Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4652/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulan sosial müvinətin və Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1997-ci il tarixdən - 01 aprel 2019-cu il tarixə kimi əvvələ olan müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin birdəfəlik ona ödənilməsi və 01 aprel 2019-cu il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi əvvələ olan Azərbaycan Respublikasının Prezidentinin müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, DİN-nin Baş Yanğından Mühafizə və Qəza Xilasetmə orqanında xidmət etmişdir. DİN-nin Baş Yanğından Mühafizə və Qəza Xilastemə işlər idarəsinin 12 may 1994-cü il tarixli 82 nömrəli əmri ilə 19 aprel 1994-cü il tarixdən - 04 may 1994-cü il tarixədək və 03 avqust 1994-cü il tarixli 100 nömrəli əmri ilə 19 iyul 1994-cü il tarixdən - 29 iyul 1994-cü il tarixədək Füzuli rayonunda Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Daha sonra o, Fövqalədə Hallar Nazirliyində işləmişdir. 1997-ci il tarixdə ona müharibə veteranı adı və bu barədə müvafiq vəsiqə verildi, üç ay sonra isə yoxlanılmaq adı ilə FHN tərəfindən müharibə veteranı vəsiqəsi ondan alındı. Müharibə veteranı vəsiqəsi 1997-ci il tarixindən 2021-ci ilə kimi verilmədi. Dəfələrlə FHN-nə və FHN-nin tabeliyində olan X2 Xidmətinə yazılı və şifahi müraciət etməyisinə baxmayaraq, müraciətləri cavabsız qaldı. Daha sonra DİN-ə rəsmi müraciət etmiş, ona 20.01.2021-ci il tarixində müharibə veteranı vəsiqəsinin dublikatı (təkrarı) verildi. Müharibə veteranı vəsiqəsində də təkrar sözü qeyd edilmişdir. Daha sonra müavinətin və Prezident təqaüdlərinin əvvələ olan illərinin verilməsi üçün cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etdi və məhkəməyə müraciət edilməsi məsləhət görüldü. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı DİN-nin Baş Yanğından Mühafizə və X5 idarəsinin 12 may 1994-cü il tarixli 82 nömrəli əmri ilə 19 aprel 1994-cü il tarixdən - 02 may 1994-cü il tarixədək və 03 avqust 1994-cü il tarixli 100 nömrəli əmri ilə 19 iyul 1994-cü il tarixdən - 29 iyul 1994-cü il tarixədək Füzuli rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıya 1997-ci il tarixdə müharibə veteranı adı və bu barədə müvafiq sənəd verilmişdir. Lakin iddiaçı məhkəmə iclasında özündən asılı olmayan səbəbdən müharibə veteranı vəsiqəsini itirdiyini və 2021ci il tarixdən təkrar vəsiqə aldığını qeyd etmiş, lakin bununla bağlı heç bir sübut təqdim etməmişdir. İddiaçı vəsiqəni aldığı tarixdən, yəni 1997-ci ildən başlayaraq ona müavinətin geri ödənilməsini tələb edir. Nəzərə alsaq ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu 2006-cı ilin fevral ayından qüvvəyə minmişdir, belə olduğu təqdirdə qanunun geriyə qüvvəsi 1997-ci ildən 2006-cı ilədək tətbiq edilə bilməz. Digər tərəfdən veteranlar üçün nəzərdə tutulan güzəştlər veteran vəsiqəsi verildikdən sonra həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o, statusu almamışdan daha əvvəl yarana bilər, ancaq müavinəti almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Ona görə də bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. İddiaçının digər bir tələbi isə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il Fərmanı ilə müəyyən edilən Prezident təqaüdünün həmin tarixdən iddiaçının təkrar vəsiqə aldığı tarixədək birdəfəlik geri ödənilməsidir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Ölkə Başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya təkrar “müharibə veteranı vəsiqəsi” 20 yanvar 2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki aylar və illər üzrə ödənilməsi qaydası nəzərdə tutulmadığından hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. İddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.01.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında’ 26.12.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 (əlli beş) min manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir.Lakin Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublkasının Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, "Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikasının Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox Azərbaycan Respublikasının Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında" Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq Sizə müharibə veteranları üçün nəzərdə tutulan təqaüd qanunauyğun olaraq təyin edilmişdir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibatı orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin 22.07.2020-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Muhafizə Xidmətinin sabiq əməkdaşı İddiaçı DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsinin 82 nömrəli 12 may 1994-cü il tarixli əmri ilə 19 aprel 1994-cü ıl tarixdən 4 may 1994-cü il tarixədək və 100 nömrəli 3 avqust 1994-cü il tarixli əmri ilə 19 iyul 1994-cu il tarixdən 29 iyul 1994-cü il tarixədək Füzuli rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyuş əməliyyatlarında iştirak etmişdir. Əsas: DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri İdarəsinin 82 nömrəli 12 may 1994-cü il tarixli və 100 nömrəli 3 avqust 1994-cü il tarixli əmrləri. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən 20.01.2021-ci il tarixdə verilmiş №034438 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Vəsiqə təkrar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 19.10.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin 08.10.2021-ci il tarixində daxil olmuş **********9 nömrəli xidməti məktubunuza Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Bildiririk ki, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin Pensiya altsistemində İddiaçı hər hansı bir növ əmək pensiyası və Sosial ödənişlər altsistemində hər hansı bir növ müavinət təyin edilməsi aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin Sosial ödənişlər altsistemində sözügedən şəxsə 20.01.2021-ci il tarixindən 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilib və ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Şəxsi Heyətlə iş İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 14.09.2021-ci il tarixli məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının 30.07.1997-ci il tarixli 8 saylı protokoluna əsasən «Müharibə veteranı» adı və vəsiqəsi verilmiş İddiaçı həmin vəsiqəni itirdiyindən 25.01.2021-ci il tarixdə ona təkrar «Müharibə veteranı» vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyət İş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.08.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın 30.07.1997-ci il tarixli 8 nömrəli protokoluna əsasən “Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. Həmin məktuba əlavə edilmiş 30.07.1997-ci il tarixli 8 nömrəli protokolun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (sıra sayı 1017) müharibə veteranı adının və vəsiqəsinin verilməsi qərara alınmışdır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir; 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadığı hallarda təyin edilir; 9.1, 9.1.5-ci maddələrinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il Fərmanının 2.1-ci bəndinə əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.6-cı, 7.0.7-ci, 7.0.8-ci (hər iki halda), 8-ci, 9.1.5-ci, 9.1.6-cı, 9.1.7ci, 11.1.5-ci, və 11.1.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. «Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə 55 manat aylıq sosial müavinət müəyyən edilmişdir (01.04.2019-cu ilədək qüvvədə olmuşdur). “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Daxili İşlər Nazirliyi tərəfindən 30.07.1997-ci il tarixdə “Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. İddiaçı «Müharibə veteranı» vəsiqəsini itirdiyi üçün 20.01.2021-ci il tarixdə ona təkrar «Müharibə veteranı» vəsiqəsi verilmişdir və həmin tarixdən də iddiaçıya “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında» Azərbaycan Pespublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Hazırda iddiaçı 01 yanvar 1997-ci il tarixdən - 01 aprel 2019-cu il tarixə kimi müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin və 01 aprel 2019-cu il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi Azərbaycan Respublikasının Prezidentinin müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdünün ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçıya “Müharibə veteranı” statusu və vəsiqəsinin verilmə əsasını iddiaçının 1994-cü ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyuş əməliyyatlarında iştirak etməsi təşkil etmişdir. İddiaçıya Müharibə veteranı adı və vəsiqəsi 1997-ci ildə verilmişdir, o, vəsiqəni itirdiyi üçün 20.01.2021-ci il tarixdə ona təkrar «Müharibə veteranı» vəsiqəsi verilmişdir. Deməli, iddiaçının müvafiq müavinət almaq hüququ daha əvvəldən yaranmışdır. Qanunvericiliyin sadalanan normalarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya yalnız Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi tarixdən əvvəlki üç il üçün, yəni 01.04.2016-cı ildən 01.04.2019cu ilədək müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinət hesablanaraq ödənilməli, sosial müavinətin ödənilməsi ilə əlaqədar iddia tələbi digər hissədə təmin edilməməlidir. Eyni zamanda, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə əvvəlki üç il üçün ödəmələrin aparılmasını nəzərdə tutan “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Qeyd olunan təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 01.04.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4652/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4652/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver