Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-466/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi Tərəflərin və üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxslər Bank "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı «iddiaçının adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Bank "xxxx" ASC-yə qarşı «iddiaçının adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi»nə dair tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən ona ABŞ dolları ilə istehlak krediti verilmişdir. O, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini vaxtında yerinə yetirə bilməmişdir. Daha sonra tərəflər arasında olan razılaşmaya əsasən iddiaçıya güzəşt edilmiş və öhdəliyini qismən güzəştli şəkildə həyata keçirmişdir. 21 dekabr 2015-ci il tarixə ona düşən kompensasiya 5.871 manat təşkil edir və gecikmə günlərinin sayı 360 gündən çox olmuşdur. İddiaçı 31 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankına (əvvəlki Maliyyə Bazarları Nəzarət Palatası) müraciət etmişdir. Məlum olduğu kimi, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamışdır. O, bu məqsədlə kompensasiya məbləğinin sorğulanması elektron xidmətindən istifadə etsə də, axtarış zamanı ona aid məlumat çıxmamışdır. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş, lakin rəsmi qaydada cavab verilməmiş və nəhayət Azərbaycan Respublikası Mərkəzi Bankının cavab məktubunda məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Halbuki, sözügedən Fərman 2015-ci il 21 fevral və 21 dekabr tarixlərinə fiziki şəxslərin kredit təşkilatlarına 10.000 ABŞ dollannadək xarici valyutada olan əsas kredit borclarına şamil olunur. Həmin tarixlərdə kredit müqaviləsi üzrə borcun məbləği xarici valyutada qeyd edilmişdirsə, bu zaman Fərman həmin şəxslərə şamil olunur. Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10.000 ABŞ dollannadək xarici valyutada olan istər istehlak, istər biznes, istər təminatlı, istərsə də təminatsız olan bütün növ kreditlərinə şamil edilir. Bu Fərmanın icrası 1-ci və ya 2-ci devalvasiyaların tarixinə əsas kredit borclarının qalıq məbləğlərinin cəmi 10.000 ABŞ dollannadək olan fiziki şəxslərə şamil edilir. Ən əsası isə Fərmana əsasən həm kredit borcunu 1 yanvar 2012-ci il il tarixindən 1-ci devalvasiya tarixinədək olan dövrdə götürüb həmin devalvasiyadan və ya 2-ci devalvasiyadan sonra kreditini bağlayanlara, həm də 2-ci devalvasiyadan əvvəl kredit götürüb həmin devalvasiyadan sonra kreditini bağlayan şəxslərə devalvasiya tarixlərində əsas borcun qalıq məbləğinə uyğun kompensasiya ödənilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanında nəzərdə tutulur ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollannadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qıymətləndırılməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-cı il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 1.2, 73.1, 73.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsaslanaraq, onun (iddiaçının) adının Bank “BTB’’ ASC ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın ona ödənilməsini təmin edən tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə Bank "xxxx" ASC cavabdeh qismində prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 3 dekanr 2020-ci il tarixli məktubunda bildirilir ki, X1 Kredit Reyestrinin (MKR) və məlumat bazasının (PK) məlumat bazalarına əsasən İddiaçı ilə Bank "xxxx" ASC arasında 24 avqust 2015-ci il tarixdə bağlanmış 8.908,77 ABŞ dolları dəyərində kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 5.207,68 manat kompensasiya hesablanmışdır. Bundan başqa, Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara əsasən sözügedən kredit müqaviləsi üzrə borcluya 5.871,10 manat güzəşt edildiyindən hesablanmış kompensasiya məbləği kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Belə ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin Mərkəzi Banka münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bank "xxxx" ASC-nin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı mülahizəsində bildirilir ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4 aprel 2018-ci il tarixə olan borc 7.338,88 ABŞ dolları olmuşdur. Bankın PKD-098-2018 saylı 4 aprel 2018-ci il tarixli sərəncamı ilə qeyd olunan məbləğin tam ödənilməsi şərtilə güzəşt tətbiq edilərək 1 ABŞ dolları – 0,90 manat məzənnə ilə ödənilməsi nəzərdə tutulmuş, İddiaçı tərəfindən göstərilən borc məbləğ 4 aprel 2018-ci il tarixində tam olaraq ödənilmişdir. «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»na əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasına gəlməımişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiuallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallaarı əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ilə Bank "xxxx" ASC arasında 24 avqust 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Bank "xxxx" ASC iddiaçıya 8.908,77 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilə üzrə 4 aprel 2018-ci il tarixə borc məbləği 7.338,88 ABŞ dolları olmuşdur. Bank "xxxx" ASC həmin tarixdə qeyd olunan məbləğə 1 ABŞ dolları – 0,90 manat məzənnə ilə şərtilə güzəşt tətbiq etmiş və İddiaçı həmin gün borc məbləğini tam ödəmişdir. İddiaçı həmin ödənişlə əlaqədar ona komöensasiya ödənilməsi üçün adının Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) müraciət etmiş, lakin cavabdeh onu həmin Fərmanının müddəalarına uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli (qeydiyyat nömrəsi 1********) qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 1-ci bəndinə görə bu Qayda «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.3-cü bəndinə görə devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərqin (artan məzənnə fərqi) kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləğinin kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmasını nəzərdə tutur. Hazırkı iş üzrə İddiaçı da Bank "xxxx" ASC-dən 24 avqust 2015-ci il tarixli müqavilə üzrə 4 aprel 2018-ci il tarixə, yəni 2-ci devalvasiyadan sonra və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının qəbulundan əvvəlki vaxtda mövcud olmuş 7.338,88 ABŞ dolları borc məbləğini həmin kredit təşkilatı (Bank) ilə qarşılıqlı razılaşma əsasında həmin tarixdə 1 ABŞ doları – 0,90 manat məzənnə ilə güzəşt tətbiq olunmaqla tam şəkildə ödədiyindən, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 3,3-cü bəndinin tələblərinə görə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği həmin kredit təşkilatının qarşıladığı hissə qədər azaldılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə müvafiq borc 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələbləri baxımından kompensasiya ödəniləcək əməliyyatların dairəsinə aid edilə bilməz. Odur ki, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15 – 17, 19 və 24-cü maddələrinin tələblərinə zidd sayılmamalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxslər Bank "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxslər Bank "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «iddiaçının adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-466/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-466/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver