Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4640/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil verilməsi və yaxud onun dəyərində kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Xətai rayonu ərazisində iki otaqlı mənzilin və yaxud onun dəyərində olan kompensasiyanın verilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı çox uşaqlı ana kimi 1988-ci ildən 4 nəfər ailə üzvü ilə birlikdə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmuşdur. Beləliklə, 1991-ci ildə ona Xətai rayonu ərazisində iki otaqlı mənzil verilmiş və bildirilmişdir ki, Xətai rayonu ərazisində ona yenə də iki otaqlı mənzil veriləcək. Lakin cavabdeh orqan günü bu günə kimi ona Xətai rayonu ərazisində mənzil verməmişdir. İddiaçı dəfələrlə cavabdeh orqana ona ya mənzil, mənzil olmadığı təqdirdə isə kompensasiya verilməsini tələb etsə də inzibati orqan onu get-gələ salaraq hələ də haqqını mənimsəmişdir. Cavabdeh orqan ona xx.xx.2021-ci il tarixli cəmi 6 cümlədən ibarət heç bir hüququ əsaslandırmadan imtina məktubu verərək bildirmişdir ki, fondda mənzil olmadığından ona köməklik göstərə bilməyəcəklər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı P-17/3-068/3-t/1 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, 1988-ci ildə 4 nəfər ailə tərkibi ilə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayandığını və 1991-ci ildə 2 otaqlı mənzillə təmin olunduğunu bildirərək, əlavə 2 otaqlı mənzillə və ya kompensasiya ilə də təmin olunmağını xahiş edir. İddiaçı nəzərinə çatdırılmışdır ki, rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamlarında boş mənzil fondu olmadığından xahişini yerinə yetirmək imkanları xaricindədir. Məlumat üçün bildirilir ki, ******** nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinə əsasən vət. İddiaçı daimi qeydiyyat yeri Bakı şəhəri, Suraxanı rayonu olduğundan mövcud qanunvericiliyin tələbinə əsasən Xətai Rayon İcra Hakimiyyəti iş üzrə cavabdeh tərəf ola bilməz. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, P-5-152 nömrəli məktubunda bidlirilmişdir ki, sizin Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə 1988-ci ildə 4 nəfər ailə tərkibi ilə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayandığınızı və 1991-ci ildə 2 otaqlı mənzillə təmin olunduğunuzu bildirərək əlavə 2 otaqlı mənzillə və ya kompensasiya ilə də təmin olunmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz ünvan 3 ünvanında qeydiyyatdasınız. Odur ki, ərizənizdə qaldırdığınız məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz sizə tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 566 nömrəli məktubunda bidlirilmişdir ki, İddiaçı Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil verilməsi və yaxud onun dəyərində kompensasiyanın ödənilməsi” tələbinə dair yazılı münasibət xx.xx.2022-ci il tarixli, 324 nömrəli məktubla məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı 1988-ci ildə Xətai Rayon İHdə yaşayış yeri üzrə mənzil növbəsində olmuş və 1991-ci ildə növbəlilik əsasında 2 otaqlı mənzillə təmin olunduğundan mənzil növbəsindən çıxarılmışdır. Məlumat üçün bildirilir ki, vətəndaş İddiaçı tərəfindən təqdim olunan şəxsiyyət vəsiqəsinə əsasən o, xx.xx.2014-cü ildən Suraxanı rayonu ərazisində daimi qeydiyyatdadır. İddia tələbinin əsassız və qanunsuz olduğunu nəzərə alaraq təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 003792 nömrəli orderin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Rza küçəsi, 39 nömrəli evin 2 otaqlı, 32.93 kv.m ölçüdə 47 nömrəli mənzili İddiaçı 4 nəfər ailə tərkibində (özü, qızı, 2 oğlu) verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri TİB-nin xx.xx.2001-ci il tarixli, 30/170583 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 39, 2 otaqlı 47 nömrəli mənzili X1. İş materiallarına əlavə edilmiş ÖM seriyalı, 069742 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 39, 2 otaqlı 47 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 39, 2 otaqlı 47 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ X4 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, P-17/3-068/3-t/1 nömrəli məktubunda bildirilmişdir ki, sizin Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə yaşayış yeri üzrə mənzillə təmin olunmağınıza köməklik göstərilməsini xahiş edirsiniz. Bildirilir ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığından və sərəncamımızda boş mənzil fondu olmadığından, sizin mənzil məsələnizin həllinə köməklik göstərilməsi barəsindəki xahişinizi yerinə yetirmək imkanımız xaricindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 1988-ci ildə 4 nəfər ailə tərkibi ilə Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayandığını və ona 4 otaqlı mənzil verilməli olduğu halda 1991-ci ildə 2 otaqlı mənzillə təmin olunduğunu bildirərək, icra hakimiyyəti tərəfindən onun əlavə 2 otaqlı mənzillə və ya kompensasiya ilə də təmin olunması ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh orqan iddiaçının Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mənzil tikintisi aparılmadığını və sərəncamlarında boş mənzil fondu olmadığını, eləcə də İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olduğunu bildirilərək məsələ ilə əlaqədar qeydiyyatda olduğu Rayon İcra Hakimiyyətinə müraciət etməli olması tövsiyə olunmaqla müraciətin təminindən imtina edilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək ona 2 otaqlı mənzil və ya müvafiq kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh qismində qoyduğu Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmaqla mənzillə təmin edildiyi vaxt hüquq münasibətlərini tənimzləyən xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. -28-ci maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -30-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. -33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. İşin hallarından görünür ki, 1988-ci ildə yaşayış yeri üzrə mənzil uçotunda olmuş iddiaçıya Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 4 nəfər ailə tərkibində (özü, qızı və 2 oğlu) xx.xx.1991-ci il tarixli, 003792 nömrəli order əsasında Bakı şəhəri, X.Məmmədov küçəsi, ev 39, 2 otaqlı 47 nömrəli mənzili verilmiş, mənzil sonradan İddiaçı adına özəlləşmiş, bu barədə ona Bakı şəhəri TİB-nin xx.xx.2001-ci il tarixdə, 30/170583 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, iddiaçı həmin mənzili xx.xx.2001-ci ildə digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçı uçotda olmuş olduğu Xətai Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq mənzillə təmin olunmuşdur. İddiaçı dövlət mənzil fondundan mənzillə təmin olunmaqla dolayısı ilə mənzil şəraiti yaxşılaşdırılmış, bununla da mənzil uçotundan çıxarılmaqla hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının mənzillə təmin etmək öhdəliyi də aradan qalxmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Sadalanan normalardan müəyyən olunur ki, hazırda qüvvədə olan qanunvericiliklə dövlət mənzil fonduna aid yaşayış sahələri yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanında yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış şəxslərə sosial kirayə müqavilələri əsasında verilir. Qanunla şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu ünvan üzrə müəyyən edilir. Hazırkı iş üzrə İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Başqa sözlə, iddiaçının yaşayış yeri Xətai rayonu hesab olunmur, həmin rayon üzrə mənzil uçotunda deyildir, onun yuxarıda sadalanan mənzil qanunvericilyinin normalarına əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti orqanından mənzil tələb etməsinin hüquqi əsası yoxdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil verilməsi və yaxud onun dəyərində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4640/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4640/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver