Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4665/2021 06.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları: İddiaçı X4 (bundan sonra – İddiaçı) mülkiyyətində olan mənzilin sökülməsi ilə bağlı əlavə kompensasiyanın ödənilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh A-25-150 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində yerləşən iddiaçıya məxsus olan mənzilin sökülməsi səbəbi ilə ona başqa mənzil sahəsinin verildiyini, əlavə kompensasiyanın ödənilməsi məsələsinə gəldikdə isə başqa mənzil sahəsi ilə təmin olunduğundan qalıqlı məsələnin müsbət həll edilməsinin cavabdehin səlahiyyəti xaricində olduğunu bildirmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavadehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, X11 küçəsi, 203 ünvanında üç mərtəbəli arxitektur binanın birinci mərtəbəsində yerləşən faktiki sahəsi 84 kv. m. olan 4 otaqlı 1 nömrəli mənzilin dövlət ehtiyacları üçün alınması nəticəsində iddiaçıya dəymiş 252700 (iki yüz əlli iki min yeddi yüz) manat pul vəsaitinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 23 iyul 2021-ci il tarixli, 2-1(112)-4665/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində hazırkı inzibati icraata cəlb edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri X11 küçəsi, 203 ünvanında, üç mərtəbəli arxitektur binanın birinci mərtəbəsində yerləşən 1 nömrəli mənzili 19 mart 2008-ci ildə alqı-satqı müqaviləsi əsasında 165000 manata almışdır. 2009-2010cu illərdə həmin mənzilə 64000 manat pul vəsaiti xərcləyərək təmir edib ofisə çevirmişdir. İddiaçının əmlaka sərf etdiyi ümumi xərc 229 000 (iki yüz iyirmi doqquz min) manat təşkil etmişdir. Sonradan həmin əmlak cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. İddiaçı kompensasiya olaraq mənzilə xərclədiyi 229 000 manat məbləği tələb etsə də əvəzinə ünvan 3 ünvanında yerləşən mənzil onun mülkiyyətinə verilmişdir. O, həmin mənzili alqı-satqı əsasında ən yüksək qiymətə, 110082 manat məbləğində pula satmışdır. Göründüyü kimi, ofis üçün aldığı mənzilə ödədiyi və təmirinə çəkdiyi ümümi xərc qarşılığında ona pul əvəzi verilən mənzil arasında 252700 manat pul fərqi var. Cavabdeh və üçüncü şəxsə iddiaya qarşı öz münasibətlərinin yazılı şəkildə məhkəməyə bildirilməsi təklif edilmiş, lakin müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun mülkiyyətində olmuş mənzili dövlət ehtiyacları üçün satmış, lakin ona verilən kompensasiyanın azlığına istinad edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddia qaldırmaq səlahiyyəti yalnız hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə çarpmayan hallarda mövcud olmur. Hazırkı işdə isə belə bir müdaxilə mövcuddur. Belə ki, İddiaçı mülkiyətində olan əmlakla bağlı cavabdehin səlahiyyət veridiyi fiziki şəxslə alqı-satqı müqaviləsi bağlasa da, işin hallarından görünür ki, bu müqavilə mülki dövriyyənin bərabər iştirakçıları kimi sərbəst iradə əsasında bağlanmamış, müvafiq sərəncam əsasında həmin ərazinin sökülməsi həyata keçirildikdən, iddiaçı kompensasiya kimi digər mənzillə təmin edildikən sonra bağlanmışdır. Yəni bu müqavilə iddiaçıya məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehin verdiyi sərəncamın icrası çərçivəsində bağlanmış, iddiaçı alqı-satqı müqaviləsini bağlamağa “məcbur” olmuşdur. Eyni zamanda iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə hesab edir ki, iddia əsasızdır. Belə ki, iddianın əsaslılığı ilə bağlı məhkəmə tərəfindən aparılan araşdıma zamanı tədqiq olunan sübutlara əsasən aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 203 ünvanında yerləşən ümumi sahəsi 70,3 kv.metr, yaşayış sahəsi 50,5 kv.metr olan 4 otaqlı 1 saylı mənzili 165000 manat müqabilində X2 almış, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının həmin mənzilə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 92 saylı sərəncamı ilə şəhərin abadlaşdırılması ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əlivev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X9, Mirzə İbrahimov küçələrinin əhatəsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, hər kvadrat metri üçün 1500 (bir min beş yüz) manat ödənilməklə sakinlərin köçürülməsi işlərinin aparılması Bakı Səhər İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin Sərəncamın 1, 5 və 6-cı bəndlərində göstərilmişdir ki: - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üzrə vahid sifarişçi təyin edilsin. - Köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə şəhər ərazisində inşa edilən müasir standartlara uyğun binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin ümumi sahələrinə uyğun tam təmir olunmuş mənzillər və qeyri-yaşayış sahələri verilməklə mülkiyyət sahiblərinin köçürülməsi söküntü işlərinin qanuni surətdə aparılması və mübahisələrin həll edilməsi məqsədilə Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 514 saylı sərəncamı ilə yaradılmış Komissiya tərəfindən təmin edilsin; - "xxxx" MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2011-ci il tarixli, C-06/11 saylı müraciət məktubunda sakinlərin köçürülməsi üçün tələb olunan müasir təmirlı yaşayış və qeyri-yaşayış sahələrinə malik olmasını bildirdiyini nəzərə alaraq, eyni zamanda qeyd edilən işlərin operativ şəkildə həyata keçirilməsi zərurəti ilə bağlı Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X10, Mirzə İbrahimov küçələrinin əhatəsində və ünvan 6 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə şəhər ərazisində yeni inşa edilmiş binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin ümumi sahələrinə uyğun tam təmir olunmuş mənzillər və qeyri-yaşayış sahələri verilməklə köçürülməsi işləri "xxxx" MMC tərəfindən həyata keçirilsin. Komissiyanın rəyinə istinad edərək Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti ilə "xxxx" MMC arasında bağlanacaq müqavilə əsasında bu işlərin vaxtında yerinə yetirilməsi komissiya tərəfindən təmin edilsin. - Həmin sərəncamın icrası məqsədilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (1-ci tərəf) ilə fiziki şəxs X5 (2-ci tərəf) arasında 30 dekabr 2011-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin 2.1–ci bəndinə əsasən 1-ci tərəf Bakı şəhərinin Baş planına uyğun olaraq aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi kimi Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X10 və Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyət sahiblərinə müəyyən edilmiş məbləğdə kompensasiya ödənilməklə köçürülməsi işlərinin həyata keçirilməsi üzrə vahid sifarişçi təyin edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-cı il tarixli, 92 saylı sərəncamının 1-ci və 2-ci bəndlərini rəhbər tutaraq, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən 47 nəfər mülkiyyət sahiblərinə məxsus, ümumi sahəsi 5189,96 kv. metr olan yaşayış və qeyri-yaşayış sahələrinin hər bir kv.metri üçün 1500 manat məbləğində kompensasiya ödənilməklə notarial qaydada rəsmiləşdirilən müqavilə əsasında köçürmə işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün ayrılmış vəsaitin 2-ci tərəfin hesabına köçürməyi, müqavilənin 2.2-ci bəndinə əsasən 2-ci tərəf ayrılan vəsait dairəsində, bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən siyahı üzrə mülkiyyət sahiblərinə, onlara məxsus ümumi sahəsi 5189,96 kv. metr olan yaşayış və qeyri-yaşayış sahələrinin hər bir kv.metri üçün 1500 manat vəsait ödənilməklə notarial qaydada rəsmiləşdirilən müqavilə əsasında köçürmə işlərinin aparılmasını, eləcə də köçürmə işlərinin təşkili ilə bağlı bütün məsuliyyəti öz öhdəsinə götürmüşdür. - Müqavilənin 1 saylı Əlavəsi olan Köçürülən vətəndaşların Siyahısında İddiaçı adı 1ci qeyd edilmişdir. - 14 may 2011-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə və "xxxx" MMC-nin 14 may 2011-ci il tarixli arayışına əsasən ünvan 7 ünvanında yerləşən blok-D, 6-cı mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 149.48 kv.m. olan 140 nömrəli mənzil iddiaçının mülkiyyətinə verilmiş, iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1391 nömrəli reyestr kitabının 127234 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. - Bundan sonra İddiaçı X3 ilə AN-İ ******* nömrəli, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 146.28 kv.metr, yaşayış sahəsi 81.72 kv.metrdən ibarət 3 otaqlı, 7 saylı evin 140 nömrəli mənzili 110082 manat müqabilində E.Qasımova satmışdır. - Həmçinin işdə olan İddiaçı (Satıcı) ilə X5 (Alıcı) arasında bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş 11/35640 arayışa əsasən İddiaçı etibarnamə əsasında dörd otaqlı, yaşayış sahəsi 50,5 kv.m., ümumi sahəsi 70,3 kv.metr olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 203 ünvanında yerləşən 1 nömrəli mənzili 105450 manat müqabilində Alıcının mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin məhkəmə sorğusuna cavab məktubuna əsasən Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 92 saylı sərəncamının icrası ilə əlaqədar, paytaxt ərazisində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti ilə fiziki şəxs X5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 203 ünvanında yerləşən ümumi sahəsi 70,3 kv.metr olan 1 nömrəli mənzilin hər bir kvadrat metri üçün 1500 manat olmaqla 105450 manat məbləğində kompensasiya notariat qaydada bağlanmış xx.xx.2012-ci il tarixli, AN-İ №-0322913 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ödənilmiş və köçürmə işləri həyata keçirilmişdir. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, 2011-2012-ci illərdə Bakı şəhərində həyata keçirilən şəhərin abadlaşdırılması ilə əlaqədar aparılan söküntü işləri çərçivəsində iddiaçının mülkiyyətində olan əmlak cavabdehin səlahiyyət verdiyi şəxs tərəfindən alınmış, bunun müqabilində ödənilən vəsait əsasında iddiaçı digər bir əmlakı satın almış, hətta daha sonra həmin əmlakı üçüncü bir şəxsə satmışdır. Məhkəmə qeyd edir ki, şəhərin abadlaşdırılması torpaqların dövlət ehtiyacı üçün alınmasına əsas verməsə də, iddiaçının mənzilinin yerləşdiyi bina məhz dövlət orqanının sərəncamı əsasında söküldüyündən hazırkı işə oxşar hüquq münasibətini tənzimləyən norma kimi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra –Qanun) müddəaları tətbiq edilməlidir. Həmin Qanunun isə: - 29.1-ci maddəsinə əsasən alan orqanın və ya torpağın alınması qrupunun hərəkətləri nəticəsində zərər çəkmiş alınmanın təsirinə məruz qalan şəxs və ya həmin torpaqda hüququnun olması iddiası ilə çıxış edən şəxs, yaxud həmin torpaqda belə hüququ olan şəxs hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 90 gün müddətində alan orqanın və ya torpağın alınması qrupunun müvafiq aktlarından və ya onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı orqana və (və ya) qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. -29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. -31.1-ci maddəsinə əsasən torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1- 7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. -31.3-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razı olduqda, bu Qanunun 31.1-ci maddəsində göstərilən bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. - 33.1-ci maddəsinə əsasən alan orqan bu Qanunun 31.3-cü maddəsinə uyğun olaraq torpaq üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satışına razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərə torpağın satın alınması barədə yazılı təklif verir. - 34.1-ci maddəsinə əsasən torpağının satın alınması təklifini qəbul etməzdən əvvəl alınmanın təsirinə məruz qalan şəxs təklifin şərtlərinə dair izahın verilməsi və ya təklifə dəyişikliklər edilməsi barədə alan orqana müraciət edə bilər. - 35.2-ci maddəsinə əsasən torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. - 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. - 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir. - 69-cu maddəsinə əsasən: 69.1. Alan orqan bu Qanuna uyğun olaraq həyata keçirilmiş hər kompensasiya ödənişinə görə iddiaçıdan imzalanmış qəbz qəbul edir və iddiaçı həmin qəbzi imzalamaq öhdəliyi daşıyır. 69.2. İstənilən iddiaçı kompensasiya ödənişini kompensasiyanın məbləği və ya mahiyyəti ilə bağlı etiraz bəyanatı ilə qəbul edə bilər. 69.3. Kompensasiya ödənişini etiraz bəyanatı ilə qəbul edən hər hansı bir iddiaçı həmin kompensasiyanı qəbul edib-etməməsindən asılı olmayaraq kompensasiyanın və ya onun bir hissəsinin verilməsinə etiraz etmək hüququna malikdir. 69.4. Şəxs kompensasiyanı etiraz bəyanatı ilə qəbul etdikdə kompensasiyanı qəbul etdiyi tarixdən sonra 20 gün müddətində etirazla bağlı bildirişi alan orqana təqdim etməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı hazırda mülkiyyətində olmuş əmlaka çəkdiyi təmir xərclərinə, habelə 2011-ci ildə həmin əmlak müqabilində ona ödənilən kompensasiya ilə aldığı mənzili ucuz qiymətə satdığına görə cavabdehdən əlavə kompensasiya tələb edir. Lakin işdən görünür ki, iddiaçı ona verilən məbləğlə razılaşaraq kompensasiya məbləğini (həmin məbləğ qarşılığında verilən mənzili) qəbul etmiş, ona etiraz etməmişdir. O, cavabdehin səlahiyyət verdiyi müvafiq şəxslə bağlanan alqı-satqı müqaviləsini də mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmişdir. Buna baxmayaraq iddiaçı hazırda həmin alqı-satqı müqaviləsi qüvvədə ola-ola artıq özgəninkiləşdirdiyi əmlaka görə təkrarən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbini irəli sürür, halbuki hər iki tərəf mübahisələndirilən əmlakın alqısatqısına dair bağlanmış müqavilə ilə öhdəliklərini icra etmiş, yəni satıcı öz əmlakını alıcıya satmış, alıcı (alıcı fiziki şəxs R.Musayev olsa da, o həmin müqaviləni cavabdehin verdiyi səlahiyyət əsasında bağladığından faktiki alıcı kimi cavabdeh qəbul edilməlidir (..”müvafiq Dövlətin icra orqanları şəxslər vasitəsilə tədbir həyata keçirdikdə və bu tədbir həmin ərazi dairəsindəki digər şəxslərin Konvensiya üzrə verilən hüquqlarını pozursa, o zaman Dövlət Konvensiyaya əsasən məsuliyyət daşıyır”, Xalikova “Azərbaycana qarşı” iş üzrə AİHM-nin xx.xx.2015-ci il tarixli Qərarı) isə həmin əmlakın dəyərini ona ödəmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə qəbul edir ki, iddiaçı mülkiyyətində olan əmlakı cavabdehə satmağa “məcbur” olmuşdur, lakin bu hal onun təklif edilən kompensasiyaya etiraz etmək hüququnu məhdudlaşdırmamışdır. Belə ki, sadalanan qanunvericilik normalarından görünür ki, qanunverici alınmanın təsirinə məruz qalan şəxsə belə bir imkan tanımışdır. Lakin iddiaçı kompensasiya məbləği barədə etiraz etmək hüququ olduğu halda bunu etməmiş, 10 ildən artıq kompensasiyanın məbləği ilə bağlı heç bir iddia irəli sürməmişdir ki, bütün bu hallar İddiaçının əmlakının satın alınması zamanı ödənilən kompensasiyanın onun iradəsinə uyğun olduğunu deməyə əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının artıq icra olunmuş müqavilə öhdəlikləri üzrə cavabdehə qarşı yenidən keçmiş mülkiyyətçi kimi kompensasiya ödənilməsi ilə bağlı hazırkı tələbi irəli sürməsi əsassız olmaqla hüquqdan sui-istifadədir. Belə ki, Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Məhkəmə qeyd edir ki, şəxs qanunvericiliklə tanınan və qorunan hüquqlarını sərbəst həyata keçirmək, digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanına malikdir. Lakin bu hüquqların həyata keçirilməsi lazımi davranış hüdudları ilə tənzimlənir. Yəni şəxs digər şəxslərə zərər vuran və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edə bilməz. Belə istifadə edilən hüquq qorunmur, çünki sözügedən məqsəd və hədlər xaricinə çıxdıqda artıq həmin hüququn özü mövcud olmur. Oxşar mövqe X6 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının öz iradə ifadəsi əsasında alqı-satqı müqaviləsinə əsasən cavabdehə satdığı əmlakla bağlı yenidən kompensasiya tələbi irəli sürməsi alıcının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi (venire contra factum proprium) olmaqla hüquqdan sui-istifadə olduğundan hazırkı tələb təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4665/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4665/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver