Məhkəmə qərarları › İş №2-1(112)-4652/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4652/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4652/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək döyüş bölgəsində xidmət etdiyi xx.xx.2002xx.xx.2006-cı il tarixlərdə güzəştli şərtlərlə xidmət illərini nəzərə alaraq, pensiyanın yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin AR ƏƏSMN-ın yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-xx.xx.2022-ci il tarixlərdə AR Hərbi Əks-Kəşfiyyat Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən baş əməliyyat müvəkkili vəzifəsindən polkovnik-leytenant rütbəsində pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Ehtiyata buraxılan zaman xidməti illəri hesablanarkən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək MTN HƏKX-nin N saylı hərbi hissə üzrə bölmədə xidmət etdiyim müddətdə güzəştli şərtlər nəzərə alınmamışdır. Bununla əlaqədar, xx.xx.2022-ci il tarixdə AR DTX-ya pensiya illərinin yenidən hesablanması üçün ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən hərbçilərin güzəştli şərtlərlə xidmət illəri AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 N-li qərarına əsasən 13 sentyabr 2004-cü il tarixədək 1 gün - 3 gün kimi hesablanmış, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” 01 sentyabr 2004-cü il tarixli 728-İİQD N- li Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən 1 gün - 2 gün hesablanır. Qeyd olunan güzəştli şərtlərlə xidmət illərinin hesablanması AR Prezidentinin 27 mart Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarına əsasən iddiaçıya da şamil olunmalı idi. İddiaçı hesab edir ki, xx.xx.2002 - xx.xx.2006-cı il tarixləri əhatə edən müddət 1 gün - 1 gün kimi hesablanması pensiya təminatına mənfi təsir göstərmişdir. Onun xidmət illəri hesablanarkən, göstərilən qanunvericiliyə əsasən güzəştli xidmət müddəti kimi nəzərə alınmalı 5 il 6 ay 14 gün ümumi xidmət stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddiaçının döyüş bölgəsində xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Müdafiə nazirinin N və N saylı hərbi hissələr üzrə HƏKX bölməsində xx.xx.2002xx.xx.2006-cı il tarixlərdə güzəştli şərtlərlə xidmət illərini nəzərə alaraq yenilənmiş məlumat vərəqəsinin AR ƏƏSMN-in yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli digər qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iş üzrə üçüncü şəxs kimi prosessual iştirakına xitam verilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə bağlı aidiyyəti strukturların verdiyi məlumatlar əsasında müvafiq qaydada araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı xx xxxx 1976-cı ildə anadan olmuş, 2000-ci ildə Naxçıvan Dövlət Universitetin bitirdikdən sonra 2002-ci ildə AR Hərbi Əks-kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətə qəbul olunaraq əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və 2022-ci ilin iyul ayında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. İddiaçı pensiya təyin etmək üçün xidmət illərinin hesabı təhlil edilərkən müəyyən edilmişdir ki, onun xidmət illəri təqvim hesabı üzrə 19 il 11 ay 29 gün, güzəştli xidmət 02 il 08 ay 05 gün və ali təhsil 01 il 11 ay 00 gün olmaqla cəmi 24 il 07 ay 04 gün hesablanmışdır. Bununla əlaqədar olaraq bilidirilir ki, DTX-nin hərbi qulluqçularının güzəştli xidmət illərinin hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının müddəalarına əsasən aparılır. 13 sentyabr 2004-cü il tarixədək həmin Qərarın 2-ci hissəsinin “a” bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 267 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının xidmət illərinin güzəştli xidmət illərinə aid edilməsi DTX-nin normativ hüquqi aktlarına əsasən müvafiq əmrlə rəsmiləşdirilir. İddiada qeyd olunan müddətlərdə İddiaçı xidmət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmadığını nəzərə alaraq, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilməsi həyata keçirilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Nizami RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Naxçıvan MR-in Şahbuz rayonunun Y.Remeşin kəndində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -EZ seriyalı №A ******* saylı hərbi biletin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin 535 şh №li xx.xx.2018-ci il tarixli əmrinə əsasən polkovnik-leytenant hərbi rütbəsi verilmiş İddiaçı 22 iyul 2002-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Əks-kəşfiyyat Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 19 iyul 2022-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) hərbi xidmətdən tərxis edilmişdir. -İddiaçının cavabdeh AR Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığı 21 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ona verilməli olan təqaüdün yenidən hesablanıb yenilənmiş məlumat mərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini xahiş etmişdir. Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Pensiya işinə əlavə edilmiş: -Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan 005013 №li Məlumat vərəqindən görünür ki, hərbi rütbəsi polkovnik-leytenant olmaqla, baş əməliyyat müvəkkili vəzifəsindən təqvim üzrə xidmət illəri 21 il 10 ay 29 gün, güzəştli xidmət illəri 02 il 08 ay, cəmi xidmət illəri 24 il 07 ay olmaqla 19 iyul 2022-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən, öz arzusu ilə ehtiyata buraxılan İddiaçı 598,00 vəzifə maaşı, 154,00 manat rütbə maaşı, 64,00 manat ərzaq payı əvəzinə kompensasiya, xidmət illərinə görə əlavə 70%, 526,40 manat, xüsusi xidmət şəraitinə görə 50% əlavə, 299,00 manat, dağlıq şəraitinə görə 20% əlavə 119,60, məharət (ixtisas) dərəcəsinə görə 35% əlavə, 209,30 manat, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə 15% vəzifə maaşına artım, 89,70 manat, xüsusi əhəmiyyətli tapşırıqların vaxtında yerinə yetirilməsinə görə 150%, 897,00 manat, 1521№li, xx.xx.2021-ci il tarixli Fərmana əsasən 20 % 119,60 manat hesablanmaqla cəmi təminat xərcliyi 3.076,60 manat müəyyən edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, Dövlət Təhlükəsizlik Xidmətinin məlumat vərəqəsi əsasında iddiaçının cəmi xidmət illəri, 24 il 7 ay, cəmi təminat xərcliyi 3076,60 nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən 59.17 pensiya faizi ilə 1820,42 manat məbləğində yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2002-xx.xx.2006-cı illərdə xidmət etdiyi AR MTN HƏKX-nin N saylı hərbi hissəsinin döyüş şəratində hesab edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq AR Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2001-ci il tarixli 0145 №li əmrində xx.xx.2002-ci il tarixdən, xx.xx.2002-ci il tarixli 0151 №-li əmrində xx.xx.2003-cü il tarixdən, xx.xx.2003-cü il tarixli 0138 №-li əmrində xx.xx.2004-cü il tarixdən, xx.xx.2004cü il tarixli, 0135 №-li əmrində xx.xx.2005-ci il tarixdən və xx.xx.2005-ci il tarixli 0129 №-li əmrində 3-cü Ordu korpusunun xx.xx.2006-cı il tarixdən döyüş şəraitində hesab edilməsi qeyd olunmuşdur. AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan göstərilmişdir ki, "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarına, habelə Müdafiə Nazirliyinin "Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında" əmrlərinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələrdə xidmət etmiş, həmçinin bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada sayılır. Odur ki, Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək xidmət müddətinin bir ayı üç ay kimi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək isə xidmət müddətin bir ayı iki ay kimi sayılır. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2022-ci il tarixli müvafiq əmrinə əsasən Əks kəşfiyyat xidmətindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli qanununa müvafiq olaraq 156-cı maddənin “J” bəndilə (öz arzusu ilə) polkovnik-leytenant rütbəsilə baş əməliyyat müvəkkili vəzifəsindən pensiya təyin olunmaqla ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 005013 №li məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ehtiyata buraxılan zaman xidməti illəri hesablanarkən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin N saylı hərbi hissə üzrə bölməsində xidmət etdiyi müddətdə güzəştli şərtlərin nəzərə alınmadığını bildirərək cavabdehə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə rəsmi cavab verilməmiş, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd olunan xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdəki müddətlərdə iddiaçının xismət etdiyi hərbi hissənin döyüş şəraitində döyüş əməliyyatlarında iştirakı ilə bağlı Müdafiə Nazirliyinin qərarlarının və ya hər hansı digər hüquqi aktın (məlumatın) DTX-də mövcud olmaması əsası ilə, həmin xidmət illərinin güzəştli xidmət illərinə daxil edilmədiyini bildirmişdir. Göründüyü kimi, iş üzrə yeganə mübahisəli məqam cavabdeh tərəfindən iddiaçının məlumat vərəqi tərtib edilərkən onun xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin N saylı hərbi hissəsində xidmət etdiyi dövrün güzəştli xidmət illəri kimi nəzərə alınmaması ilə bağlıdır. Halbuki, iş materiallarında olan sorğular AR Müdafiə Nazirliyinin məktublarından müəyyən edilmişdir ki, mübahisələndirilən illərdə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə 3-cü Ordu korpusu döyüş şəraitində hesab edilmiş, AR Nazirlər Kabinetinin 631 nömrəli, xx.xx.1992-ci il tarixli qərarına uyğun olaraq AR Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xx.xx.2002-xx.xx.2006-cı illərdə xidmət müddəti güzəştli qaydada sayılmalıdır. Lakin iddiaçı barəsində verilmiş məlumat vərəqində xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək xidmət müddətinin bir ayı üç ay kimi, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək isə xidmət müddətin bir ayı iki ay kimi hesablanmalı olması tələbləri nəzərə alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə döyüş şəraitində olan hərbi hissələrdə xidmət etdiyi iş materialları ilə təsdiq edildiyindən həmin müddətin güzəştli şərtlərlə xidmət illəri kimi nəzərə alınaraq onun yenilənmiş məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələbində haqlıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının 1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin qərarın hazırda qüvvədə olan 2-ci bəndinin a yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı iki ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Həmin Qərarın 2-ci bəndinin 12-ci abzasında qeyd olunur ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikasının «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» xx.xx.2004-cü il tarixli Qanunun 20.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) təqdim olunması qaydalarını müəyyən edir. -həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra - hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -həmin Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. -həmin Qaydaların 5-ci bəndinə əsasən məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -3.3-cü maddəsinə əsasən Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. -9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı döyüş şəraitində olan hərbi hissələrdə xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Müdafiə nazirinin N və N saylı hərbi hissələr üzrə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks- Kəşfiyyat Xidmətinin bölməsində xx.xx.2002 - xx.xx.2006-cı il tarixlərdə güzəştli şərtlərlə xidmət illərinin nəzərə alınaraq yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsi cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı döyüş bölgəsində xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Müdafiə nazirinin N və N saylı hərbi hissələr üzrə Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidmətinin bölməsində xx.xx.2002- xx.xx.2006-cı il tarixlərdə güzəştli şərtlərlə xidmət illərinin nəzərə alınaraq yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsi cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar