Məhkəmə qərarları › İş №2-1(112)-4658/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4658/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4658/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı və digərlərinin cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları

1. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək, özünün, X9, X1, X4, X2, X3 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, döngə 12 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixdə 059-43070İ-3221 saylı məktubla qanunda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədiyindən ərizəni təmin etməkdən imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

3. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və ailə üzvləri X9, X1, X4, X2, X3 və X5 Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra xx.xx.2022-ci il tarixdə İddiaçı, X14, X6, X10, X7, X8 və X11 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onların da iddiaçı qismində qəbul edilməsi və İddiaçı, X9, X1, X4, X2, X3 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanı üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması

5. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanında yaşayır, lakin həmin ünvanda qeydiyyatda deyillər. Onlar ünvan 4 ünvanında qeydiyyatda olmuşlar, ancaq həmin ünvandan cavabdeh tərəfindən qeydiyyatdan çıxarılmışlar. Hazırda qeydiyyat ünvanı xxxxxxx. Həmin yaşayış evinin kommunal xərclər üzrə ödəniş qəbzləri İddiaçı adınadır və bütün ödənişləri vaxtlı-vaxtında edir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar X14, X6, X10, X7, X8, X11 və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Tərəflərin mövqeyi

8. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

9. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

10. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.

11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmalarını xahiş etsələr də, qeydə alınmalarını tələb etdikləri həmin evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, həmçinin onlara yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

12. İddiaçılar iş materiallarına yalnız Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında xx.xx.2003-cü il tarixli, 286 nömrəli qərarını, torpaqların alqı-satqısına dair müqaviləni, iddiaçıya 600 kv.metr torpaq sahəsi ayrılması haqqında Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 476 nömrəli arayışını təqdim etmişdir ki, hansı ki, həmin sənədlər torpaq sahəsinə aiddir və Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərə aid edilə bilməz.

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubdan da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 12 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıların adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.

16. Məhkəmə qeyd edir ki, işin sadalanan hallarından müəyyən olur ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, qeydə alınmalarını tələb etdikləri evə dair “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmamalıdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı :

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar