Məhkəmə qərarları › İş №2-1(112)-4642/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4642/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4642/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) baxaraq məhkəmə müəyyən etdi: X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xidmətin İQ-71/2 №-li, xx.xx.2020-cu il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdehin üzərinə xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək ona və arvadı Alimi Lailaya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşı və etnik olaraq həzara, dini mənsubiyyətinə görə şiə müsəlmandır. xx.xx.1991ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Çəharşonbiye Davud kəndində anadan olub. Orta məktəbi yaşadığı kənddə bitirmişdir. 2011-2012-ci illərdə Kabildə Enstitute məsləki saxtemani adlı peşə məktəbində mühəndis köməkçisi ixtisasında təhsil almış, sonradan Maarif Nazirliyində mühəndis müavini, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək Fax şirkətində, 2018-ci ildən isə müstəqil seçki komissiyasında təxminən 9 ay çalışmışdır. “Fax” şirkətində Amerikalılarla birlikdə işlədiyi üçün, eləcə də seçki komissiyasında işlədiyi üçün taliban tərəfindən ittiham edilmiş və axtarışa verilmişdir. Bu barədə yaşadığı Çəharşonbiye Davud kəndinin ağsaqqalı Zaman Həmidi ona məlumat vermişdir. Həyatı təhlükədə olduğu üçün ölkəsini tərk edərək arvadı Alimi Laila ilə birlikdə xx.xx.2019-cu ildə viza əsasında Özbəkistana, xx.xx.2019-cu ildə isə Özbəkistandan Azərbaycan Respubliksına gəlmişdir. Bundan əlavə, o, həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, xx xxxxxx 2019cu ildə Azərbaycana gəlib. xx xxxxxx 2020-ci ildə sığınacaq vəsatəti ilə müraciət edib. Xidmət onun vəsatətini 13-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ona müsahibə aparıb. O, bildirmişdir ki, dini-etnik məsubiyyətinə və “Fax” şirkətində amerikalılarla və seçki komissiyasında işlədiyi üçün Taliban tərəfindən təhdid edildiyi və axtarıldığı üçün Əfqanıstana geri qayıtmaq istəmir. Xidmətin qərarları ilə vəsatəti təmin edilməmişdir. Hesab edir ki, Xidmətin qərarları qanuni və əsaslı deyildir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsinə dair vəsatətlə Xidmətə müraciət edilmişdir. Xidmət tərəfindən təşkil olunmuş Komissiyanın qərarına əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Əfqanıstan İslam Respublikasında hər hansı bir təqibə və siyasi təzyiqə məruz qalmasına dair sübut Xidmətə təqdim edilməmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izhatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1991-ci ildə Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Çəharşonbiye Davud kəndində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşı olan X4 xx.xx.2020-ci il tarixdə ona və arvadı Alimi Laila ilə birlikdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli, İQ-71/2 №-li qərarla ona və ailə üzvünə (arvadı, xx.xx.1992-ci il təvəllüdlü Alimi Laila) qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı daha sonra həmin qərardan inzibati şikayət qaydasında yenidən Xidmətə müraciət etmiş və Xidmətin xx.xx.2020-ci il tarixli, 124 №-li qərarı ilə şikayət təmin edilməmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərarlar onunla əsaslandırılmışdır ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ail üzvünün vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. İddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. İddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Belə ki, onun dediklərinə əsasən o, vətəndaşı olduğu və daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. İddiaçının izahatlarından müəyyən olunur ki, o, özünün fərdi təqib qorxusu ilə bağlı hər hansı əsaslı iddia irəli sürmür. Dini-etnik məsubiyyətinə və “Fax” şirkətində amerikalılarla və seçki komissiyasında işlədiyi üçün Taliban tərəfindən təhdid edildiyini və axtarıldığını iddia edərək vətəndaşı olduğu ölkəsinə geri qayıtmaq istəmir. Göründüyü kimi iddiaçı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusundan ehtiyat etmir. İddiaçının istinad etdiyi ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və mötəbər sübut da təqdim etməmişdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. İnzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar