Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-464/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X1 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8 və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “texniki pasporta dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digər şəxsin texniki pasportu 11/942 saylı, xx.xx.2017-ci il tarixdə verilmiş və "şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və N.Vəzirova küçəsinin kəsişməsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1167 saylı sərəncamına əsasən təsdiq olunmuş qeyriyaşayış sahəsi iddiaçıya məxsusdur. Lakin həmin torpaq sahəsinin təxminən 300 kv.m. hissəsi 11/942 saylı, xx.xx.2017-ci il tarixdə digər şəxsin adına tərtib olunmuş texniki pasportda şərti sərhədlə əlavə edilmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmişdir. Digər şəxsin texniki pasportu 11/942 saylı, xx.xx.2017-ci il tarixdə verilmiş və "şərti” sərhəd hissəsi kimi yazılan hissədə iddiaçıya məxsus torpaq sahəsinin bərpasını nəzərə almaqla texniki pasportda qismən dəyişiklik edilməsi ilə bağlı cavabdehə mücaciət edib. Lakin müraciətə baxılmış və iddiaçıya bildirilmişdir ki, torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış, iddia olunan sahənin bir hissəsi yol kənarı yaşıllıq cərgəsi, bir hissəsi isə (234.0 kv.m.) digər fiziki şəxsin mülkiyyətindədir. Hesab edir ki, digər şəxsə verilmiş texniki pasport hüquqmüəyyənedici sənəd deyil. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən baş planda təsdiq olunmuş və ölçüləri göstərilmiş torpaq sahəsi 2013-cü ildə iddiaçıya verilmişdir. İddiaçıya məxsus olan torpağın digər şəxsin texniki pasportuna əlavə olunması barədə müvafiq icra hakimiyyəti orqanının torpağın ona verilməsi barədə heç bir hüquqmüəyyənedici sənəd (sərəncam) yoxdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim etməyib. İddia olunan sahənin bir hissəsi yol kənarı yaşıllıq cərgəsi, bir hissəsi isə (234.0 kv.m) digər fiziki şəxsin (X9) mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-464/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, 11/942 nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmiş qeyri-yaşayış binası ilkin olaraq dövlət əmlakı olmuşdur. "Dostluq” kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2017-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətə verilmişdir. Qeyri-yaşayış binası bir neçə dəfə özəlləşdirildikdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi və daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) sonra hazırda X2 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydə alınmışdır. Odur ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamı olmuşdur. İddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Məhkəmə hazırkı iddia tələbi çərçivəsində həmin dəqiqləşməni mümkün hesab etmir. Belə ki, qeyd edilən tələb yeni tələb olmaqla (sərəncamın mübahisələndirilməsi) fərqli cavabdehə (Əmlak Məsələləri Dövlət Xİdməti) yönəlmiş olur. İddiaçı qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməsi və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-464/2025 saylı, 18 fevral 2025-ci il tarixli qərardadın ləğv edilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, hazırda iddiaçı tərəfindən 1784,7 kv.m torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi mübahisələndirilmir. İddiaçı üçüncü şəxs X2 adına verilmiş xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasportda ona məxsus torpaq sahəsinin bir hissəsinin göstərilməsini mübahisələndirir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamının mübahisələndirilməli olması qənaətinə gəlməmişdən öncə iş üzrə müvafiq ekspertiza təyin etməmiş, Sərəncamlar əsasında iddiaçı və X5 ayrılmış torpaq sahəsinin faktiki olaraq necə yerləşməsi (biri digəri ilə hansı hissədə üst-üstə düşməsi) ilə bağlı hər hansı araşdırma aparmamışdır. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər tərəflər və üçüncü şəxslərlə müzakirə edildi. İddiaçı iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxslərin nümayəndələri iddianı mümkünsüz hesab edilməsinə dair qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və digər sənədləri nəzərdən keçirərək, apellyasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının subyektiv hüququnun olması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bundan başqa mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Hazırkı işin hallarına görə, iddia tələbi İddiaçı xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasporta dəyişiklik edilməsinə yönəlmişdir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasport tərtib edilmiş torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədləri müəyyən edir: "Dostluq” Kinoteatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2017-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Dostluq” kinoteatrı uzun müddətdir öz profili üzrə fəaliyyət göstərmir və hal-hazırda "Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsi səmərəsiz istifadə olunur. Dövlət əmlakından səmərəli istifadənin təşkili və özəlləşdirilməsi məqsədilə "Dostluq” kinoteatrının balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilir. "Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” xx.xx.2017ci il tarixli, 9468 nömrəli İcarə Müqaviləsinə əsasən "İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 (registr № ***-*******9-000) ünvanında yerləşən, ümumi sahəsi 2208,2 kv.m təşkil edən AR Mədəniyyət və Turizm Nazirliyi, "Dostluq” kinoteatrının balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə "İcarəçi”nin (X3) müddətli istifadəsinə vermişdir. xx.xx.2017-ci il tarixli, 6559 nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən müqavilənin prdermetini "Alıcı”nın (X10) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli 9468 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 2188,8 kv.m qeyri-yaşayış binası və 1784,7 kv.m torpaq sahəsi təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 11/942 nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi X4 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X11 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan X12 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binası və 0.17847 ha torpaq sahəsi X12 adına xx.xx.2017ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X14 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyri-yaşayış binasını və 0.17847 ha torpaq sahəsini hədiyyə alan X2 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən sahəsi 2188,8 kv.m olan qeyriyaşayış binası və 0.17847 ha torpaq sahəsi X2 adına xx.xx.2023- cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 11/942 nömrəli, ci il tarixli texniki pasport tərtib edilmiş qeyri-yaşayış binası ilkin olaraq dövlət əmlakı olmuşdur. "Dostluq” Kino-teatrı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan xx.xx.2017-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən ümumi sahəsi 2188,8 kv.m 3 mərtəbəli qeyri-yaşayış binası və yerləşdiyi 1784,7 kv.m torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsi və özəlləşdirilməsi məqsəduyğun hesab edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətə verilmişdir. Qeyri-yaşayış binası bir neçə dəfə özəlləşdirildikdən (daşınmaz əmlakın alqı-satqı müqaviləsi və daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında) sonra hazırda X2 adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən qeydə alınmışdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamının mübahisələndirilməli olması qənaətinə gəlməmişdən öncə iş üzrə müvafiq ekspertiza təyin etməmiş, Sərəncamlar əsasında iddiaçı və X5 ayrılmış torpaq sahəsinin faktiki olaraq necə yerləşməsi (biri digəri ilə hansı hissədə üst-üstə düşməsi) ilə bağlı hər hansı araşdırma aparmamışdır. Məhkəmə apellyasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma aparmış və məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, üçüncü şəxs X6 məxsus torpaq sahəsi (0.17847 ha) "A” tikilisindən və ön tərəfləri isə yaşıllıq ərazidən ibarətdir. İddiaçı ona məxsus olduğunu bildirdiyi ümumi torpaq sahəsinin bir hissəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi üst-üstə düşür. Üst-üstə düşən torpaq sahəsi təqribən 0.0234 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən mübahisəli ərazi **********54-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun hüdudları daxilində yerləşir. Həmçinin torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Ortofoto görüntüsündən də göründüyü kimi, iddiaçının texniki pasporta dəyişiklik edilməsini tələb etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi təqribən 234 kv.metrdə üst-üstə düşür. Bundan başqa məhkəmə icraatı zamanı iddiaçıya ona torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin olub-olmaması, olduğu halda məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı ona torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd təqdim etdə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı düzgün iddia növündən istifadə etmədiyindən iddian mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 11/942 nömrəli texniki pasport xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasına münasibətdə tərtib edilmişdir. Qeyri-yaşayış binasının xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2017-ci il tarixli, 54 nömrəli Sərəncamı olmuşdur. İddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədin mübahisələndirilməsidir. Məhkəmə hazırkı iddia tələbi çərçivəsində həmin dəqiqləşməni mümkün hesab etmir. Belə ki, qeyd edilən tələb yeni tələb olmaqla (sərəncamın mübahisələndirilməsi) fərqli cavabdehə (Əmlak Məsələləri Dövlət Xidməti) yönəlmiş olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-464/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-464/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver