Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4645/2023 24.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştrakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müvafiq vəzifə nəzərə alınmaqla əmək pensiyası təyinatı ilə əlaqədar yeni məlumat vərəqsəinin verilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı «müvafiq vəzifə nəzərə alınmaqla əmək pensiyası təyinatı ilə əlaqədar yeni məlumat vərəqsəinin verilməsi» barədə iddia tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı uzun illər Cavabdeh Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Polis İdarəsində polis nəfəri vəzifəsində çalışmışdır. 1986-cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək həmin rayonun X3 polis nəfəri kimi fəaliyyət göstərmişdir. Əzizbəyov RPİ-nin Buzovna qəsəbəsində yerləşən Şöbəsində növbətçi köməkçisi vəzifəsində işləmiş və oradan təqaüdə çıxmışdır. Təqaüdə çıxan zaman onun sonuncu işlədiyi vəzifəsi nəzərə alınmış və pensiya məbləği həmin vəzifə üzrə hesablanmışdır. Sonradan məlum olmuşdur ki, Azərbaycan Respublikasında mövcud qanunvericiliyə görə əvvəlki 6 ildən artıq müddətdə işlədiyi X3 polis nəfəri vəzifəsi nəzərə alınmaqla pensiya təyinatı aparıldığı halda, pensiya məbləği daha çox ola bilərdi. Buna görə də iddiaçı 19 sentyabr 2022-ci il tarixli məktubla Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq 5 oktyabr 2022-ci il tarixli 027-38998- 5222 saylı cavab məktubunda tövsiyyə edilmişdir ki, o, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 saylı Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməlidir. Həmin Filialda aparılmış araşdırma nəticəsində isə, ona əmək pensiyasının düzgün hesablanmaması müəyyən olunmuşdur. Bir vəzifədə 5 il işlədiyini və həmin vəzifədən əmək pensiyasına çıxmaqda seçim hüququnun olmasını nəzərə alaraq, Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanmasını xahiş etdikdə, qeyd olunan Filialdan bildirilmişdir ki, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 4-cü bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da Fonda göndərilməlidir. Buna görə də iddiaçı tərəfindən inzibati orqana müraciət olunaraq, yuxarıda şadalanan Fərman və Qaydaların tələblərinə əsasən Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilsin. Cavabdeh inzibati orqandan 5 noyabr 2022-ci il tarixli məktubla müvafiq məlumatın Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsindən imtina olunmuşdur. Halbuki qüvvədə olan pensiya qanunvericiliyinə əsasən şəxs bir vəzifədə işlədiyi müddətin ardıcıl gələn 5 ilini seçə bilər və pensiya həmin şəxsin seçdiyi illərin gəlirindən hesablanmalıdır. Təsadüfi deyil ki, yuxarıda istinad olunduğu kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun müraciəti haqlı hesab olunaraq, əmək pensiyasında dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi ona tövsiyyə olunmuşdur. Lakin iddaçı bu tövsiyə əsasında hərəkət etsə də, cavabdeh əsassız olaraq müraciətə imtina cavabı vermişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən cavabdehin imtinası qanunsuz sayılmaqla iddiaçının Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə post patrul xidməti vəzifəsi üzrə əmək pensiyasında dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanması ilə bağlı şəxsi (məlumat) vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı yazılı münasibətində bildirilir ki, hazırki iş üzrə tələbin yönəldiyi cavabdeh dəqiqləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki iş üzrə cavabdeh Daxili İşlər Nazirliyi Aparatının strukturuna aid olan Maliyyə-Plan İdarəsi deyil, Daxili İşlər Nazirliyi olmalıdır. İddia mahiyyəti üzrə də əsassızdır. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 40-cı maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı sonuncu xidmət yeri Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, pensiya təminatında bu vəzifənin təminat xərcliyi əsas götürülür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Qanunun 40-cı maddəsinə əsasən əməkdaşlara pensiyanın təminat xərcliyindən hesablandığı, bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyasının nəzərə alındığı təsbit edilmişdir. Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı sonuncu xidmət yeri Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, pensiya təminatında bu vəzifənin təminat xərcliyi əsas götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir, lakin məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 20.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabt 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndinin on birinci hissəsinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqana iddiaçının müvafiq müraciəti ünvanlandığından və inzibati orqanın müvafiq məktubu ilə məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və bu qəbildən olan iddialara münasibətdə qanunvericilik idda müddəti müəyyən etməmişdir. Mübahisənin ərazi aidiyyəti belədir ki, inzibati mübahisə hərbi qulluqşu və müvafiq inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti münasibətlərdən yarandığından, ona baxılmasında İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən və soncu vəzifədə bir ildən artıq müddət işlədiyindən, bundan əvvəlki vəzifəsi kimi Xəzər Rayon X3 polis nəfəri vəzifəsinə uyğun (1986 – 1992-ci illərdə) təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin verilməsindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, İddiaçı iddiası əsassızdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müvafiq vəzifə nəzərə alınmaqla əmək pensiyası təyinatı ilə əlaqədar yeni məlumat vərəqsəinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müvafiq vəzifə nəzərə alınmaqla əmək pensiyası təyinatı ilə əlaqədar yeni məlumat vərəqsəinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4645/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4645/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver