Məhkəmə qərarları › İş №2-1(112)-465/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-465/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-465/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının hüquqi varisi X3, iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin, 36 saylı mənzilinin onun adına özəlləşdirilməsi və həmin mənzil üzərində ona məxsus hüquqların ilkin dövlət qeydiyyatını aparıb, həmin mənzilə dair dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi (oğlu) X5 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X5 izahatında bildirdi ki, iddiaçı onun anasıdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinin onun adına özəlləşdirilməsini və həmin mənzil üzərində ona məxsus hüquqların ilkin dövlət qeydiyyatını aparıb, həmin mənzilə dair dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin 11 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmiş, əsas kimi isə onun adına Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11/2 saylı sərəncamın 03 yanvar 2019-cu il tarixdə verilməsi göstərilmişdir. Bu zaman cavabdeh 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinə istinad etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, atası, yəni iddiaçının həyat yoldaşı X6 3 otaqlı mənzil növbəsində olduğuna görə 1991-ci ildə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzili Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmişdir. Lakin qeyd edilən mənzil 2 otaqlı olduğuna görə ona yalnız köçürmə talonu ilə təhvil verilmiş və ona izah edilmişdir ki, «Sizə tezliklə yeni 3 otaqlı mənzil veriləcək və yeni mənzil vermək imkanı olmasa Sizə bu mənzilə dair Order veriləcəkdir». Həmin mənzil onlara təhvil veriləndən sonra 1991-ci ildən anası və atası həmin mənzilə köçmüş və usaqları ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Sonradan isə onlara başqa mənzil verilməmiş, atası bu mənzilə dair adına Order verilməsini tələb etsə də, mənzilə dair atasının adına Order də verilməmişdir. Buna baxmayaraq, onlar həmin mənzildə tam qanuni surətdə yaşamış, mənzilə dair kirayə haqqını və bütün kommunal xərcləri ödəmişlər. X2 19 iyun 2008-ci ildə vəfat etmiş, sonra da anası həmin mənzildə yaşamağa davam etmişdir. Bundan sonra anası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarı ilə iddiası təmin edilmiş və həmin qərara əsasən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair anası ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsaslanmış, bu səbəbdən də Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 03 yanvar 2019-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair anası ilə kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 03 yanvar 2019cu il tarixli sərəncamına əsasən anası ilə 50 saylı MKİS arasında “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında birtipli müqavilə” bağlanmışdır. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair anası ilə bağlanmış kirayə müqaviləsi də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsaslandığından, onun həmin mənzilə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı adına Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11/2 saylı sərəncam 03.01.2019-cu il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. Bu səbəbdən də iddia əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 yanvar 2019-cu il tarixli 11/02 saylı sərəncamının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarının icrasını təmin etmək məqsədi ilə R.Rüstəmov küçəsi, 8 №-li evin 36-cı mənzilinin kirayə müqaviləsinin 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Kirayədar Bakı şəhər Nizami rayonu 50 saylı MKİS ilə Kirayəçi İddiaçı arasında bağlanılmış Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında Birtipli Müqavilədən görünür ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 03 yanvar 2019-cu il tarixli 11/02 saylı sərəncamına əsasən Kirayədar Kirayəçiyə və onun ailə üzvlərinə Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 nömrəli evdə 36 nömrəli mənzildə 31,22 kv.m yaşayış sahəsini müddətsiz istifadə üçün vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.09.2019-cu il tarixli məktubda qeyd olunur: ünvan 2 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı daxil olmuş ********** nömrəli, 24.08.2019-cu il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı adına Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11/2 saylı sərəncamın 03.01.2019-cu il tarixdə verildiyi müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gələməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarında olan Bakı şəhəri MKTD Nizami rayon MKTB 50 saylı MKİS-nin 29.03.2019-cu il tarixli 242 saylı arayışından görünür ki, İddiaçı həqiqətən R.Rüstəmov küşəsi 8 nömrəli evin 36 nömrəli mənzilində pasport qeydiyyatındadır. Bakı şəhəri Nizami Rayon İcra Hakimimiyyəti başçısının 11/02 nömrəli 03 yanvar 2019-cu il tarixli sərəncamı ilə bağlanmış kirayə müqaviləsinə əsasən mənzilin sahibidir. Qeydiyyatda heç kim yoxdur. İş materiallarında olan AZ seriyalı ******* nömrəli 12.01.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23.11.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X2, anası İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanması» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 yanvar 2019-cu il tarixli 11/02 saylı sərəncamına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarının icrasını təmin etmək məqsədi ilə R.Rüstəmov küçəsi, 8 №-li evin 36-cı mənzilinin kirayə müqaviləsinin 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Kirayədar Bakı şəhər Nizami rayonu 50 saylı MKİS ilə Kirayəçi İddiaçı arasında bağlanılmış Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında Birtipli Müqaviləyə əsasən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 03 yanvar 2019-cu il tarixli 11/02 saylı sərəncamına əsasən Kirayədar Kirayəçiyə və onun ailə üzvlərinə Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 nömrəli evdə 36 nömrəli mənzildə 31,22 kv.m yaşayış sahəsini müddətsiz istifadə üçün vermişdir. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11/2 saylı sərəncamın 03.01.2019-cu il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd olunan sərəncam 03.01.2019-cu il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2-1(82)-1889/2018 saylı qərarından görünür ki, iddiaçının həmin mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşaması müəyyən edilmiş, bu baxımdan mənzil münasibətlərinin həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olması qənaətinə gəlinmiş və həmin mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə minmiş, həmin qərarın icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan sərəncam qəbul edilmiş və Kirayədar Bakı şəhər Nizami rayonu 50 saylı MKİS ilə Kirayəçi İddiaçı arasında bağlanılmış Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında Birtipli Müqaviləyə əsasən həmin mənzil iddiaçıya və onun ailə üzvlərinə müddətsiz istifadə üçün verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 8 saylı evin 36 saylı mənzilinə iddiaçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar