Məhkəmə qərarları › İş №2-1(112)-4648/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4648/2022

21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4648/2022 21.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının əlilliyinin bərpa edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı «əlillik təyin edilməsi və xəstəliyə görə pensiya verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və cavabdeh qismində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, tələb kimi isə, «iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi» qəbul olumasını xahiş etmişdir. Məhkəmə cavabdehin və iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 4 sentyabr 1973-cü il tarixdə Kəlbəcər rayonunun Güneypəyə kəndində doğulmuşdur. Xəstəliyi və əlilliyi ilə əlaqədar Silahlı Qüvvələrin Məhkəmə- Tibbi Ekspertiza və X3 müraciət etmişdir. 18 yanvar 2017-ci il tarixdə müraciətə cavab olaraq bildirilmişdir ki, Ekspertizaya 18 yanvar 2017-ci il tarixdə daxil olmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən tərtib edilmiş 17 yanvar 2017ci il tarixli 44 saylı təliqədən görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsində qeydiyyatda olan 1973-cü il təvəllüdlü N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı ərizə ilə müraciət edərək xəsarətinin hərbi xidmətlə əlaqəsinin olub-olmamasının müəyyən edilməsini xahiş etmişdir. Xidmətin Kəlbəcər rayon bölməsində adına olan qeydiyyat sənədlərində onun xəsarəti və yaralanması barədə heç bir rəsmi sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı 2008-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi üçün İddiaçı sərəncamınıza göndərilir. X2 16 yanvar 2017-ci il tarixli izahatında qeyd etmişdir: 27 aprel 1992-ci il tarixdən 17 avqust 1996-cı il tarixədək 701, N saylı hərbi hissədə xidmətdə olmuşdur, xidmətdə olduğu müddətdə İddiaçı Gancəli oğlu da onunla birlikdə N saylı h/h-da hərbi xidmət keçmişdir. İddiaçı 1993-cü ilin yanvar ayında döyüş zamanı qəlpə yaraları almasının şahididir. X6 17 yanvar 2017-ci il tarixli izahatında qeyd etmişdir: 17 dekabr 1991-ci il tarixdən 21 fevral 1994-cü il tarixədək N saylı hərbi hissədə xidmətdə olmuşdur, xidmətdə olduğu müddətdə İddiaçı da onunla birlikdə N saylı h/h-də hərbi xidmət keçmişdir. 1993-cü ilin yanvar ayında İddiaçı döyüş zamanı qəlpə yaraları almasının şahididir. 1973-cü il təvəllüdlü İddiaçı Gancəli oğlunun MN MTE və PAM-də 18 yanvar 2017ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı özünün sözlərinə görə N saylı hərbi hissənin tərkibində əsgər kimi hərbi xidmətdə olarkən, 1993-cü ilin yanvar ayında (günü dəqiq xatırlamır) Kalbəcər istiqamətində düşmənə qarşı aparılan döyüş əməliyyatları zamanı, onun olduğu döyüş sektoruna düşmən tərəfindən top və digər artilleriya mərmiləri atılmış və həmin mərmilərin onun yaxınlığında partlaması nəticəsində kontuziya və bədəninin müxtəlif nahiyələrindən odlu silah qəlpə yaralanması xəsarətləri almışdır. Hərbi hissənin tibb məntəqəsində müalicə alması barədə bildirilmişdir. 5 yanvar 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Ona “keçirilmiş qapalı kəllə-beyin travmasmm davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7 – 8 dəfə). Kəllə-daxili hipertenziya, vaqo-vefetativ krizlar, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya, teztez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7 – 8 dəfə). Kəllə-daxili hipertenziya, vaqovefetativ krizlar, koordinator-statik pozğunluqlar, diensefal sindrom, Kaskin asteno-nevrotik sindrom” xəstəliyi barədə rəy verilmiş, əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 5 yanvar 2023cü il tarixədək olması bildirilmişdir. Ona görə də, əlillik pensiya təyinatı ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsaslanaraq, İPM-in 33, 73-cü maddələrini rəhbər tutaraq, məhkəmədən ona İİ qrup əlilliyin verilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4 yanvar 2018-ci il tarixli 4110003AACP9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın . . .; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7 – 8 dəfə). Kəllə-daxili hipertenziya. vaqo-vefetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7 – 8 dəfə). Kəllə-daxili hipertenziya. vaqo-vefetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom, Kəskin asteno-nevrotik sindrom. ; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 18 noyabr 2019-cu il tarixli 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, Nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (610cu sıra), “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının ikinci dərəcə əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb idarəsinin göndərişləri əsasında Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona səbəb “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmaqla beş il müddətinə əlillik dərəcəsi verilməsi barədə qərar qəbul olunmuşdur. Lakin 2019-cu ilin noyabr ayında quruma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən müvafiq göndərişlərin, o cümlədən iddiaçının adına verilmiş göndərişin əsassız rəsmiləşdirilməsi barədə məktub daxil olmuş və bundan sonra TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir və əlilliyinin bərpasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövrdə aldığı xəsarətin ona ikinci dərəcəli əlillik verilməsinə əsas olması işin mübahisəli halı deyil. Odur ki, məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı cavabdehin hərəkətlərinə qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə görə maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. a) Aşağıdakılar «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa. Məhkəmə iddiaçının əlilliyinin etibarsız sayılması üzrə inzibati icraatla bağlı aşağıdakıları diqqətə çəkir: - İkinci qrup əlillik dərəcəsinin təyini barədə qərar ünvanlandığı şəxs kimi iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər xassələrini özündə əks etdirdiyindən “əlverişli inzibati akt”dır. Qanunun mənasına və mövcud inzibati praktikaya görə əlverişli inzibati aktın ləğvi və etibarsızlığı bununla bağlı müvafiq əsaslar olduqda bu barədə qərarla rəsmiləşdirlir. Belə hal, həm də inzibati orqanın əlverişsiz hərəkətlərindən müdafiə vasitələrindən (qərardan şikayət verilməsi barədə müddəa əks olunmaqla) istifadənin səmərəliyinə yönəlmiş olur. Lakin cavabdeh tərəf iddiaçıya münasibətdə əlverişli inzibati aktı (əlilliyi barədə) etibarsız saysa da, bu barədə ayrıca inzibati icraat aparmamış və müvafiq inzibati akt qəbul etməmişdir. Yəni, inzibati orqan inzibati aktın etibarsız sayılmasını, buna əsaslar olubolmamasından asılı olmayaraq tələb olunan qaydada icraat aparmaqla rəsmiləşdirməmişdir. İddiaçıya əlilliklə bağlı ödənilmiş vəsaitin geri alınması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.7-ci maddəsində göstərilən qaydada rəsmiləşdirildiyindən, bu norma da əlverişli inzibati aktın ləğvinin müvafiq qərarda əks olunmasını zəruri edir. - İddiaçıya əlillik dərəcəsinin verilməsi barədə əlverişli inzibati aktın etibarsız sayılması üzrə qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi) nəzərdə tutulan əsasların mövcudluğu hazırkı işdə müəyyən edilmir. Həmin inzibati aktın ləğvinə gəldikdə isə, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə maraqlı şəxs kimi iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu akt kimi ləğv oluna bilməz. Nəzərə alınmalıdır ki, həmin Qanunun 67.6-cı maddəsinə göstəriıən hallar da hazırkı iş üzrə müəyyən edilmir. - Şəxsə əlilliyin təyin edilməsi zamanı onun barəsində göndərişin səlahiyyəti orqana hansı tibb müəssisəsi (əvvəllər işlədiyi və ya yaşadığı yer üzrə, ailə üzvünün uçotda olduğu və s.) tərəfindən ünvanlanması konkret müəyyən edilmədiyindən, iddiaçının əlilliyinin etibarsız sayılması barədə qərar və ya hərəkət «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından mütənasib sayıla bilməz. Bundan başqa, inzibati orqan tərəfindən inzibati icraat iddiaçının iştirakı olmadan, iş üzrə bütün, o cümlədən iddiaçının xeyrinə olan hallar tam araşdırılmadığından, bu icraat «İnzibati icraat haqqında» Qanunun 15.1, 24.1, 24.2-ci maddələrinin tələbləri pozulmaqla aparılmış sayılır. Məhkəmə yuxarıda qeyd olunanların məcmusunda belə nəticəyə gəlir ki, iddiaçının əlilliyinin etibarsız sayılması ilə bağlı inzibati orqan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunvericiliyin (o cümlədən inzibati icraatın prosedurl qaydaları müəyyən edən normaların) tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ikinci dərəcə əlilliyinin bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyinin bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar