Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4658/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-188/2020 saylı qərardadına əsasən ona aid olan və "xxxx" ASC arasında təsdiq edilmiş bölgü sxeminə əsasən 4500 kv.m daşınmaz əmlakın mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsin öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi ünvanı olan Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi olan "xxxx" ASC AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.1997-ci il tarixli, 851 nömrəli sərəncamı ilə özəlləşdirilməyə açılmışdır. xx.xx.2013-cü il tarixdə keçirilmiş pul hərracında “Puta Əyirici" ASC səhmlərinin 30 %-i tərəfindən alınmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin pul hərracının xx.xx.2013-cü il tarixli, 704/01 nömrəli yekun protokolu tərtib edilmişdir. Bundan sonra satıcı qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi alıcı qismində isə o, olmaqla aralarında xx.xx.2013-cü il tarixli səhmdar cəmiyyətinin 30% səhmlərinin alğı-satqı müqaviləsi bağlanmışdır. “Puta Əyirici" ASC-nin xx.xx.1997-ci il tarixli texniki pasportu tərtib edilmişdir. Həmin texniki pasporta əsasən səhmdar cəmiyyətinin balansında 60000.0 kv.m torpaq sahəsi və 19943,7 kv.m qeyri-yaşayış sahəsi mövcuddur. Tərəfindən səhmdar cəmiyyətinin səhmlərinin özəlləşdirilməsinə nağd pul şəkildə külli miqdarda investisiya qoyulmuşdur. Lakin, cəmiyyətin icra orqanının təqsiri səbəbindən cəmiyyətin xeyli miqdarda borcu yaranmışdır. Ona dəyən ziyanın əvəzi olaraq "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan səhmlərinin 30%-i nisbətində cəmiyyətin əmlakının naturada ayrılaraq dəymiş zərər qismində ona verilməsi tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)- 188/2020 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən: “2-ci bəndi - “Puta Əyirici" ASC-nin xx.xx.1997-ci il tarixli texniki pasportuna əsasən “Puta Əyirici" ASC-nin balansında olan 60000.0 kv.m torpaq sahəsindən və 16170.9 kv.m qeyri- yaşayış sahəsindən bölgü sxeminə əsasən 18000 kv.m torpaq sahəsi, 4500 kv.m qeyri- yaşayış sahəsi, 630 kvt-lıq transformator İddiaçı mülkiyyətinə verilir". xx.xx.2022-ci il tarixdə çıxarışa əsasən ünvan 2 ünvanı qeyd edilməklə 16170.9 kv.m olmaqla əmlak kompleksi "xxxx" ASC-nin mülkiyyəti kimi qeydə alınmış, çıxarış və texniki pasport verilmişdir. Bundan sonra qərardadı icra edərək, aralarında bölgü sxemi tərtib edildi (cavabdeh orqan tərəfindən) və notarial qaydada təsdiq edilmişdir. "Puta Əyirici” ASC-yə məxsus çıxarış, texniki pasport, qərardadın qanuni qüvvəyə minməsi barədə məhkəmədən məktub, bölgü sxemi ilə cavabdeh orqana müraciət etmişlər. Ona imtina məktubu ilə bildirilmişdir ki, cavabdehin üzərinə öhdəliyin qoyulması ilə bağlı məhkəməyə müraciət etsinlər. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur, çünki o, qanunvericiliklə tələb olunan bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, "xxxx" ASC 07 avqust 2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 İdarəsi tərəfindən qeydiyyata alınmış, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən 1.637130 ha istifadədə olan torpaq sahəsində yerləşən 16170.9 kv.m ölçüdə əmlak kompleksi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətinədn görünür ki, "xxxx" ASCyə məxsus əmlak kompleksi kimi müəssisəyə dair xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-188/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı və cavabdeh "xxxx" ASC arasında 20 oktyabr 2020-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir: 1. Tərəflər razılığa gəlirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü il tarixli, 7xx/xx-2013PA nömrəli alqı-satqı müqaviləsinə əsasən “Puta Əyirici" Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində olan səhmlərinin 30%-i İddiaçı tərəfindən alınmış və özəlləşdirilmişdir. 2. «Puta Əyrici” ASC-nin xx.xx.1997-ci il tarixli texniki pasportuna əsasən «Puta Əyrici” ASC-nin balansında olan 60000,0 kv.m torpaq sahəsindən və 16170,9 kv.m qeyri- yaşayış sahəsindən bölgü sxeminə əsasən 18000 kv.m, torpaq sahəsi, 4500 kv.m qeyri-yaşayış sahəsi, 630 kvt-luq trasformator İddiaçı mülkiyyətinə verilir. 3. Tərəflər razılığa gəlirlər ki, bu Sazişdə göstərilmiş öhdəliklər icra edilməzsə, qarşı tərəfin belə icranı bu Saziş əsasında tələb etmək, o cümlədən məcburi icra qaydasında (icra vərəqəsi yazılmaqla dərhal icraya yönəldilməsi) icranı tələb etmək hüququ olacaqdır. 4. Bu Saziş, biri İddiaçı, biri "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digərləri isə məhkəmə və Əmlak Məsələləri Dövlət Komitəsində saxlanılmaqla, 4 (dörd) nüsxədə tərtib edilir, imzalandığı və məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanunvericilikdə müəyyən edilmiş qaydada qüvvəyə minir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsini üçüncü şəxs qismində qeyd etməklə, cavabdeh "xxxx" ASC-yə qarşı dəymiş zərərin ödənilməsi iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsmiş, tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İşdə olan iddiaçı ilə "xxxx" ASC arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemindən görünür ki, tərəflər arasında ünvan 3 ünvanında yerləşən istifadədə olan 6.1 ha torpaq sahəsinin bölgü sxemi tərtib edilərək notarial qaydada təsdiq edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı bir cavab verilməmiş, bundan əlavə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını istisna edən hər hansı bir dəlil məhkəmə araşdırması zamanı da, təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisə predmeti olan əmlakı qanuni qüvvəsini almış məhkəmə qərardadının icrası nəticəsində əldə etmişdir. Artıq həmin qərardadın icrası ilə əlaqədar əmlaka dair tərəflər arasında notarial qaydada təsdiq olunmuş bölgü sxemidə tərtib edilmişdir. İddiaçı həmin əmlaka dair hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim edərək, mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciəti cavablandırılmadığından məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin müraciətini cavablandırmamaqla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb oluşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-188/2020 saylı qərardadına əsasən İddiaçı aid olan və "xxxx" ASC arasında təsdiq edilmiş bölgü sxeminə əsasən 4500 kv.m daşınmaz əmlakın mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4658/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4658/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver