Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4644/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29a, mənzil 3; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X2 (Ünvan: Göygöl rayonu, Üçtəpə kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı, mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 3-cü şəxs -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı (3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) X3 xəstəliyə görə pensiyası xx.xx.2013-cü ildən etibarən hesablanaraq ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu”, 3-cü şəxsin adının “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” kimi oxunması qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, cavabdehin əsl cavabdehlə əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin, iddiaçı öz izahatında bildirmişdir ki, o hazırkı iddia tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ona imtina cavabı vermiş, yəni onun müraciət ərizəsini qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzrə səlahiyyətli inzibati orqana göndərmək səlahiyyəti olduğu halda göndərməmişdir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu onun müraciətinə imtina cavabı verdiyindən, yəni özünü səlahiyyətli inzibati orqan hesab etdiyindən, hazırkı iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu olmalıdır. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı oğlu -X3 anadangəlmə xəstəliyinə görə müavinətin xx.xx.2012-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına dair qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının oğlu X5 xx.xx.2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Anadan qüsurlu doğulmuş və müayinə olunduqdan sonra “anadangəlmə bulyoz epidermoliz” xəstəliyi diaqnozu qoyulmuşdur. Anadan olduğu vaxtan etibarən həkim nəzarəti altında olmuş və qeyd olunan xəstəlikdən müalicə almasına baxmayaraq sağalmamışdır. xx.xx.2013-cü il tarixidən etibarən 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserində dəfələrlə ambulator və stasionar müalicə kursu keçmiş, lakin, sağlamlığı bərpa olunmamışdır. 3 saylı UDZD-nin dispanser qeydiyyatındadır. 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanseri tərəfindən Stasianar xəstənin tibbi kartasından verilmiş 124 və 216 saylı epikrizlərdən görünür ki, xəstə xx.xx.2012-ci il təvəllüdlü X5 dəfələrlə 3 saylı Uşaq Dəri Zöhrəyi Dispanserində müalicə almasına baxmayaraq sağalmamışdır. Dəfələrlə Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmuş və sonuncu müayinə xx.xx.2018-ci ildə həyata keçirilmişdir. Qeyd olunan müayinədən sonra Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xəstəliyə görə pensiya təyin olunmuşdur. Övladı X5 xx.xx.2013-cü il tarixidən etibarən müayinə və müalicə olunmasına baxmayaraq sağalmadığı halda xəstəliyə görə pensiyanın təyin olunmasına dair rəy Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yalnız xx.xx.2018-ci il tarixində verilmiş və həmin vaxtdan etibarən pensiyası təmin olunmuşdur. DSMF-na ərizə ilə müraciət edərək oğlu X3 xəstəliyə görə pensiyasının 2013-cü ildən etibarən hesablanaraq ödənilməsini təmin etmələrini xahiş etmişdir. Lakin, DSMF xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda ərizəmin təmin olunmasının mümkün olmamasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydalarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həmçinin eyni maddədə o da göstərilmişdir ki, həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir. İddiaçı vəziyyətində isə onun oğlu X4 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı xx.xx.2018-ci il tarixində rəy verilmişdir. Uyğun olaraq iddiaçının oğluna həmin tarixdən də pensiya təyin edilib. X1 imkanlarının məhdudluğunun əvvəlki tarixlərdə (X6 əldə edilmiş məlumata əsasən TSEK-ə edilmiş iki müraciətdə imtina cavabı alınıb) təsdiq edilmədiyinə görə ona bu müddət üçün pensiya təyin edilməyib və ödənilməyib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş 903166 nömrəli Doğum haqqında Şəhadətnamənin və 10987471 nömrəli Şəxsiyyət Vəsiqənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. “Atası” qrafasında İddiaçı göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatındangörünür ki, X4 xx.xx.2018-ci il tarixdən 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. İş materiallarında olanməhkəmə zamanı əslinə baxış keçirilmiş 3 nömrəli Uşaq Dəri Zöhrəvi Dispanserinin xx.xx.2012-ci il təvəllüdlü X3 adına verilən Epikrizlərindən görünür ki, kliniki diaqnoz- anadangəlmə bulyoz epidermoliz (XBT kod Q81.2) göstərilmişdir. İş materiallarında olan göndəriş (Forma AZS № 088) barədə məlumatlardan görünür ki, iddiaçı oğluna müvafiq əlilliyin təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X3 anadangəlmə xəstə olması, həmçinin X4 əlilliyin təyin edilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli göndərişdə (Forma AZS № 088) qeyd edilən diaqnoz ilə (distrofik bullyoz epidermoliz, Anadangəlmə bulyoz epidermoliz. Dəridə suluqlar, yaralar, qaşınma, ağrı) 3 nömrəli Uşaq Dəri Zöhrəvi Dispanserinin Epikrizlərində göstərilən diaqnozun (anadangəlmə bulyoz epidermoliz) eyni olması iş materialları ilə öz təsdiqini tapmışdır. “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara aylıq müavinət təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının oğlu X3 anadangəlmə xəstə olması, həmçinin iddiaçının oğluna müvafiq əlilliyin təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2017-ci il tarixdə müraciət etməsi, X4 əlilliyin təyin edilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli göndərişdə (Forma AZS № 088) qeyd edilən diaqnoz ilə 3 nömrəli Uşaq Dəri Zöhrəvi Dispanserinin Epikrizlərində göstərilən diaqnozun eyni olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia qismən, İddiaçı oğlu -X3 anadangəlmə xəstəliyinə görə müavinətin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması hissəsində təmin, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı oğlu - X3 anadangəlmə xəstəliyinə görə müavinətin xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4644/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4644/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver