Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4645/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Gürcüstan Avropa Universiteti MMC-də Biznes və Texnalogiya fakültəsi bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini 29 sentyabr 2017-ci il tarixdə bitirmişdir. Təhsilini bitirdikdən sonra ailə vəziyyət ilə əlaqədar diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsiylə bağlı Təhsil Nazirliyinə müraciət etməmişdir. Qeyd edilən məsələ ilə bağlı 2020-ci il tarixdə hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron ərizə ünvanlamaqla müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının müraciətinə cavab olaraq 26 yanvar 2021-ci il tarixdə mənfi qərar qəbul etmişdir. Həmin elektron məktubda bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə iddiaçı qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi mümkünsüz olmuşdur, bundan başqa nostrifikasiya prosedurunun tərkib nissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş və AR Nazirlər kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən **********3 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyd edilən qərarı ilə razılaşmır. Cavabdehin qərarının əsasız hesab edilməsi və təqdim edilən sənədlərə əsasən iddiaçının diölom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (nümayəndəsinin) İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu və tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir və bu barədə iddiaçıya 26 yanvar 2021-ci il tarixdə onun şəxsi kabineti vasitəsilə məlumat verilmişdir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplom AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – 10 gün, İİ il – 1 gün, İİİ il – 3 gün, İV il – 1 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vl.l-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Göründüyü kimi, əhəmiyyətli fərq özündə eyni zamanda “təlim nəticələri” arasında olan fərqi də ehtiva edir. AR Nazirlər Kabinetinin 18.07.2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri- təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bundan əlavə olaraq, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş deyildir. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»nın İİİ. 1.2 maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfikfənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Göstərilənlərə və AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2-ci bəndinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə vurğulayır ki, bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi, eləcə də tədris dilinin tələb olunan səviyyədə mənimsənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməsini ehtiva edir. Belə olan halda məhkəmənin mövqeyinə görə İddiaçı Gürcüstanın Avropa Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan və tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən (buna dair sübut yoxdur), cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsilin müddətinin yetərli olmaması və tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi EU 000030 nömrəli 11 noyabr 2017-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı «cavabdehin imtinasının əsassız sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4645/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4645/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver