Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4662/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbçi, bölmə rəisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi və iddiaçının öz raportu əsasında ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçının N №li hərbi hissənin “ideoloji iş və mənəvi psixoloji bölmə rəisi” vəzifəsinə təyin olunması barədə Azərbaycan Ordusunun Baş qərargah rəisinin xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv olunması və iddiaçının xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) ordu sıralarından ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının xidmət etdiyi vəzifə - hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsi ixtisara düşdüyü üçün iddiaçı onun ştatların ixtisarına əsasən ordu sıralarından ehtiyata buraxılması barədə raportla yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasına baxmayaraq o ordu sıralarından ehtiyata buraxılmamış və digər aşağı vəzifəyə - hərbi hissənin ideoloji iş və mənəvi psixoloji bölmə rəisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı tutduğu vəzifə ixtisara düşərək ideoloji iş və mənəvi psixoloji bölmə rəisi vəzifəsi ilə əvəz edilmiş və iddiaçı da öz ixtisasına uyğun həmin vəzifəyə təyin olunmuşdur. Hərbi qulluqçular “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə müvafiq olaraq ştatların ixtisarı və təşkilatı tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadığı halda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.Lakin Azərbaycan Ordusunda iddiaçının ixtisasına uyğun vakant vəzifələr olduğu nəzərə alınaraq iddiaçı ştatların ixtisarı ilə ehtiyata buraxılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə sübut qismində iddiaçının şəxsiyyət vəsiqəsi, N nömrəli hərbi hissə komandirinə ünvanlanmış raport, söhbət vərəqi, N nömrəli hərbi hissə komandirinin raportu,iddiaçının şikayət ərizəsi,cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubu, əmək haqqı barədə arayış, cavabdehin 0211 nömrəli, xx.xx.2021-ci il tarixli əmrindən çıxarış təqdim edilmişdir. Məhkəmə həmin sənədlərdən müəyyən etmişdir ki, İddiaçı vəzifə maaşı N manat olan hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət etmişdir, həmin vəzifə ixtisara düşdüyü üçün iddiaçı vəzifə maaşı 700 manat olan ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi vəzifəsinə keçirilmişdir.İddiaçı həmin vəzifə ilə razılaşmayaraq ştatların ixtisarına əsasən ordudan ehtiyata buraxılması haqqında cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; Həmin Qanunun 34.1-ci maddəsinə əsasən bu Qanunun 34.5-ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 34.5-ci maddəsinə əsasən hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar. Həmin Qanunun 41.0-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunun ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 15-ci bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidmət müddəti başa çatdıqda (hərbi təhsil müəssisələrinin kursantlarından və kadr zabitlərindən başqa); xəstəliyə görə — hərbihəkim komissiyasının rəyinə əsasən; ştatların ixtisarına görə — ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); Həmin Əsasnamənin 81-ci bəndinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda;.. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər. Həmin Əsasnamənin 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); İşin faktiki hallarına əsasən iddiaçının xodmət etdiyi ştat ixtisar olunsa da o ixtisasına uyğun başqa vəzifəyə keçirilmiş, yəni xidmətdə ondan istifadə etmək mümkün olmuşdur, belə olan halda onun ixtisarla ehtiyata buraxılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas yaranmamışdır və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının N №li hərbi hissənin “ideoloji iş və mənəvi psixoloji bölmə rəisi” vəzifəsinə təyin olunması barədə Azərbaycan Ordusunun Baş qərargah rəisinin xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv olunması və iddiaçının xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) ordu sıralarından ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 32, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının N №li hərbi hissənin “ideoloji iş və mənəvi psixoloji bölmə rəisi” vəzifəsinə təyin olunması barədə Azərbaycan Ordusunun Baş qərargah rəisinin xx.xx.2021-ci il tarixli əmrinin iddiaçıya aid hissədə ləğv olunması və iddiaçının xx.xx.2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) ordu sıralarından ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-4662/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4662/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver