Məhkəmə qərarları › İş №2-1(112)-4638/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4638/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4638/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X1 və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı diplomların verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızı, İddiaçı8, X6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, X7, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30 və İddiaçı31 cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsil Nazirliyi tərəfindən “Təfəkkür” Universitetinə diplomların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini 2018-ci ildə bitirmiş məzunlardılar və iki ildən çoxdur ki, diplom ala bilmirlər. Belə ki, onlar MDB-nin müxtəlif ali məktəblərinə daxil olmuş və İ kursu orada bitirmiş, lakin ailə vəziyyətilə əlaqədar maddi durumlarında yaranmış problemlərlə bağlı respublikaya qayıtmaq məcburiyyətində qalmışlar. Köçürmələrlə bağlı tələb olunan normativ sənədləri “Təfəkkür” Universitetinə təqdim edərək müvafiq kursdan təhsillərini davam etdirmişlər. Bu günə qədər diplomların verilməməsinin səbəbini Təhsil Nazirliyi köçürülən vaxt Nazirliyin razılıq məktubunun alınmaması ilə əlaqələndirir. Bu həqiqətən belədirsə, onların nə günahı var, bu problem nazirliklə universitetin problemidir. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Dövlət İmtahan Komissiyasına dövlət imtahanlarını müvəffəqiyyətlə vermiş və komissiyanın qərarına əsasən bakalavr dərəcəsi alımış və diplom verilməsi barədə müvafiq əmr verilmişdir. O cümlədən oxuduqları müddətdə təhsil haqqını tam ödəmiş və heç bir akademik borcları qalmamışdır. Digər tərəfdən “Təfəkkür” Universitetinin rəhbərliyi onlara bildirir ki, dəfələrlə aidiyyati təşkilatlara, Təhsil Nazirliyinə müraciət etmələrinə baxmayaraq diplomların verilməsi hələ də öz həllini tapmamışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia tələbinə qarşı etiraz və etiraza əlavə vermiş və etirazlarını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar “Təfəkkür Universititetinə köçürülmələrini və orada təhsil almalarına baxmayaraq, onlara diplom verilmədiyini mübahisələndirlər. Onlar diplom almamasının səbəbi kimi Təhsil Nazirliyi tərəfindən Universitetə diplom blanklarının verilməməsi olmuşdur. Bildirirlər ki, həmin dövrdə qüvvədə olan təhsil qanunvericliyinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Təhsili Nazirliyi verir. “Təfəkkür" Universititeti tələbələri qanunsuz olaraq digər ali təhsil müəssisələrindən köçürərək təhsilalanlarla müqavilə bağlamış və onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. “Təfəkkür Universiteti tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi qanunvericliyə uyğun olaraq Universititetin funksiyasına aiddir. Belə ki, Universititeti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Universititetin məzunlarına dövlət nümunəli təhsil sənədinin verilməsini Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki, ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində və AMEA-da saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisəsinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə müvafiq tələb məzunlar tərəfindən Təhsil Nazirliyinə qarşı irəli sürülə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, diplom blankları Təhsil Nazirliyi tərəfindən yalnız təhsil müəssisələrinə verilir. “Təfəkkür Universitetinin fəaliyyətdə olmasını nəzərə alaraq və qanunvericliyə əsasən bu kateqoriyadan olan iddia tələbləri diplom verən ali təhsil müəssisəsinə qarşı irəli sürülməlidir. İddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. Yuxarıda şərh olunalara əsasən İddiaçı1 və qeyrilərinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Elm və Təhsil Mərkəzi “Təfəkkür Universitetinə diplomların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümükün hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X8 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar MDB-nin müxtəlif ali məktəblərinə daxil olaraq İ kursu orada oxumuş, sonradan müxtəlif səbəblərdən təhsillərini davam etdirmək üçün cavabdeh Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinə köçürülmüşlər. İddiaçılar həmin təhsil müəssisəsində aralarında bağlanmış ödənişli əsaslarla təhsil alınması haqqında müqavilələrə əsasən təhsil alsalar da onlara müvafiq diplomlar verilməmişdir. Bununla bağlı iddiaçılar məhkəməyə müraciət edərək Təhsil Nazirliyi tərəfindən “Təfəkkür” Universitetinə diplomların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.1, 7.2, 7.3, 7.4, 7.5-ci bəndlərinə əsasən təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək; təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək; vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq; mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək Nazirliyin əsas vəzifələrindədir. Həmin Əsasnamənin 8.26-cı bəndinə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası”nın: - 3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra - diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. - 3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. - 3.3-cü bəndinə əsasən diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. - 3.4-cü bəndinə əsasən diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Ali təhsil müəssisələrində və AMEA-da diplomun alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ali təhsil müəssisəsinin rəhbəri və AMEA-nın prezidenti tərəfindən məsul şəxs təyin edilir. - 3.5-ci bəndinə əsasən diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. - 3.6-cı bəndinə əsasən diplom kalliqrafik xətlə qara tuşla yazılır. Diploma əlavələr kompüterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Diplom blanklarının möhür üçün ayrılmış yerində ali təhsil müəssisəsinin, AMEA-nın möhürü vurulur. Möhür aydın oxunmalıdır. Doldurulan zaman korlanmış diplom blankları xüsusi aktla silinir. - 3.7-ci bəndinə əsasən diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır. - 3.8-ci bəndinə əsasən diplomda ali təhsil müəssisəsinin, adı, AMEA onların Nizamnaməsinə uyğun yazılır. - 3.9-cü bəndinə əsasən diplomda məzunların təhsil aldığı ixtisasların (ixtisaslaşmaların) adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun yazılır. - 4.1-ci bəndinə əsasən diplom məzunlara ali təhsil müəssisəsini, AMEAnı bitirdikdən sonra 10 gün müddətində verilir. - 4.2-ci bəndinə əsasən diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. - 4.3-cü bəndinə əsasən diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır. - 4.4-cü bəndinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. - 4.4-1-ci bəndinə əsasən ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. - 4.5-ci bəndinə əsasən diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində, AMEAda saxlanılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: sıra nömrəsi; diplomun seriyası və nömrəsi; diplomalanın soyadı, adı, atasının adı; ixtisasın (ixtisaslaşmanın) adı; alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi; Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşdırılmış şuranın) qərarının nömrəsi və tarixi; diplomun verilmə tarixi; diplomalan və diplomverən şəxslərin imzası. Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təfəkkür Universitetinin fəaliyyəti dayandırılmış olsa da, hüquqi şəxs kimi mövcuddur, ləğv edilməmiş və ya yenidən təşkil edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə bağlı müvafiq tələb məzunlar tərəfindən deyil, "Təfəkkür" Universiteti tərəfindən irəli sürülməsi iddiaçıların arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilər. Qeyd edilən tələb, yəni "Təfəkkür" Universiteti tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məzunlara diplomların verilməsi tələbi irəli sürüldüyü təqdirdə cavabdeh tərəfindən bildirilən etirazın əsasları (tələbələrin köçürülməsinin qanuniliyi, köçürmə zamanı Təhsil Nazirliyinin razılığının alınmalı olması, Dövlət İmtahan Komissiyasının qərarının legitimliyi və iş üzrə əhəmiyyətli digər hallar) məhkəmə tərəfindən araşdırıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, “Təfəkkür" Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyildir. Odur ki, iddiaçıların hazırki tələblə (diplomun verilməsi öhdəliyinin qoyulması və (və ya) zərərin əvəzinin ödənilməsi) öz seçimləri ilə “Təfəkkür” Universitetinə qarşı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı yönəldiyindən, digər cavabdeh “Təfəkkür Universiteti inzibati orqan olmadığından, iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıların hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 qızının, İddiaçı8, X2, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, X3, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30 və İddiaçı31 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar