Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4646/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı Müslüm oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müslüm oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/31 saylı sahəyə dair üçüncü şəxs X7 adına verilmiş MA seriyalı, ******* nömrəli, 17.06.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/398 saylı sərəncamı ilə ona Mərdəkan qəsəbəsində yerləşən 5/364 saylı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda onun adına torpağın mülkiyyətə verilməsinə dair JN-2465İD, KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir və torpaq sahəsinin yerləşmə sxemi də vardır. Həmin torpaq sahəsini hasara almış, onun sahibliyi və istifadəsindədir. Lakin, üçüncü şəxs X10 onun mülkiyyətində olan torpaq sahəsinə özbaşına daxil olmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı, ******* nömrəli, 17.06.2011-ci il tarixli çıxarışa istitnad edərək, sözügedən torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Lakin, Mərdəkan qəsəbəsində yerləşən 5/364 saylı torpaq sahəsi 10 may 1994-cü ildən etibarən onun istifadəsindədir. X10 bir gün belə olsun həmin torpaq sahəsindən isitfadə etməmişdir. MA seriyalı, ******* nömrəli, 17.06.2011-ci il tarixli çıxarışı da, hansı əsaslarla alması ona məlum deyildir. İlk dəfədir ki, bir neçə gün bundan qabaq onun tapşırığı əsasında ustalar sözügedən torpaq sahəsində tikinti işləri görmək istəyərkən X10 gələrək sözügedən torpaq sahəsinə iddia etdiyini bildirmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. İddia təlbində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/31 saylı torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyətinin 10.05.1994-cü il tarixli, 407/327 saylı sərəncamı əsasında X3 adına ilkin qeydiyyata alınmış, 20.05.2011-ci il tarixli, 4Ə/2-316 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında hazırki mülkiyyətçi olan X7 adına özgəninkiləşdirilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iddia ərizəsində göstərildiyi şəkildə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən etmə və tanınma barədə iddia növünə aiddir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Subsidiarlıq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdü. İddia ərizəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbi çıxarışın etibarsız sayılması şəklində qaldırılsa da, iddia tələbinin hüquqi əsaslandırılması zamanı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə ( şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) istinad edilmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə əslində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş (inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) növü kimi yanaşılmalıdır. Həmin iddia növünün xüsusi mümkünlük şərti isə iddiaçı tərəfindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət edilməsi ilə şərtləndirilmişdir. İş materiallarının cavabdeh tərəfindən təqdim edilmiş dəlillərlə birgə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 5/31 saylı sahədə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* nömrəli, 17.06.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən X7 xüsusi mülkiyyətindədir. O, sözügedən çıxarışı 20.05.2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi” əsasında X4 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Göründüyü kimi, X2 torpaq sahəsinə dair çıxarışı alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Məhkəmə bir daha yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək hesab edir ki, X2 torpaq sahəsinə dair çıxarışı alğı-satqı müqaviləsi əsasında əldə etdiyindən, daşınmaz əmlakın alğı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunduğundan hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eləcə də, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı iddia ərizəsində Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/398 saylı sərəncamı ilə ona ayrılmış Mərdəkan qəsəbəsində yerləşən 5/364 saylı torpaq sahəsinə X10 tərəfindən özbaşına daxil olunmasını və Ş.Talıbov tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı, ******* nömrəli, 17.06.2011-ci il tarixli çıxarışa istinad edilərək sözügedən torpaq sahəsinin ona məxsus olmasının bildirilməsini, onun həmin çıxarışdan məlumatsız olmasını, bu səbəbdən də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********34 nömrəli, 25.02.2022ci il tarixli məktubla təqdim edilmiş məlumatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 10 may 1994-cü il tarixli, 407/398 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 5/364 saylı torpaq sahəsi İddiaçı Müslüm oğlunun, X1 və X5 mülkiyyətinə verilmişdir. Buna dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən İddiaçı Müslüm oğluna torpağın mülkiyyətə verilməsinə dair JN-24651D, KOD 00300016 nömrəli, 19.09.2005-ci il tarixli şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair digər şəxsin adına başqa bir çıxarışın verilməsinə istinad etsə də, məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mübahisələndirdiyi çıxarış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 5/31 saylı sahəyə verilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsi isə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 5/364 saylı sahədir. Torpaq sahələrinin nömrələri faktiki olaraq başqadır. Göründüyü kimi, mövcud vəziyyətdə hazırki iddiada mübahisəli çıxarışla iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı da müəyyən edilmir. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında mülkiyyətlərində olan torpaq sahələrinin naturada üst-üstə düşməsi, torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisə mövcuddur. Sözügedən qəbildən mübahisələrə isə mülki məhkəmə icraatında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4646/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4646/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver