Məhkəmə qərarları › İş №2-1(112)-4655/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4655/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4655/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəlişin edilməsi və yeni texniki pasportun tərtib edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan yaşayış evinə aid dövlət reyestrindən çıxarışda mənzil qeydinin çıxarılması, yaşayış evinin, yardımçı tiklinin və 570 kvadrat metr torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, yaşayış evinin, yardımçı tikilinin və yerləşdikləri 570 kv.metr torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evi 570 kv.metr torpaq sahəsində yerləşir. Torpaq sahəsi 30 metr uzunluq və 19 metr enində olmaqla düzbucaqlı formasındadır. Həmin həyətdə 1959cu ildə inşa edilmiş, kənar ölçüləri 8.40 metrə eni və 11.10 metrə uzunluğu olan yaşayış evi və kənar ölçüləri 5.45 metr uzunluq və 2.35 metr enində olan yardımçı tikili yerləşir. Ümumi tikinti altı sahə 106.00 kvadrat metr, həyatyanı sahə isə 464.00 kvadrat metr təşkil edir. Yardımçı tikilinin sahəsi 9.8 kvadrat metr təşkil edir. Yaşayış evi isə sahəsi 10.3 kvadrat metr otaq, sahəsi 16.3 kvadrat metr otaq, sahəsi 16.1 kvadrat metr otaq, sahəsi 18.4 kvadrat metr otaq, sahəsi 6.8 kvadrat metr mətbəx, sahəsi 4.2 kvadrat metr hamam, sahəsi 0.9 kvadrat metr ayaqyolu və sahəsi 1.7 kvadrat metr dəhlizdən ibarətdir. Yardımçı tikili və evin birlikdə sahəsi 84.5 kvadrat metr təşkil edir. Həmin ev mərhum atası X3 tərəfindən satın alınmışdır. Onun adına verilmiş qeydiyyat vəsiqəsində yaşayış evi kimi dövlət qeydiyyatına alınmışdır. O, vəfat etdikdən sonra həmin ev miras əmlak kimi qardaşı X1 adına eyni qaydada rəsmiləşdirilmişdir. Qardaşı evi ona hədiyyə etdikdən sonra onun adına verilmiş çıxarışda ev artıq nömrəsiz mənzil kimi sənədləşdirilmişdir. Tərtib edilmiş texniki pasporta həyətdə olan yardımçı tikili sənədləşdirilməmiş, evin otaqları və digər sahələrini ölçüləri düzgün sənədləşdirilməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə cavabdehə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********01 və 18.12.23-cü il tarixli **********90 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. 03 aprel 2012-ci il tarixli Bağışlama müqaviləsinə əsasən X2 xx.xx.2001 il tarixli qeydiyyat vəsiqəsinə əsasən və xx.xx.2012 il tarixli, 11/3755 saylı arayışa əsasən ümumi sahəsi 85,0 kv.metr, yaşayış sahəsi – kv.metr, üç otaqlı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, ev 119, mənzil - yerləşən mənzilini bacısı İddiaçı bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3, mənzil – iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın texniki pasportunda iddiaçının mülkiyyətində olan ünvan 4, mənzil - texniki göstəriciləri əks olunmuşdur. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə (baxış) aktına əsasən Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 119 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə göstəriciləri: yaşayış sahəsi – 42.7 kv.metr, ümumi sahəsi – 85.0 kv.metr; faktiki olaraq: yaşayış sahəsi – 42,7 kv.metr, ümumi sahəsi – 85.0 kv.metr kimi əks olunmuşdur. İstifadədə olan torpaq sahəsinin ölçüsü 570.0 kv.metr göstərilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmiş XX.12.1964-cü il tarixli Bakı Soveti Bakplan yanında Şəhər Uçot-İnventarizasiya Bürosu tərəfindən tərtib edilmiş ev 119-un Plana əlavə eksplikasiya sənədində Razin qəsəbəsi, Neftçilər küçəsi, 119-da yerləşən torpaq sahəsi - 570 kv.metr, tikintialtı sahə - 106 kv.metr, boş sahə - 464 kv.metr göstərilmişdir. “X4 və Ekspertiza Mərkəzi” MMC-nin 42 saylı, 20 fevral 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evin və yerləşdiyi torpaq sahəsinin konfiqurasiyası ilkin texniki pasportuna uyğundur, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,570 hektardır. İddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “çıxarışa düzəlişin edilməsi və yeni texniki pasportun tərtib edilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təstiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əksini tapmışdır. İddiaçı hazırkı tələbində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin səhvən daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydə alındığını, əslində həmin yaşayış sahəsinin fərdi yaşayış evi olduğunu bildirərək, həmin yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi qeydə alınmasını, yaşayış sahəsinin yerləşdiyi və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin texniki pasporta həyətyanı sahə kimi əlavə edilməsini xahiş edir. Göründüyü kimi iş materiallarında olan bütün sənədlərdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi mənzil kimi qeyd edilmişdir. Yalnız 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi tərəfindən təsdiq edilmiş XX.12.1964-cü il tarixli Bakı Soveti Bakplan yanında Şəhər Uçot-İnventarizasiya Bürosu tərəfindən tərtib edilmiş ev 119-un Plana əlavə eksplikasiya sənədində Razin qəsəbəsi, Neftçilər küçəsi, 119-da yerləşən yaşayış sahəsi torpaq sahəsi ilə birlikdə əks olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlərdən biri kimi məhz “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar” göstərilmişdir. İddiaçının istinad etdiyi sənəd isə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən deyil, Bakı Soveti Bakplan yanında Şəhər Uçot-İnventarizasiya Bürosu tərəfindən verilmişdir. Həmin sənəd isə qeyd edilən yuxarıda qeyd edilən siyahıda daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi qeyd edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin sənəd konkret bir şəxsin adına verilməmiş, sənədi verən səlahiyyətli şəxsin adı qeyd edilməmiş və zəruri rekvizitlər öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəlişin edilməsi və yeni texniki pasportun tərtib edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar