Məhkəmə qərarları › İş №2-1(112)-4647/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4647/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4647/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Hacıqabul rayonu, 1-ci Paşalı kəndində qeydiyyatda olan), İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 27 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X8 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 mənzil 224 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı vaxtdan yəni, xx xxxxxx 2013-cü ildən pensiyanın hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X13 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X13 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cu ildə Şamaxı rayonu Şorbaçı kəndində anadan olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət edərək sənədlərini təqdim etmişdir. Təqdim etdiyi sənədləri araşdırıldıqdan sonra xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubla xahişinə imtina cavabı verilmişdir. Həmin məktubda qeyd edilir “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-ci il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin yaşa görə pensiya hüququ vardır. İdarəyə təqdim etdiyi xx xxxxxx 1978-ci il tarixli İT-İ-0158995 nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1978-xx.xx.2018-ci il tarixlər arasındakı dövr ərzində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 200-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli məktub əsassızdır. Belə ki, xx.xx.1974-cü ildə Azərbaycan SSR Şamaxı rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə yollanmış və xx.xx.1976-cı il tarixinədək keçmiş SSRİ Silahlı qüvvələrində xidmət etmişdir. xx.xx.1978-ci ildə verilmiş arayışa əsasən Azərbaycan SSR Tikinti və Sənaye Nazirliyinin TREST-4 kiçik mexanizasiya təsərrüfat hesablı sahəsində əmək fəaliyyətinə başlamış və 9 ay 15 günlük əmək stajı olmuşdur. xx.xx.1978-xx.xx.1979-cu illərdə həmin müəssisədə 5-ci dərəcəli “maşinist ekskovatorçu”; xx.xx.1979-xx.xx.1992-ci illərdə Qobustan rayonu və X14 ilə X9 və İstismarı İdarələrində “traktorçu və maşinist”, xx.xx.1992-xx.xx.1995-ci illərdə Hacıqabul rayonu Udulu kolxozunda “kolxozçu”, xx.xx.1997-xx.xx.1998-ci illərdə X12 Kəmərləri İdarəsində “buldozerçi”; xx.xx.1998xx.xx.2002-ci illərdə “Azəriqaznəql” İB-də 8-ci dərəcəli “traktorist-buldozerçi”; xx.xx.2003xx.xx.2004-cü illərdə ÖTC X10 “xxxx” Şirkətində “ekskavator operatoru”; xx.xx.2007xx.xx.2008-ci illərdə “X20” MMC-də “mexanizator”; xx.xx.2008-xx.xx.2013-cü illərdə “xxxx” ASC-də “5-ci dərəcəli ekskavator operatoru”; xx.xx.2015-xx.xx.2016-cı illərdə “xxxx” MMCdə “sürücü operator”; xx.xx.2017-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2018-ci illərdə “xxxx” MMC-də “ekskavator operatoru” işləmişdir. Uzun illər ağır nəqliyyat vasitələri idarə etdiyi üçün xx.xx.2010-cu ildə Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi var. Sənədlərin toplanılması ilə əlaqədar əvvəllər işlədiyi idarə, müəssisə və təşkilatlara sorğular göndərilmiş, lakin cavablar təqdim edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının xx xxxxxx 1978-ci il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1978-xx.xx.2018-ci il tarixləri arasıdakı dövr ərzində iddiaçının işlədiyi “traktorçu”, “buldozerçi” vəzifələr Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarının 2 nömrəli siyahısındakı sahələr və peşələr ilə üst-üstə düşmür. Bundan başqa iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixinədək topladığı ümumi iş stajı 25 ildən az təşkil edir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən ümumi iş stajı olan 25 ili və güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla əlaqədar məhkəmə təcrübəsinə də müraciət edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin X5 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər (bənd 2.2). Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Lakin göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən digər işlərdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikasının Milli X16 Rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 6 saylı arayışdan görünür ki, İddiaçı adı Hacıqabul rayon Dövlət Arxivində fond-10-da qorunub saxlanılan X18 ilə X3 İdarəsinin 1985, 1988, 1992-ci illərə aid əmr kitablarında və fond-68-də qorunub saxlanılan Hacıqabul rayon (Qazıməməd şəhər) X15 İdarəsinin 1997, 1998, 2001-ci illərə aid əmr kitablarında aşağıda olduğu kimi qeyd edilmişdir. 1. Əmr N-07, İddiaçı Ağakərim oğlu xx.xx.1985-ci il tarixdən X18 ilə X6 2 N-li Mexanizimlər sahəsinə işə qəbul edilsin. 2. Əmr N-35/k xx.xx.1988-ci il tarixdən nəzarətçi keçirilsin. 3. Əmr N-37/k, 2 N-li REU üzrə QTS nəzarətçisi xx.xx.1991-ci il tarixdən n/st-yə V dərəcəli maşinist keçirilsin. Əsas: Fond- 10, Sax.vah-1,9,6 1. Əmr N-64, İddiaçı Ağakərim oğlu xx.xx.1997-ci il tarixdən Qazıməmməd şəhər X15 idarəsinə Buldozerçi qəbul edilsin. 2. Əmr N-32/k xx.xx.1998-ci il tarixdən köçürmə yoluyla AMNİ-ə keçirilsin. 3. Əmr N-104, xx.xx.2001-ci il tarixdən işdən azad edilsin. Əsas: Fond-68, Sax.vah-58,59,123. İşdə olan Azərbaycan Respublikası Milli Arxivi tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli, 5/2310 saylı məktubdan görünür ki, İddiaçı əmək kitabçasında qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin kiçik mexanizasiya Təsərrüfatı hesablı sahəsinin, Qobustan rayonunun və Pirsaat suvarma sistemləri İdarələrinin, BTC X17 Şirkətinin, “xxxx” MMC-nin, hal-hazırda fəaliyyət göstərən “xxxx” ASC-nin və “xxxx” MMC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İşdə olan X2 “xxxx” ASC tərəfindən verilmiş 808/20 saylı, xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı həqiqətən “xxxx” ASC-də xx.xx.2008-ci il tarixdən (əmr №iq- 39) xx.xx.2009-cu il tarixə kimi 5-ci dərəcəli ekskavator operatoru peşəsində işləmiş və yenidən xx.xx.2011-ci il tarixdə (əmr №iq-150) 5-ci dərəcəli ekskavator operatoru peşəsinə işə qəbul olunmuş, xx.xx.2013-cü il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən onun təşkilatda güzəştli əmək stajı 03 il 05 ay 26 gün təşkil edir. Koronavirusla əlaqədar olaraq yaranan xüsusi karantin rejimində arxivləşdirilmiş sənədlərə baxış hal-hazırda qeyri-mümkündür. Bu səbəbdən İddiaçı yuxarıda qeyd edilən iş illəri üzrə aldığı əmək haqqı üzrə məlumatları Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentindən əldə edə bilər. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də “xxxx”xxxx“X2 xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Hal-hazırda cəmiyyət “X2 xxxx” ASC adı ilə fəaliyyət göstərir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxxxxx 1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan “Azəriqaz” İB tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, “Azəriqaz” İB-də və onun struktur bölmələrində İddiaçı adlı şəxsin işlədiyinə dair hər hansı məlumat mövcud deyildir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən Azərbaycan SSR Tikinti və Sənaye Nazirliyinin TREST 4 kiçik mexanizasiyası təsərrüfat hesablı sahəsində əmək fəaliyyətinə başlayanadək 09 ay 15 gün əmək stajı olmuşdur. Azərbaycan SSR Tikinti və Sənaye Nazirliyinin TREST 4 kiçik mexanizasiyası təsərrüfat hesablı sahəsində xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin müəssisədə 5-ci dərəcəli maşinist ekskavatorçu, xx.xx.1979-cu il tarixdən xx xxx 1992-ci il tarixədək Qobustan rayonunun və X14 ilə X7 və İstismarı İdarələrində traktorçu və maşinist, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Hacıqabul rayonu Udulu kolxozunda kolxozçu, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X12 Kəmərləri İdarəsində buldozerçi, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azəriqaznəql” İB-də 8-ci dərəcəli traktorist-buldozerçi, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək ÖTC X10 “xxxx” Şirkətində ekskavator operatoru; xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədəj “X20” MMC-də mexanizator; xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “xxxx” ASC-də 5-ci dərəcəli ekskovator operatoru; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı illərdə “xxxx” MMC-də sürücü operator; xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” MMC-də ekskovator operatoru vəzifələrində işləmişdir. İşdə olan cavabdeh tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə, x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi xx xxxxxx 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.1978-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı xx xxxxxx 1956-cı il təvəllüdlü olmaqla, 57 yaşı tamam olduğu xx xxxxxx 2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən işlədiyi vəzifələrin güzəştli iş stajı verən vəzifələrə aid edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun həm xx.xx.2006-cı il tarixədək, həm də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər 57 yaşı tamam olan xx.xx.2013-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə araşdırması nəticəsində işdə olan əmək kitabçası əsasında iddiaçının 57 yaşı tamam olan xx.xx.2013-cü il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması öz təsdiqini tapsa da, lakin həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində istinad etdiyi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə müqayisəli təhlil edilmiş və müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunmuş peşələr işlədiyi bölmə üzrə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı tikinti sahəsi ilə bağlı olan sahələrdə ekskavatorçu maşinist, traktorçu, maşinist, buldozerçi və ekskavator operatoru peşələrində işləmişdir. Qeyd olunan siyahılarda nəzərdə tutulmuş bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində iddiaçının işlədiyi peşələr güzəştli iş stajı verən peşələrə aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müxtəlif bölmələrində (dağ mədən işləri bölməsi, metallurgiya istehsalatı (əlvan metallar), metallurgiya istehsalatı (qara metallar) torf hasilatı) ekskavator maşinisti peşəsi, həmçinin bəzi sahələr üzrə buldozer maşinistləri, traktorçular güzəştli iş stajı verən peşələrə aid edilsə də, lakin iddiaçının işlədiyi peşələr həmin bölmələrlə bağlı olmamış, iddiaçı həmin sahələr üzrə işləmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməmişdir. Beləliklə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 57 yaşı tamam olan xx xxxxxx 2013-cü il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə xx xxxx 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 12 il 6 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar