Məhkəmə qərarları › İş №2-1(112)-4653/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4653/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4653/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştiakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Pirallahı Rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə (bundan sonra mətndə Pirallahı RPİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Pirallahı RPİ-nin imtinasının qanunsuz hesab edilməsi və ona şəxsiyyət vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Bakı şəhərinin Pirallahı qəsəbəsində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Bakı şəhərinə gələndə onun 9 yaşı olmuşdur. 1997-ci ildə ona şəxsiyyəti müvəqqəti təsdiq edən arayış verilmiş, lakin şəxsiyyət vəsiqəsi verilməmişdir. Arayışda qeyd edilir ki, həmin arayış xx.xx.1999-cu ilə qədər etibarlıdır. Arayışın müddəti bitdikdən sonra o, dəfələrlə cavabdehə müraciət etsə də, lakin ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Sonuncu dəfə cavabdeh inzibati orqana müraciət edərək, ona şəxsiyyət vəsiqəsinin verilməsində köməklik göstərilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İMP) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs X4 xx.xx.2022-ci il tarixdə notarial qaydasında təsdiq olunmuş ərizəni məhkəməyə təqdim edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə X5 qeydiyyata düşməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, üçüncü şəxs isə gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan; 25 dekabr 1979-cu il tarixdə Ağbulaq kənd sovetliyi tərəfindən verilmiş H-СЛ seriyalı 434822 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X9 xx.xx.1979-cu ildə Ermənistan SSR Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuşdur. xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, 16 iyul 1973-cü ildə Ermənistan, Krasnoselsk rayonunda doğulmuş X4 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 02 dekabr 1997-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 338185 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 16 iyul 1973-cü ildə Ermənistan SSR Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş X4 ilə 28 oktyabr 1979cu ildə Ermənistan SSR Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş X9 arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1997-ci ilin dekabr ayının 02-ci günündə 575 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 179560 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 13, mənzil 14 xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyəti Başçısının Pirallahı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 358 nömrəli arayışda göstərilmişdir ki, Əliyeva (Orucova) Sevil Həsən qızı həqiqətən də 1998-ci ildən Ermənistan Respublikasının Krasnoselsk rayonunun Ağbulaq kəndindən valideynəri ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinə qaçqın olaraq gəlmişdir. X7, anası X6r. Hal-hazırda Əliyeva (Orucova) X8 rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 13, mənzil 14 ünvanında qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” 01 noyabr 2022-ci il tarixli ******* nömrəli qərarında görünür ki, 28 oktyabr 1979-cu il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş **********866 №li ərizənin surətindən görünür ki, X1 Sevil Həsən qızının ünvan 3 ünvanına qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. Hazırkı tələblə bağlı iddiaçının müraciətinə Pirallahı RPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 058-3844Ə-3222 nömrəli cavab məktubunda, onun müraciəti əsasında təqdim etdiyi sənədlərin Dövlət Miqrasiya Xidmətinə göndərildiyi, Dövlət Miqrasiya Xidmətində onun vətəndaşlıq mənsubiyyətinə aid yoxlama keçirildiyi, Pirallahı RPİ-yə daxil olmuş cavab məktubunun ona təqdim edildiyi bildirilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İddia əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra - şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1, vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Hazırki tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsinə əsasən Əliyeva (Orucova) Sevil Həsən qızı xx.xx.1979-cu ildə Krasnoselo rayonunda doğulmuş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçının əri X4 arvadının ona məxsus mənzilə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Lakin iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də ona Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsi verilməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.1979-cu ildə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaqla, şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Pirallahı RPİ həvalə olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildə Ermənistan SSR, Krasnoselo rayonu, Ağbulaq kəndində doğulmuş, ünvan 4 ünvanında yaşayan İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaqla, şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar