komplektasiya idarəsi “Xəzərneft qaz sənayesi” HİB 1 nömrəli bazaya sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Xüsusiləşdirilmiş mexanizasiya idarəsi №8 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1984-cü ildə Azneftkimyazavodtəmir tresti №3 TQİ 4-cü dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə SSRİ MBB “Soyuzruda” HİB bentonit çıxarılması üzrə Daşsalahlı Rİ dağ avadanlıqlarının təmiri üzrə çilingər kimi əlavə hazırlıqla bentonit çıxarılması üzrə karxanaya köməkçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə dağ avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə avtomobil dəstəsinə “Belaz” sürücüsü keçirilmiş, xx.xx.1989cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR TMSN Qarabağ tikinti materialları kombinatına 3-cü dərəcəli yükləyici vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə mühəndis markşeyder vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə Vulkan tikinti materialları kombinatına keçirilməklə işdən azad edilmiş, xx.xx.1991-ci ildə Azərbaycan SSR TMSN Qaradağ TMK TNŞ rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 26 il 7 ay 10 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" ASC-də texnikinəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir (xx.xx.2006-cı ilədək cəmi 14 il 10 ay 01 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: İ Bölmə - Dağ-mədən işləri, Bənd 1) Açıqda dağmədən işləri və yer səthində işlər, yarımbənd b) rəhbərlər və mütəxəssislər, kod 2010100b—25047 - texniki rəhbərlər, onların müavinləri (köməkçiləri). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifə qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 10 ay 01 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifənin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əmək pensiyasının ilkin müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilk dəfə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələb bu hissədə də əsaslı hesab edilməli və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar