Məhkəmə qərarları › İş №2-1(112)-4656/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4656/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4656/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı 25 avqust 2020-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı Qərbi Azərbaycanın Sisian rayonunda anadan olmuşam. 1978-ci ildə əmək fəaliyyətinə başlmışam. 1 sentyabr 1978-ci il tarixli əmək kitabçasına əsasən mənim ümumi iş stajım 35 il 6 ay 21 gün təşkil edir. Ümumi əmək stajımın 15 il 2 ay 13 gününü zərərli iş təşkil edir. O, xx.xx.2006-cı il tarixdə “Xəzərdənizneftdonanma”idarəsində gəmi təmiri zavodunda mexaniki təmir sexinə 3-cü dərəcəli gəmi təmiri çilingəri işinə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə “Bibiheybət” Gəmi təmiri zavodunun mexaniki təmir sexinə 5-ci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmiş, hazırda həmin işdə çalışır. Onun 35 il 6 ay 21 gün ümumi əmək stajının 14 ildən çoxunu zərərli iş təşkil edir. Bunula əlaqədar ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh orqan güzəştli şərtlə pensiya təyinatından imtina olunması haqqında 24 11.2021-ci il tarixli məktub vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1960-cı il təvəllüdlü İddiaçı AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - İddiaçı məxsus HB 972306 nömrəli Diplomun notarial qaydada təsdiq edilmiş surəti. - Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.1987-ci il tarixli 291u/p saylı əmrindən çıxarışı. - İddiaçı iş stajını təsdiq edən əmək kitabçalarının müvafiq qaydada təsdiq edilmiş surəti. - İddiaçı məxsus HЗ ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiq edilmiş surəti. - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Arayışları. - "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2020-ci il tarixli Sığortaolunanın ümumi iş stajı barədə Məlumatı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli məktubları. - Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktub. - Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli məktubunun surəti. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubunun surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan, Sisian rayonunda anadan olmuşdur. İş materiallarında olan Əmək Kitabçalarının surətindən görünür ki, iddiaçı xx.xx.1979cu il tarixdən əmək fəaliyyətinə başlamış və müxtəlif müəssisə və peşələrdə işləmiş, halhazıradək əmək fəaliyyətini davam etdirir. İş materiallarında olan HЗ ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı məxsus HB 972306 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil almışdır. İş materiallarından görünür ki, iddiaçı ona 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 1 sentyabr 1978-ci il tarixli əmək kitabçanızda xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “RSD” şəxsi müəssəsində, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “A+A” müstəqil ticarət firmasında işlədiyiniz qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, “RSD” şəxsi müəssəsinin 01.012007-ci il tarixindən, “A+A” müstəqil ticarət firmasının isə xx.xx.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduqları məlum olmuşdur. Sizin işlədiyiniz dövrlərdə həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadıqları və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Buna görə də həmin dövrləri ümumi iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (23 il 2 ay 11 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2000-ci il və xx.xx.2006xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun ümumi iş stajının 23 il 2 ay 11 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989- xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992- xx.xx.1992-cı, xx.xx.2000-xx.xx.2000-ci il və xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 15 il 8 ay 22 gün (xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması haqqında xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə xx.xx.2006-cı il tarixindən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda elektrik avadanlıqlarının təmiri və xidməti üzrə gəmi təmiri çilingəri vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin, gəmi təmiri çilingəri vəzifəsində işlədiyiniz müddətdə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş siyahı üzrə göstərilən gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olub-olmamağınız barədə hər hansı məlumat qeyd olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan əvvəl iddiaçının ümumi iş stajını mübahisələndirərək, ümumi iş stajının 25 ildən az (23 il 2 ay 11 gün) az olmasını, güzətli iş stajının isə tələb olunan 12 il 6 aydan çox , yəni 15 il 8 ay 22 gün təşkil etməsini əsas gətirsə də, sonradan əksinə ümumi iş stajını deyil güzəştli iş stajını mübahisələndirmişdir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin təhsil dövrü və hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (34 il 9 ay 23 gün) ümumi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1992-xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr nəzərə alınmasa da belə iddiaçının 25 ildən artıq (26 il 7 ay 10 gün) ümumi iş stajı mövcud olmuş olur. Belə ki, cavabdehin xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı hesablanarkən, iddiaçının təhsil dövrü nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət və təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarından görünür ki, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir, İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə kimi X7 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda xx.xx.2014-cü il tarixdən hal-hazıradək işləyir: xx.xx.2006-cı il- mexaniki təmir sexinə 3-cü dərəcəli gəmi təmiri çilingəri qəbul edilsin xx.xx.2006-cı il - mexaniki təmir sexinin gəmi təmiri çilingərinə ixtisasi üzrə dördüncü dərəcə verilsin xx.xx.2014-cü il- “Bibiheybət” Gəmi təmiri zavodunun mexaniki təmir sexinə 5-ci dərəcəli gəmi təmiri çilingəri keçirilsin.” İş materiallarından görünür ki, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2021-ci il tarixli Arayışında göstərilmişdir ki, İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 11 bəndində 11.6 yarımbəndində a) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarından görünür ki, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2022-ci il tarixli Arayışında göstərilmişdir ki, İddiaçı “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunan gəmilərdə daima iş fəaliyyəti zamanı gəmilərin daxili bölmələrində və qapalı olan sahələrində zərərli şəraitdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XİV. Metal emalı” bölməsində “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” (kod 2150300a—18451) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “11. Metal emalı” bölməsində “11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri: a) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər” nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan 12 il 6 aydan çox (14 il 1 ay 14 gün) güzəştli iş stajına malik olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 25 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 25 avqust 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar