Məhkəmə qərarları › İş №2-1(112)-4642/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4642/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4642/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək və məşğulluq altsisteminə məlumatın daxil edilməsi” tələbinədair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “əmək və məşğulluq altsisteminə məlumatın daxil edilməsi” tələbinə ddair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində xx.xx.2024-cü il tarixli, 10 nömrəli əmrin, əmək və məşğulluq altsisteminə (elektron sistemə) Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitamının sistemdə qeydiyyata alınması məqsədilə sistemə girişə şərait yaradılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mühasib vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə müəssisənin fəaliyyəti dayandırdığı üçün işçi İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilmişdir. Əmək və Məşğulluq Altsistemində səhvən işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Bununla bağlı olaraq İddiaçı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, nəticədə xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, həmin sazişə əsasən İddiaçı barəsində xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrin elektron informasiya sistemində X1 ARnın Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə maddəsinin dəyişdirilməsinə, (müvafiq dövlət orqanının bu dəyişikliyi elektron sistemdə aparacağına) dair razılığa gəlindi. Sözügedən sazişi, eyni zamanda əmri, xəbərdarlığı, işçinin razılıq ərizəsinin əslini təqdim edərək İddiaçı barəsində xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrin elektron informasiya sistemində AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə maddəsinin dəyişdirilməsinə dair müraciət etsə də, xx.xx.2024-cü il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlərin rəsmi qaydada təsdiq edilmiş surəti təqdim edilməklə müraciət edildiyi halda icrasına baxılacaq. Cavabdeh qurum AR Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada işdənçıxma müavinətinin ödənilməsini təsdiq edən sənəd tələb etmişdir ki, işçi təminatla bağlı bütün hüquqlarından idarənin balansında pul olmadığı üçün imtina etmişdir. İşçi həmkarlaq ittitaqının üzvü olduqda həmkarlar ittifaqı təşkilatının qabaqcadan alınmış razılığı və əsaslandırılmış yazılı qərarı tələb edilir ki, işçi hər hansı həmkarlar ittifaqının üzvü olmamışdır. İşçi balansda hər hansı vəsait olmadığı üçün son haqq hesabdan da imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin hallarından müəyyən olunur ki, "xxxx" MMC-nin rəhbərinin xx.xx.2024-cü il tarixli, 13 nömrəli əmri ilə, xx.xx.2024-cü il tarixdən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin və ştatların sayı ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə qeyd iddiaçının əmək kitabçasında aparılmışdır. İddiaçı "xxxx" MMC-dən işdən azad olunarkən ona aid bütün təminatlardan idarənin maddi vəziyyəti ilə əlaqədar olaraq imtina etməsi barədə razılıq ərizəsi vermişdir. Əmək və məşğulluq altsistemində işdənçıxarmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi göstərilmişdir. İddiaçı hazırda həmin qeydin dəyişdirilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; ... k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; ... Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi ...

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları ...

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir: 6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi; 6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası; 6.1.3. işəgötürənin adı; 6.1.4. işçinin soyadı, adı, atasının adı; 6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN); 6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İşin materaillarından göründüyü kimi, "xxxx" MMC-nin rəhbərinin xx.xx.2024-cü il tarixli, 13 nömrəli əmri ilə, xx.xx.2024-cü il tarixdən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin və ştatların sayı ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə qeyd iddiaçının əmək kitabçasında aparılmışdır. İddiaçı "xxxx" MMC-dən işdən azad olunarkən ona aid bütün təminatlardan idarənin maddi vəziyyəti ilə əlaqədar olaraq imtina etməsi barədə razılıq ərizəsi vermişdir. Əmək və məşğulluq altsistemində işdənçıxarmanın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi göstərilmişdir. İddiaçı hazırda həmin qeydin dəyişdirilməsini tələb edir. Cavabdehin imtinasının əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada işdənçıxma müqavinətinin ödənilməsini təsdiq edən sənədin, işçi həmkarlar ittifaqının üzvü olduqda həmkarlar ittifaqı təşkilatının qabaqcadam alınmış razılığı və ya əsaslandırılmış yazılı qərarı və son haqq-hesabın hesablanması cədvəlinin təqdim edilməməsi təşkil edir. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Lakin işəgötürən tərəfindən elektron informasiya sistemində işdəçıxarmanın əsasının texniki səhv olaraq yanlış daxil edilməsi, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bir halda ki, işdənçıxarma barədə əmrdə və iddiaçının əmək kitabçasında işdənçıxarmanın əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi göstərilmişdir, ona uyğun da elektron informasiya sistemində dəyişiklik edilməlidir. Cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işdənçıxma müqavinətinin ödənilməməsi də hazırkı iddianın təmin edilməsini istisna edə bilməz. İşdənçıxma müqavinəti almaq iddiaçının hüququdur və iddiaçı işdən azad olunarkən ona aid bütün təminatlardan idarənin maddi vəziyyəti ilə əlaqədar olaraq imtina etməsi barədə razılıq ərizəsi vermişdir. İddiaçı məhkəmə iclasında da həmin xüsusatları bir daha təsdiq etmişdir. Digər dəlillə bağlı isə, iddiaçı həmkarlar ittifaqının üzvü olmadığını bildirmişdir, cavabdeh tərəfindən qeyd edilən hal təkzib edilməmişdir. Cavabdeh ümumiyyətlə mahiyyəti üzrə iddiaya münasibət bildirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" MMC ilə olan əmək müqaviləsinə xitam verilməsinin əsasının elektron informasiya sistemində (əmək və məşğulluq altsistemində) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi”ndən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi”nə dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" MMC ilə olan əmək müqaviləsinə xitam verilməsinin əsasının elektron informasiya sistemində (əmək və məşğulluq altsistemində) “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi”ndən “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi”nə dəyişdirilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar