Məhkəmə qərarları › İş №2-1(112)-4659/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4659/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4659/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə hüquqların dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən müvafiq qeyri-yaşayış binasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa edilmiş əlavə sahələrin mülkiyyət hüququ üzrə eskiz layihəsinə uyğun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən ümumi sahəsi 48,3 kv.m. olan qeyri-yaşayış binası (147 saylı X4) notarial qaydada bağlanmış 28.11.2016-cı il tarixli, 40-274 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 23.12.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3713 nömrəli vərəqində qeydiyyata alınaraq reyestrdən çıxarış və texniki pasport verilmişdir və hal-hazırda mübahisəsiz olaraq onun qanuni mülkiyyətindədir. Müvafiq qeyriyaşayış sahəsinə aid olan tikinti və inşaat normalarına uyğun inşa edilmiş əlavə sahələr (tikililər) isə cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq qeydiyyata alınmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 813 nömrəli, 02.09.2004-cü il tarixli sərəncamına əsasən müvafiq qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisi olan “ASKO OİL” firması tərəfindən Yeni Yasamal Şəhərətrafı dairəvi yolun kənarında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.11.1994-cü il tarixli 1548 saylı sərəncamı ilə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılmış ərazidə hər biri 9,0 kv.m. 5 ədəd, 12,0 kv.m. bir ədəd yemək otaqları və 70,0 kv.m. mətbəx tikilməsi faktı təsdiq edilmişdir. Bundan əlavə müvafiq qeyri-yaşayış binasına aid olan əlavə sahələrin eskiz layihəsi tərtib edilərək təsdiq edilmişdir. Müvafiq qeyri-yaşayış binası mövcud vəziyyətdə təyinatına uyğun olaraq tərəfindən istifadə edilməkdədir. Mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən müvafiq qeyri-yaşayış binasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən (əvvəlki mülkiyyətçinin adına) inşa edilmiş əlavə sahənin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə İdarəy tərəfindən 30.12.2020-ci il tarixdə, ********** saylı ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh inzibati orqan qeydiyyat aparılması əvəzinə **********57 saylı, 02.02.2021ci il tarixli məktubla qanunsuz olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda imtina səbəbi kimi ərizəyə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsini qeyd etmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuzdur və cavabdeh inzibati orqan hüquqlarını pozmaqla müraciətini təmin etməmişdir və onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit edilən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən müvafiq qeyri-yaşayış binasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa edilmiş əlavə sahələrin mülkiyyət hüququ üzrə eskiz layihəsinə uyğun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı iddiası tərəflərindən etirazla qarşılanır. Bununla əlaqədar olaraq bildirilir ki, əlavə inşa edilmiş qeyri-yaşayış binasına və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********57 qeydiyyat nömrəli 02 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Balakən rayonunda doğulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 07.05.2021-ci il tarixli, 7-1557/17 №-li məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Torpaq sahəsi ayrılması haqqında” 1548 №-li, 09.11.1994-cü il tarixli sərancamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Yanacaq komitəsinin 07.09.1994-cü il tarixli, 0İ-16/277 №-li məktubunu nəzərə alınaraq Yasamal rayonunda, Bakı Astara yolunun tikilməkdə olan 0-14 şössesinin 1-ci kilometrində yanacaqdoldurma məntəqəsinin lahiyəşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05.05.2021-ci il tarixli, BA- 01818-2021 №-li məktubuna əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “ASKO OİL” firması tərəfindən Yeni Yasamal, Şəhərətrafı Dairəvi yolun yaxınlığında tikinti işlərinin aparılması faktının təsdiq edilməsi haqqında” 813 №-li, 02.09.2004-cü il tarixli sərancamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “ASKO OİL” firmasının rəhbərliyi Yasamal rayon İcra Hakimiyyətinə Yeni Yasamal Şəhərətrafı yolun yaxınlığında yanacaqdoldurma məntəqəsinin ərazisində aparılmış tikinti işlərinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09.11.1994-cü il tarixli, 1548 saylı sərəncamı ilə Yeni Yasamal, Şəhərətrafı dairəvi yolun kənarında yanacaqdoldurma məntəqəsinin tikintisi üçün Dövlət Yanacaq Komitəsinə torpaq sahəsi ayrılmışdır. Yanacaqdoldurma məntəqəsi tikilərkən ayrılmış ərazidə xidmət otaqları da inşa edilmiş və yarımçıq qalmışdır. Sonradan yarımçıq qalmış hər biri 9,0 kv.m. 5 ədəd, 12,0 kv.m. bir ədəd yemək otaqları və 70,0 kv.m. mətbəx "ASKO OİL" firması tərəfindən tikilib-tamamlanmış və hazırda istifadə edilir. Tikililərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq "ASKO OİL" firması tərəfindən Yeni Yasamal Şəhərətrafı dairəvi yolun kənarında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.11.1994-cü il tarixli, 1548 saylı sərəncamı ilə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılmış ərazidə hər biri 9,0 kv.m. 5 ədəd, 12,0 kv.m. bir ədəd yemək otaqları və 70,0 kv.m. mətbəx tikilməsi faktı təsdiq edilmiş, Yanacaqdoldurma məntəqəsinin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Əmlakın İnventarlaşdırması bürosundan xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən sahəsi 48,3 kvm. olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə 23.12.2016-cı il tarixdən İddiaçı məxsusdur. Həmin qeyri-yaşayış binasının yerləşdiyi 0,00674 ha torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla istifadədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 22.12.20016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş İddiaçı məxsus 147 saylı X1n texniki pasportundan görünür ki, qeyri-yaşayış binası "A" inzibati bina və “İ” talvar tikilidən ibarətdir. Ümumi torpaq sahəsi 2200,0 kvm., açıq torpaq sahəsi 2061,1 kvm., ümumi tikilialtı sahə 138,9 kvm., əsas tikilialtı sahə 67,4 kvm., digər 71,5 kvm., “A” tikilisinin sahəsi cəmi 48,3 kvm., əsas 18,4 kvm., köməkçi 29,9 kvm., “A” tikilisinin tikinti altı sahəsi 67,4 kvm.-dir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 20.07.2018-ci il tarixli məktubundan və ona əlavə edilmiş YTNƏŞ-0496 saylı, 25.07.2018-ci il tarixli aktından görünür ki, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 26-1 "Şəhər. qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılınası və tikilib abadlaşdırılması" Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08 02-89 "İctimai bina və qurğular" TN və Q-nın 2.11-1 “Su təchizatı Xarici xətər vo qurğular" AzDTN-nın. 2.02 01-97 "Bina vo qurquların yanğın təhlükəsızliyi” Dövlətlər arası Tikinti Normalarının Elektrik qurqularının quraşdırılması Qaydaları”-nın yanğını qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunmuş və yanğın-texniki ləvazımatlarla təmin edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş sifarişçi İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının eskiz layihəsindən görünür ki, qeyri-yaşayış binasının tikili üzrə göstəriciləri: ümumi torpaq sahəsi 2372,0 kvm., əsas: “A” – xidmət binasısahəsi 67,4 kvm., “B” – köməkçi bina – sahəsi 60,5 kv.m., “C” – inzibati binası – sahəsi 49,0 kvm., “D” – xidmət binası- sahəsi 68,1 kvm., “E” – sanitar qovşağı – sahəsi 4,5 kvm., digər: 1- YDM talvarı –sahəsi 147,0 kvm., 2 - YDM talvarı – sahəsi 16,2 kvm., 3 – YDM anbarı – sahəsi 68,7 kvm., 4- Avto-yuma və avto-servis (metal) – 48,0 kvm., 5 – Elektrik şiti – 6,6 kvm., cəmi 585,2 kvm., əsas 249,5 kvm., digər 335,7 kvm.-dən ibarətdir. “D” tikilisi 6 xidmət otağından, 1 talvardan ibarət olmaqla cəmi sahəsi 57,6 kvm., “A,B” tikilisi 2 xidmət otağından, 1 mətbəx, 1 manqal otağından ibarət olmaqla cəmi sahəsi 108,2 kvm., “C,E” tikilisi 1 xidmət sahəsi, 2 iş otağı, 1 şit otağı, 3 sanitar qovşağından ibarət olmaqla cəmi sahəsi 45,90 kvm.-dir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 07.05.2021-ci il tarixli, **********22 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 syalı ünvanda yerləşən qeyri-yaşayış binasına dair sənədlərdən görünür ki, satıcılar X7 və X3 ilə alıcı X8 arasında bağlanmış 23.08.2004-cü il tarixli, AN-İ ******* №-li qeyri-yaşayış binasının alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 20.08.2004-cü il tarixdə verilmiş DƏÖD-06/8728-Q-305 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəsi küçəsi, 147 saylı X1 ü/s 49,0 kvm. alıcının mülkiyyətinə verir. Satılan qeyri-yaşayş sahəsi Azərbaycan Respublikası Əmlak Komitəsi tərəfindən reyestr kitabı № 22, səhifə 20, qeydiyyat: 3124, 23.01.1998-ci il tarixdə verilmiş şəhadətnamə əsasında satıcıya məxsusdur. 95/106 №-li 19.05.1995-ci il tarixli mühəndis R.Əlizadə tərəfindən tərtib edilmiş cizgi akta əsasən Dövlət Yanacaq Komitəsinə Yasamal rayonu Dairəvi küçəsinin 1-ci kilometrində X2 ayrılan 0,22 hektar torpaq sahəsi yerində ölçülərək təhvil verilmişdir. Yanacaq dolduma məntəqəsi 147 №-li qeyri-yaşayış binasına dair tərtib olunmuş 2 aprel 1996-cı il tarixli, 30/681 №-li texniki pasporta əasən bina 1995ci ildə tikilmişdir, tikinti sahəsi 61,5 kvm., ümumi faydalı sahə 49,0 kvm., əsas sahə 4,1 kvm., köməkçi sahə 44,9 kvm.-dir. 24.11.2011-ci il tarixli, Seriya MA ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 49 kvm., istifadədə olan torpaq sahəsi 0,00615 ha olan, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası (147 saylı X4) X5 mülkiyyətindədir. 28.11.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X8 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49 kvm. olan qeyri-yaşayış sahəsini (147 saylı X1) tam mülkiyyət üzrə hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********57 №-li, 02.02.2021-ci il tarixli məktubdan görünür ki, əlavə inşa edilmiş qeyri yaşayış binasına və torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 1548 №-li, 09.11.1994-cü il tarixli sərancamı ilə Azərbaycan Respublikası Dövlət Yanacaq komitəsinin 07.09.1994-cü il tarixli, 0İ-16/277 №-li məktubunu nəzərə alınaraq Yasamal rayonunda, Bakı Astara yolunun tikilməkdə olan 0-14 şössesinin 1-ci kilometrində yanacaqdoldurma məntəqəsinin lahiyəşdirilməsi və tikintisi üçün 0,22 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 20.08.2004-cü il tarixdə verilmiş DƏÖD-06/8728-Q-305 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəsi küçəsi, 147 saylı X1 satıcılar X7 və X3 alıcı X6 23.08.2004-cü il tarixdə satmışlar. Qeyri-yaşayış binası satılan zaman ümumi sahəsinin 02 aprel 1996-cı il tarixli, 30/681 №-li texniki pasporta uyğun olaraq 49 kvm. olması qeyd edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 813 №-li, 02.09.2004-cü il tarixli sərancamı ilə "ASKO OİL" firması tərəfindən Yeni Yasamal Şəhərətrafı dairəvi yolun kənarında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.11.1994-cü il tarixli, 1548 saylı sərəncamı ilə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılmış ərazidə hər biri 9,0 kv.m. 5 ədəd, 12,0 kv.m. bir ədəd yemək otaqları və 70,0 kv.m. mətbəx tikilməsi faktı təsdiq edilmiş, Yanacaqdoldurma məntəqəsinin texniki pasportuna müvafiq dəyişiklik edilməsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Əmlakın İnventarlaşdırması bürosundan xahiş edilmişdir. X6 cavabdeh inzibati orqan tərəfindən 24.11.2011-ci il tarixli, Seriya MA ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən zaman ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının (147 saylı X4) ümumi sahəsi 49 kvm. olması qeyd edilmişdir. Musa Xəlilov həmin qeyri-yaşayış sahəsini 28.11.2016-cı ildə İddiaçı bağışlamışdır. Cavabdeh tərəfindən İddiaçı adına qeyri-yaşayış binasının 22.12.20016-cı il tarixdə olan vəziyyətinə dair texniki pasport tərtib edilmiş, sahəsi 48,3 kvm. olan qeyri-yaşayış binasına dair 23.12.2016-cı il tarixdə İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı Afər Həsənova Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 31 ünvanında yerləşən müvafiq qeyri-yaşayış binasında Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa edilmiş əlavə sahələrin mülkiyyət hüququ üzrə eskiz layihəsinə uyğun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan əlavə inşa edilmiş qeyri yaşayış binasına və torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, 22.12.2016-cı il tarixdə iddiaçının adına tərtib edilmiş texniki pasporta əsasən mübahisəli qeyri-yaşayış binasının ümumi sahəsinin 48,3 kvm. olması müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsində isə həmin qeyriyaşayış binasının ümumi sahəsinin cəmi 585,2 kvm.-dən ibarət olması görünür. İddiaçı ona məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının əlavə tikilmiş sahələrinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9 və 8.0.10-ci maddələrində nəzərdə tutulmuş sənədlərdən hər hansı birini nə inzibati icraat, nə də məhkəmə icraatında təqdim etməmiş, eləcə də belə sənədlərin mövcudluğu və məhkəmə icraatına təqdim edilməsi ilə bağlı hər hansı müvafiq vəsatət verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “ASKO OİL” firması tərəfindən Yeni Yasamal, Şəhərətrafı Dairəvi yolun yaxınlığında tikinti işlərinin aparılması faktının təsdiq edilməsi haqqında” 813 №-li, 02.09.2004-cü il tarixli sərancamında qeyd edilən ölçüyə malik tikililər "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsində öz əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasının inşa edilmiş əlavə sahələrinə dair qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın onun müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar