Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4663/2024 22.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi, ünvanlı sosial yardımın bərpa edilməsi və dayandırılmış bütün dövr üçün sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Həmçinin iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırıldığı tarixdən bərpa edilməsi və dayandırılmış bütün dövr üçün sosial yardımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun ailəsi aztəminatlı qrupa daxil olduğundan ünvanlı dövlət sosial yardımı alırdı. Sosial yardım xx.xx.2023-cü il tarixdən 1 (bir) il müddətinə dayandırılmışdır. Cavabdehə müraciət edərək onun bərpa olunmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməkdən imtina edərək, imtinasını belə əsaslandırmışdır ki, iddiaçının sosial yardım almaq hüququ Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2022-ci il tarixdən Nəqliyəat vasitəsinin olması səbəbi göstərməklə Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən xx.xx.2023cü il tarixdən VEMTAS tərəfindən l(bir) il müddətinə məhdudlaşdırılmışdır. Halbuki ailə aztəminatlı ailədir. İddiaçı üçüncü qrup əlildir, həyat yoldaşım işləmir, övladları Turan məktəblidir, Ramil xroniki epileysiya xəstəsidir, Aytac tibb kollecində oxuyur. İkincisi, cavabdehin istinad etdiyi və sosial yardımın dayandırlmasına əsas olan avtomobil 1987-ci il buraxılış VAZ -21 qohumun X4 tərəfindən 1 il müddətinə iddiaçıya etibarnamə üzrə verilmişdir və onun mülkiyyətində deyil, ondan taksi kimi istifadə etmir, həmin avtomobil ailəyə gəlir gətrimir, yalnız xəstə uşağı müalicəyə aparmaq üçün verilmişdir. Bundan başqa, həmin avtomobilə istinad edilərək 2014-cü ildə də iddiaçının sosial yardım dayandırlmışdı. İddiaçı məhkəməyə müraciət etmiş, Ali Məhkəmə cavabdehin həmin avtomobilə əsaslanaraq sosial yardımı dayandrımasını qanunsuz hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********09801 nömrəli ərizə ilə VEMTAS-a müraciət etmişdir. Həmin müraciətə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq VEMTAS tərəfindən ailəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 433,80 manat məbləğində ÜDSY təyin olunmuşdur. Sosial yardımın təyin olunması ilə bağlı müraciət etmiş şəxslərin istifadəsində nəqliyyat vasitəsinin olması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə əsasən yoxlanılır. Müvafiq sistemə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat VEMTAS-a inteqrasiya edilir. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2022-ci il tarixdən nəqliyyat vasitəsinin olması müəyyən edilmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə sorğu ünvanlanmış və cavab məktubunda ÜDSY alan ailənin üzvü İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək “VAZ- 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə hüququnun olması müəyyən edilmişdir. Bu səbəblə “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”na uyğun olaraq ünvanlı dövlət sosial yardımın ödənilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ona ünvanlı dövlət sosial yardım təyin olunması üçün VEMTAS vasitəsilə müraciət etmiş, həmin sistem tərəfindən avtomatlaşmış qaydada ona sosial yardım təyin edilmiş və Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndindəki hal aşkar edildiyindən iddiaçının kabinetinə bu barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. Həmin bildirişdə iddiaçının təyinat üçün ilkin müraciətinin tarixi qeyd edilərək sosial yardımın dayandırılmasının səbəbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; - maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. - maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. - maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. - maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. - maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: - bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X2 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. - bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. - bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. - bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. - bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. - bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemi vasitəsilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən iddiaçıya 433,80 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə məhdudiyyət qoyulmuşdur. İş materiallarında olan ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********09801 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü İddiaçı istifadəsində xx.xx.2022-ci il tarixdən nəqliyyat vasitəsinin olması əsası ilə imtina edilmişdir. İddiaçı hazırda bu məhdudiyyətin ləğv edilərək, ona təyin edilmiş ünvanlı dövlət sosial yardımının bərpa edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələbində haqlıdır. Belə ki, birincisi, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X6i İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. İkincisi, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(102)-1134/2015 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvanlı sosial yardım verilməsinin bərpa olunması vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2-1(82)- 154/2015 saylı qərarı ilə iddia təmin edilməmiş, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istifadəsində nəqliyyat vasitəsi olduğundan cavabdehin ona ünvanlı sosial yardım verilməsindən imtina etməsi qanuni və əsaslıdır, həmin imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 may 2015-ci il tarixli 2-l(103)-936/2015 saylı qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 17 mart 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin təmin olunmasını xahiş etmiş, məhkəmə kollegiyası şikayət qismən təmin etmiş və qeyd etmişdir ki, “ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Sosial yardım ünvanlılıq (sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur), ədalətlilik (sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur) və bərabərlik (sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur) prinsipləri əsasında təyin olunur (“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 1.0.6, 4-cü maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, sözügedən nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X4 iddiaçının qohumudur və onun ailəsi ilə birlikdə yaşamır. Digər tərəfdən, E.Yusifov mülkiyyətindəki nəqliyyat vasitəsini iddiaçıya etibarnamə əsasında idarə etmək üçün vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hərəkət sözügedən nəqliyyat vasitəsinin iddiaçının istifadəsinə verilməsi anlamına gəlməyə əsas vermir. Belə ki, Mülki Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur: o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X3 mülkiyyətində olan nəqliyyat vasitəsinin iddiaçıya etibarnamə üzrə idarə etmək üçün verilməsini iddiaçının ailəsinin istifadəsində nəqliyyat vasitəsinin olması kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir və məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 152.3 və 152.8-ci maddələrinin tələblərinə uyğun deyildir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “VAZ 21007 minik” markalı ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı iddiaçının adına etibarnamə verilməsi həmin nəqliyyat vasitəsinin onun istifadəsində olması kimi qiymətləndirilməmiş, bu hərəkətin sözügedən nəqliyyat vasitəsinin iddiaçının istifadəsinə verilməsi anlamına gəlməyə əsas vermədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin həmin hala istinad edərək, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımını dayandırması qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının tələbini istisna edən faktiki şərtləri sübut etməli olduğu halda bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırıldığı tarixdən bərpa edilməsi və dayandırılmış bütün dövr üçün ödənilməyən ünvanlı dövlət sosial yardımının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4663/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4663/2024
22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver