Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4655/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 953 nömrəli bağ sahəsinin texniki pasportunun verilməsini, müxtəlif vaxtlarda bu məsələlərlə əlaqədar müraciətlərinə vaxtında və müsbət cavab verilmədiyinə görə sağlamlığına və maddi durumuna ciddi zərər dəydiyinə (xx.xx.2023-cü il tarixdə 2-ci tip diabet xəstəliyinə tutulmuş və hazırda 23 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır) görə cavabdeh Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən ona 100 000 (yüz min) manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il 105 nömrəli protokoluna uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində, xx.xx.2005 -ci il 36600 nömrəli müqavilə ilə ona 0,11 ha olan 953 saylı bağ sahəsi icarəyə verilmişdir. X1 və İstismarı Birliyi nümayəndəsinin göstərdiyi boş sahədə 2 dəfə tikinti aparmaq istəsə də tikinti (hasarlama) işləri kimliyi məlum olmayan yerli sakinlər tərəfindən sökülmüşdür. Müxtəlif vaxtlarda qəsəbə bələdiyyəsinə, sahə inspektoruna müraciət etsə də tikintinin kimlər tərəfindən nə səbəblə söküldüyü aşkar edilməmişdir. Sözü gedən bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətimə 953 nömrəli bağ sahəsinin yerləşmə cizgisinin arxivdə olmaması əsas gətirilərək xx.xx.2021 -ci il tarixdə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1824/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, 953 nömrəli bağ sahəsinə çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-296/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023 tarixli, 2-1(103)-2605/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə ona 395 manat 80 qəpik ödənilməklə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən sahəsi 0,10 ha, reyestr nömrəsi **********26 olan daşınmaz əmlakın çıxarışı verilmişdir. Verilən bağ sahəsinə texniki pasportunun verilməsi barədə xx.xx.2024 tarixdə ********** nömrəli ərizə ilə Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 9193 SMS xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə müraciətindən heç bir əsas göstərilmədən imtina olunması barədə SMS məlumat daxil olmuş və bağ sahəsinə texniki pasportun verilməsi barədə yenidən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İmtina barədə xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin 9193 SMS xidmətindən ********** qeydiyyat nömrəli sənədin hazır olması haqda mobil telefonuna SMS xəbər daxil olmuşdur. İmtina məktubunda imtinaya səbəb kimi 2005-ci ildə Bağlar İdarəsi tərəfindən ona göstərilən torpaq sahəsinin digər fiziki şəxslərin adında dövlət reyestrində qeydiyyatda olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, faktiki göstərilən 1005.0 kv.m torpaq sahəsi başqa bağ nömrələri ilə digər fiziki şəxsin- X2 (**********95 və **********10 reyestr nömrəsi ilə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Hazırkı işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi" iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 953 bağ sahəsi ünvanında yerləşən torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdən görünür ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi nəticəsində bağ sahəsinə dair mülkiyyət hüququ qeydə alınmış 953 saylı bağ sahəsinə dair plan ölçünün tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli, **********20 nömrəli məktubunda faktiki göstərilən 1005.0 kv.m torpaq sahəsi başqa bağ nömrələri ilə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını bildirməklə plan ölçünün tərtib etməkdən imtina etmişdir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, mülkiyyətində olan bağ torpaq sahəsinə plan-ölçünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, əvvəla, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun (bundan sonra – Qanun) 10.2.3-cü maddəsinə əsasən texniki pasport torpaq sahəsi deyil, onun üzərində yerləşən yerləşən bina, qurğu, tikili və digər daşınmaz əmlak obyektlərinə (onların tərkib hissələrinin) münasibətdə tərtib edilir. Qanunun 10-cu maddəsinə əsasən: - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: -3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. -4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; -5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. İstinad olunan normalardan görünür ki, şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün ilk əvvəl onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilir, daha sonra isə hüququ qeydə alınaraq bu barədə şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. İşin yuxarıda qeyd olunan hallarına əsasən mübahisəli torpaq sahəsinə qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı əsasında “953” saylı bağ sahəsinin mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmış və qərar icra olunaraq müvafiq çıxarış verilmiş iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmış, lakin həmin bağ torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, plan-ölçü sənədi texniki sənəd olsa da mahiyyət etibarı ilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın tərkib hissəsi hesab olunur. Qeyd edilməlidir ki, reyestrdən çıxarışda torpaq sahəsinin yerləşdiyi koordinatlar göstərilmir. Lakin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin yerləşdiyi və elektron bazaya daxil edilmiş coğrafi koordinatları plan-ölçü sənədində öz əksini tapdığından cavabdeh mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış verildiyi zaman onunla bərabər əmlakın yerləşdiyi koordinatların naturada müəyyənləşdirilərək plan-ölçü sənədinin tərtibini də həyata keçirməlidir. Başqa sözlə, plan və ölçü çıxarış verilən torpaq sahəsinin identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən texniki sənəd olmaqla, çıxarışla birlikdə vahid sənəd kimi qiymətləndirilməlidir. Buna görə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə çıxarış verilirsə, həmin çıxarışı verən cavabdeh eyni zamanda həmin çıxarışın ayrılmaz hissəsi olan, barəsində çıxarışın verildiyi daşınmaz əmlakı eyniləşdirən plan-ölçü sənədinin verilməsini də təmin etməlidir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1138/2023 saylı qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsi də həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal bu, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Həmçinin, məhkəmə iddiaçının “cavabdeh Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən ona 100 000 (yüz min) manat həcmində maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən əvvəl birbaşa məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, kompensasiyanın ödənilməsi haqqında iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı olmalı;
3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli;
4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Məhkəmə, qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan hazırkı iddianın mümkünlük şərtləri öz təsdiqini tapmır. Beləliklə, iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam şəkildə icrasına nail olmaqdan ibarət olduğundan bu əsasla da iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
X6