Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4650/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı cərimənin götürülməsi və avtomobilin texniki baxışdan keçirilməsi barədə iddia tələbinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı "xxxx" markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən mərkəzi informasiya sistemində qeyd edilmiş cərimənin götürülməsi və həmin avtomaşının texniki baxışdan keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan bir neçə maşını müqavilə ilə "xxxx" MMC nəqliyyat şirkətinə icarəyə vermişdir və həmin şirkət də, öz marşrutunda idarə edilməsi üçün avtobusları sürücülərə təqdim etmişdir. Həmin avtobuslardan biri – "xxxx" markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomaşını MMC-nin sürücüsü X3 idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və onun barəsində protokol tərtib edilərək cərimə edilmişdir. Həmin avtomaşını digər sürücü idarə edərkən X6 İdarəsinin əməkdaşı cərimə ödənmədiyinə görə avtobusu cərimə meydançasına salmışdır. Çox saylı şikayətlərindən 1 ay keçdikdən sonra cavabdehin xx.xx.2024-cü il tarixli qərarına əsasən avtobus cərimə meydançasından buraxılmışdır. Bundan sonra o, avtobusu texniki baxışdan keçirmək istədikdə, ona bildirmişlər ki, avtobusun üzərində cərimə olduğuna və həmin cərimə ödənilmədiyinə görə avtobus texniki baxışdan keçirilə bilməz. Bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə müraciət edərək avtobusu idarə edənin cəriməsinə görə həmin cərimənin avtobusun üzərində saxlanmasının və avtobusun texniki baxışdan keçirilməməsinin qanunsuz olduğunu bildirmişdir və bunun aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ona cavab verərək bildirmişdir ki, cəriməyə görə texniki baxışdan keçirilməmək barədə ərizə araşdırılmış və DYP əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları aşkar edilməmişdir. Eyni zamanda, o, xx.xx.2024-cü il tarixdə rəsmi ərizə ilə 3-cü şəxsə də, eyi məzmunlu ərizə ilə müraciət etmiş və həmin ərizəsinə bu günə kimi də, rəsmi cavab verilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Avtobusu İdarə edən sürücünün yol verdiyi pozuntuya görə cərimə edilməsi və həmin cəriməni ödəməməsinə görə cərimənin avtobusun üzərində saxlanılması və bu əsasla da, həmin avtobusun texniki baxışdan keçirilməsindən imtina edilməsi tam qanunsuzdur və AR İXMnin tələblərinə ziddir. Təsadüfi deyildir ki, həmin avtobusun mühafizə olunan duracağa qoyulması barədə qəbul edilmiş qərarın icrasına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qərarda məhz "xxxx" MMC ilə sürücü X3 arasında olan əmək müqaviləsinə xitam verilməsi, habelə AR İXM-nin 150.12-ci maddəsi rəhbər tutulmuşdur. Həmin cərimənin və pozuntunun sürücüyə aid olması əsas gətirilərək onun mülkiyyətində olan avtobus duracaqdan buraxılmışdır. Amma indi məhz həmin cərimənin ödənilməməsinə görə maşını texniki baxışdan keçirməkdən imtina edilməsi qanunsuz olmaqla, onun mülkiyyət hüquqlarını pozur və onun həmin avtomaşından isifadə edərək gəlir əldə etmək imkanından məhrum edir. Bu isə sahibkarlıq hüququna müdaxilə və pozuntu kimi qiymətləndirilməlidir. Onu da, qeyd edir ki, cavabdeh təşkilatda ona verilmiş məlumata əsasən, bu avtobusu idarə edərkən yol hərəkəti qaydalarının pozuntusuna yol vermiş sürücü X3 barəsində inzibati protokol tərtib edilərək cərimə olunmuş, həmin cərimə ödənmədiyi üçün məhkəmə qərarı ilə sürücü İ.Əskərov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə qərar məcburi icraya göndərilmişdir. Belə olan təqdirdə, cavabdehin həmin cəriməni avtobusun üzərində saxlanması və avtobusu texniki baxışdna keçirməməsi tam qanunsuz hərəkətlərdir. Ona görə də, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli, sürücü X2 inzibati xəta törətməsinə görə təyin edilmiş cərimənin onun mülkiyyətində olan avtobusun üzərindən götürülməsi və avtomaşının texniki baxışdan keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə mümkünlük iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla aşağıdakılardan ibarətdir:
1. Ona məxsus “Mercedes Benz” markalı, **-SP-*** dövlət nömrə nişanlı avtomobilinə yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilmiş cərimələrin silinməsi;
2. Qeyd oluna avtomobilin texniki baxışdan keçirilməsi. Məhkəmə iddiaçının 1-ci tələbi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qaşrı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati mübahisələr dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (strutur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də, inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Həmçinin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 7.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, inzibati icraat haqqında qanunvericilik inzibati orqanların inzibati xətalara dair işlər üzrə qanunsuz qərarları və hərəkətlərinə şamil olunmur və bu iddialara baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdir. İddiaçının tələbi cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Ona görə də, iddiaçının cərimə borclarının silinməsi ilə bağlı cavabdehə qarşı tələbi inzibati məhkəmə icraatının predmeti ola bilməz. İddiaçının ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar müvafiq tələblə aidiyyəti ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddianın ikinci hissəsinə münasibətdə (nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi bildirir ki, həmin tələb birinci hissədə göstərilən tələbin nəticə hissəsindən asılıdır. Yəni, iddiaçı ilk növbədə, inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimənin aidiyyəti ümumi məhkəmədə mübahisələndirməli, daha sonra nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 30-cu maddəsinin Vİ-İ hissəsinə əsasən, nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 4) dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, bu Qanunun 30-cu maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan inzibati cərimənin, yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi; Həmin maddənin Vİİİ hissəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödəildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir. Göründüyü kimi, müvafiq qanunvericilik nəqliyyat vasitəsi barəsində inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə mövcud olduğu halda həmin nəqliyyat vasitəsinə texniki baxış keçirilməsini istisna edir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmır. Həmçinin, iddiaçı müvafiq hissədə göstərilən tələblə bağlı cavabdeh inzibati orqana ilkin müraciətini təqdim etməmişdir. Halbuki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, “İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva