Məhkəmə qərarları › İş №2-1(112)-4646/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4646/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4646/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə “doğum haqqında akt qeydinə düzəliş edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəlişin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı doğum haqqında akt qeydində düzəlişin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi təqdim olunan sənədlərdə ziddiyyət olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olunmasını mübahisələndirir və doğum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvə yol verilib-verilməməsinin, həmçinin akt qeydində düzəliş üçün əsasların olub-olmadığını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izahAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir; 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; -nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; -atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; -atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; -övladlığa götürmə ləğv edildikdə; -atalığın müəyyən edilməsi ləğv olunduqda; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; -cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; -vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; -qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -övladlığa götürmə barədə məhkəmənin qərarı; -nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; -adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; -yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; -övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; -ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; -cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; -vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi,habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qanunvericilik doğum haqqında akt qeydində səhvlərin yol verilməsi ilə bağlı düzəlişin edilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin (ilkin akt qeydində səhvə yol verilməmişdirsə) edilməsinin əsaslarını fərqləndirmiş, lakin konkret olaraq müəyyən şərtlər əsasında təsbit etmişdir. Qeyd olunmalıdır ki, hər iki halda doğum haqqında akt qeydində düzəlişin edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Xüsusi ilə qeyd olunmalıdır ki, Qaydaların ata və ananın milliyyətinin fərqli olması ilə bağlı təsbit etmiş müddəası məhz onunla bağlıdır ki, bu cür hallarda valideynlərinin milliyətinin yazılması onların seçimi əsasında həyata keçirilir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı hesab edir ki ilkin doğum haqqında akt qeydində yalnışlığa yol verilmiş, xx.xx.1998-ci il tarixdə tərtib olunmuş doğum haqqında şəhadətnaməyə görə onun anası X6 və doğum yeri Rusiya Federasiyası Penza şəhəri olduğu halda doğum haqqında akt qeydində “ana” və “doğum yeri” qrafasında göstərilən məlumatlar səhv göstərilmişdir. Cavabdeh isə iddiaçının bu tələbinin təmin edilməsindən imtina etmiş və bu halı onunla əsaslandırmışdır ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydiyyatının ləğv olunması məhkəmə qətnaməsi əsasında icra edilir. Məhkəmə hazırki iddia tələbinin əsaslı olub-olmaması istiqamətində araşdırma aparmış, iddiaçının doğum haqqında akt qeydinin təsdiq olunmuş surətinin təqdim olunması ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlamışdır. Məhkəmə icraatı zamanı təqdim olunmuş İddiaçı doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı Bakı şəhərində doğulmuş, onun atası xx.xx.1960-cı il təvəllüdü X9, anası isə xx.xx.1968-ci il təvəllüdlü X3r. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1998-ci il təvəllüdlü olsa da, onun barəsində doğum haqqında akt qeydi xx.xx.2004-cü il tarixdə tərtib olunmuşdur ki, həmin akt qeydində göstərilən məlumatlar məhz mülki məhkəmə qətnaməsinin icrası nəticəsində yazılmışdır. Belə ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli məhkəmə qətnaməsindən görünür ki, X4 xx xxx 1998-ci il tarixdə İddiaçı anadan olması faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı X9 və X1 03 fevral 1989-cu il tarixdə nikaha daxil olduğu müəyyən edilmişdir. Suraxani rayon Məhkəməsi X2 tələbini təmin edərək, İddiaçı xx xxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmasını, onun atasının X9, anasının X5, miliyyətinin azərbaycanlı olması faktını müəyyən etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçı barəsində ilkin doğum haqqında akt qeydini tərtib edərkən doğum haqqında akt qeydində tələb olunan məlumatları məhz Suraxanı rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli məhkəmə qətnaməsi əsasında doldurmuşdur. Başqa sözlə desək iddiaçının doğum haqqında akt qeydində göstərilən məlumatların kökündə faktın tanınması ilə bağlı məhkəmə qətnaməsi dayanır ki, həmin məhkəmə qətnaməsi hal-hazırda qüvvədə olduğundan və mübahisələndirilmədiyindən, iddiaçının tələbi üzrə, yəni doğum haqqında akt qeydində dəyişikliyin edilməsi mümkün deyildir. Eyni zamanda Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikasının 1999-cu il 28 dekabr tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Qüvvədə olan qanunvericiliyin müddəalarına görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası mütləq qaydada təmin olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində ilkin doğum haqqında akt qeydini tərtib edərkən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində olan məlumatları əsas götürdüyündən, cavabdeh tərəfindən hər hansı səhvə yol verilməmişdir. Həmin məhkəmə qətnaməsi hal-hazırda qüvvədə olduğundan və mübahisələndirilmədiyindən, cavabdeh inzibati orqan haqlı olaraq doğum haqqında akt qeydində iddiaçının arzuladığı kimi düzəlişin aparılmasından imtina etməsində haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar