Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4666/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Masallı rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1978-ci il tarixdə başlamış, 26.08.1983- 01.07.2008-ci il tarixlərdə “Azərikimya” İB-nin “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyası”nın 21.4-cü bölməsinin bəndlərində qeyd edilən peşə siyahısna aiddir. Həmin qərarın dəmiryol nəqliyyat bölməsinin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi siyahıda qeyd olunub. Həmçinin iddiaçının iş stajı, “Əmək pensiyaları haqqında” Qanunda qeyd edilən şərtlər onun pensiya təminatı hüququnu yaradır. İddiaçı pensiya təyinatı ilə əlaqədar olaraq AR ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. Cavabdeh 27.11.2020-ci il tarixli, **********2 nömrəli məktubu ilə iddiaçıya əsassız imtina vermişdir. Həmin məktuba əsasən iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarında qeyd olunan zərərli və ağır olan işlər siyahısına aid deyil, həmçinin pensiya kapitalı qanunvericiliyə uyğun olmadığından ona güzəştli şərtlərlə pensiya təminatının mümkün olmadığını bildirmişlər. Belə ki, cavabdeh təşkilatın istinad etdiyi qanun 2017-ci il tarixdə qüvvəyə minmişdir. Halbuki, onun pensiya hüququ 2016-cı il tarixdən yaranmışdır. Hesab edir ki, işlərindən araşdırılaraq onun pensiya hüququ inzibati məhkəmə tərəfindən yarana bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən ona 57 yaşdan, yəni 18.08.2017ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 may 2021-ci il tarixli qərardadı ilə ərizə dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Sonradan iddiaçı 16 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək məhkəmədən ona 57 yaşdan, yəni 18.08.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı 21 sentyabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən əmək kitabçasında iddiaçının 26.08.1983- 01.07.2008-ci il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə Siyahıda qeyd olunan sahəyə aid deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22698,98 manat təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, Sumqayıt şəhəri, YAT-4, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSRİ Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 21.07.1978-ci il tarixdə verilmiş 782713 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.09.1975-ci il tarixdə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 21.07.1978-ci il tarixdə elektrovozun maşinist köməkçisi peşəsi üzrə bitirmişdir. İşdə olan HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 09.11.1978-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 10.12.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən İddiaçı 01.09.1978-ci ildə X4 Azərbaycan Dəmiryolunda 1-ci dərəcəli elektroxodovik təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 09.10.1978-ci ildə həmin vəzifədən azad edilmişdir. 15.01.1981-ci ildə 1-ci dərəcəli elektroxodovik təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 23.02.1981-ci ildə elektrovoz maşinistinin dublyor köməkçisi vəzifəsinə keçirilmiş, 05.03.1981-ci ildə elektrovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmiş, 03.01.1983-cü ildə işdən azad edilmişdir. 02.03.1983-cü ildə Sumqayıt SK Zavodunda nəqliyyat sexinə 4cü dərəcəli tərtibçi köməkçisi vəzifəsinə qəbul edilmiş, 01.06.1983-cü ildə Nəqliyyat sexinə 4-cü dərəcəli tərtibçi köməkçisi vəzifəsinə keçirilmiş, 26.08.1983-cü ildə Nəqliyyat sexinə 5-ci dərəcəli tərtibçi vəzifəsinə keçirilmiş, 08.07.1987-ci ildə orada teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmiş, 01.01.1987-ci ildən X5 adı X3 Birliyinə dəyişdirilmiş, 01.07.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin sorğusu əsasında SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi “Etilenpolietilen” zavodu tərəfindən verilmiş 3104/OH-06-449 nömrəli, 19.03.2021-ci il tarixli məktubuna əsasən vətəndaş İddiaçı əmək funksiyası, əmək məzuniyyətləri, əmək şəraiti və əmək haqqına əlavələrin verilməsi barədə sənədlər təqdim edilmişdir. Həmin məktubla əlavə edilmiş arayışında göstərilmişdir ki, “Azərikimya” İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (Nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləmiş İddiaçı iş fəaliyyəti barədə aşağıdakılar bildirilir: Keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (Nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləmiş İddiaçı işlədiyi Dəmir yolu (Nəqliyyat) sexinin əsas vəzifəsi burada olan vaqonların, dəmir yolu çənlərinin və digər dəmir yolu nəqliyyatı ilə daşıma vasitələrinin - teplovozların köməyi ilə məhsul və digər yüklərin Birliyin dəmir yolu sərhədinə və oradan zavoda təhlükəsiz daşınması, teplovozların fasiləsiz işinin təmin edilməsi, dəmir yolu xətlərinin daşımalar üçün daima hazır vəziyyətdə olmasına xidmət edir. 1.İddiaçı “Azərikimya” İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (Nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən onun əmək məzuniyyətinin müddəti: 1983-1985-ci iş ili üçün 21.08.1985-ci il tarixindən 18 gün; 1984-1984-cü iş ili üçün 15.03.1984-cü il tarixindən 18 gün; 1985-1986-cı iş ili üçün 23.10.1986-cı il tarixindən 18 gün; 1986-1987-ci iş ili üçün 24.07.1987-ci il tarixindən 21 gün; 1987-1988-ci iş ili üçün 25.03.1988-ci il tarixindən 24 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün. 1988-1989-cu iş ili üçün 24.05.1989-cu il tarixindən 27 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün, ümumi iş stajına görə 3 gün olmuşdur. 1989-1990-cı iş ili üçün 25.04.1990-cı il tarixindən 27 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün, ümumi iş stajına görə 3 gün olmuşdur. 1990-1991-ci iş ili üçün 27.09.1991-ci il tarixindən 27 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün, ümumi iş stajına görə 3 gün olmuşdur. 1991-1992-ci iş ili üçün 24.05.1992-ci il tarixindən 27 gün - əsas məzuniyyət 21 gun, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 3 gün, ümumi iş stajına görə 3 gün olmuşdur. 1992-1993-cü iş ili üçün 14.03.1995-ci il tarixindən 29 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 6 gün, ümumi iş stajına görə 2 gün olmuşdur. 1993-1994-cü iş ili üçün 18.04.1995-08.05.1995-ci il, 21 tarixindən 21 gün. 1994-1995-ci iş ili üçün 28.10.1996-09.12.1996-cı il tarixindən 43 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 9 gün olmuşdur. 1995-1996-cı iş ili üçün 01.07.1997-12.08.1997-ci il, 43 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 9 gün olmuşdur. 1996-1997-ci iş ili üçün 18.08.1997-29.09.1997-ci il, 43 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 9 gün olmuşdur. 1997-1998-ci iş ili üçün 01.05.1998-13.06.1998-ci il, 43 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 9 gün olmuşdur. 1998-1999-cu iş ili üçün 14.06.1998-26.07.1998-ci il, 43 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 9 gün olmuşdur. 1999-2000-ci iş ili üçün 17.01.2000-20.02.2000-ci il, 34 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün. 2000-2001-ci iş ili üçün 28.08.2001-30.09.2001-ci il, 34 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün. 2001-2002-ci iş ili üçün 27.03.2002-29.04.2002-ci il, 34 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün. 2002-2003-cü iş ili üçün 30.05.2003-04.07.2003-cü il, 34 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün. 2003-2004-ci iş ili üçün 31.05.2004-10.07.2004-cü il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2004-2005-ci iş ili üçün 10.11.2004-21.12.2004-cü il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2003-2004-ci iş ili üçün 31.05.2004-10.07.2004-cü il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2005-2006-cı iş ili üçün 18.11.2005-27.12.2005-cü il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2006-2007-ci iş ili üçün 19.05.2006-28.06.2006-cı il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2007-2008-ci iş ili üçün 04.12.2007-17.01.2008-ci il, 40 gün - əsas məzuniyyət 21 gün, zərərli iş şəraitinə görə əlavə məzuniyyət 13 gün, ümumi iş stajına görə 6 gün olmuşdur. 2.İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün göstərilən güzəştlərdən: - əlavə məzuniyyət; - aylıq tarif maaşına 8% əlavə; - gündə bir dəfə olmaqla isti yeməklə; - hər gün 0,5 litr südlə təmin olunmuşdur. 3.İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün o, aylıq tarif maaşının 8%-i miqdarında əlavə vəsaitlə və yuxarıda göstərilən əlavə məzuniyyətlə təmin edilmişdir. 4.İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olmuşdur. 5.İddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun Dəmir yolu (nəqliyyat) sexində Qatar tərtibçisi, Teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün xüsusi qida məhsullarından hər gün 0,5 litr südlə və isti yeməklə təmin edilmişdir. Yuxarıda sözügedən məktubla əlavə edilmiş ARDNŞ “Azərikimya” İB-nin Etilen- Polietilen zavodunun Baş mühəndisi A.Cəfərov tərəfindən imzalanmış 14.06.2019-cu il tarixli Dəmir yolu sahəsinin 5-ci dərəcəli Teplovoz maşinistinin köməkçisinin peşə təlimatında göstərilmişdir: İşin xüsusiyyəti - qatarı sürərkən və manevr yerdəyişmələri zamanı TİQ, təlimatların, əmrlərin və göstərişlərin yerinə yetirilməsi, hərəkət təhlükəsizliyinin təmin edilməsi; qatarların mütərəqqi qaydalarla sürülməsinin tətbiq edilməsi, manevr işlərinin həyata keçirilməsi; Yanacağa, elektrik enerjisinə qənaət, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlanılması, lokomotiv briqadaların və çilingərlər tərəfindən yetirilən texniki xidmət və cari təmirin keyfiyyəti və tamlığını yoxlama üzrə qabaqcıl iş qaydalarının öyrədilməsi. İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət edilməsi. Yuxarıda sözügedən məktubla əlavə edilmiş ARDNŞ “Azərikimya” İB-nin Etilen- Polietilen zavodunun Baş mühəndisi A.Cəfərov tərəfindən imzalanmış 14.06.2019-cu il tarixli Dəmir yolu sahəsinin 4-cü dərəcəli qatar tərtibçisinin peşə təlimatında göstərilmişdir: İşin xüsusiyyəti - hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi. Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi. Qatarların avtomatik tormoz-larının sınağında iştirak, nişanlama, postlarının növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması. Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması. Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi. Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik. İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət edilməsi. İş materiallarına əlavə edilmiş “Etilen-Polietilen” zavodunun verdiyi 114 nömrəli, 19.03.2021-ci il tarixli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 26 avqust 1983-cü ildən 07 iyul 1987-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000-18726 şifrinə əsasən 2 saylı siyahısında sadalanan qatar tərtibçisi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarına əlavə edilmiş “Etilen-Polietilen” zavodunun verdiyi 115 nömrəli, 19.03.2021-ci il tarixli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 08 iyul 1987-ci ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində teplovoz, lokomotiv maşinistinin köməkçisi peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXVİİİ bölməsinin 23001000-16878 şifrinə əsasən 2 saylı siyahısında sadalanan teplovozlarda maşinist köməkçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarına əlavə edilmiş “Etilen-Polietilen” zavodunun verdiyi 116 nömrəli, 19.03.2021-ci il tarixli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, 01 yanvar 2006-cı ildən 01 iyul 2008-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində lokomotiv maşinistinin köməkçisi peşəsində (vəzifəsində) işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 21 bölməsinin 21.4 bəndinə əsasən siyahıda sadalanan teplovozlarda maşinist köməkçiləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 27.11.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçanızda 26.08.1983-01.07.2008-ci il tarixləri arasındakı dövr ərzində “Azərikimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz sahə Siyahıda qeyd olunan sahəyə aid deyil. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20594,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 26.08.1983-01.07.2008-ci il tarixlərində “Azərikimya” İB-nin keçmiş Sintezkauçuk zavodunun nəqliyyat sexində qatar tərtibçisi və teplovoz maşinistinin köməkçisi vəzifəsində işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan sahəyə aid deyil. Həmin vəzifələr nəqliyyat bölməsinə aiddir ki, iddiaçının işlədiyi sahə nəqliyyat sahəsi deyil, kimya sahəsi olmuşdur. Eyni zamanda iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlülüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, 57 yaşını 18.08.2017-ci il tarixdə tamamlamışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 29 il 10 ay 23 gün ümumi iş stajı (01.09.1975-21.07.1978 təhsil müdəti, 09.11.1978-10.12.1980 hərbi xidmət dövrü, 01.09.1978-09.10.1978; 15.01.1981-03.01.1983; 02.03.1983-01.01.2006-cı il əmək fəaliyyəti) toplamışdır. İddiaçının mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Cavabdehin etirazının əsas dəlilini iddiaçının işləmiş olduğu müəssisənin nəqliyyat sahəsi üzrə dəmiryol nəqliyyatına deyil, kimya sahəsinə aid olması təşkil edir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2- 703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçının əmək fəaliyyətinə dair sənədlər və məhkəmənin sorğusu əsasında təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Belə ki, iddiaçı “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunda kimya istehsalı sahəsində deyil, dəmiryolu sexində işləmiş, əmək funksiyası əsasən vaqonların, dəmir yolu çənlərinin və digər dəmir yolu nəqliyyatı ilə daşıma vasitələrinin - teplovozların köməyi ilə məhsul və digər yüklərin Birliyin dəmir yolu sərhədinə və oradan zavoda təhlükəsiz daşınması, teplovozların fasiləsiz işinin təmin edilməsi, dəmir yolu xətlərinin daşımalar üçün daima hazır vəziyyətdə olmasına xidmət etməkdən ibarət olmuşdur. Yuxarıda qeyd olunan icmal məktubun tələblərindən çıxış etdikdə yəni, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğa (eyniliyə) gəldikdə müəyyən edilir ki, “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 3104/OH-06- 449 nömrəli, 19.03.2021-ci il tarixli məktuba əlavə edilmiş “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodu tərəfindən təqdim edilmiş teplovoz maşinistinin və qatar tərtibçisinin peşə təlimatında göstərilən əmək funksiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 33-19 nömrəli 22 oktyabr 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 56-1) lokomotiv (teplovoz, paravoz, elektrovoz, dizel qatarı, laboratoriya, vaqon seksiyaları) maşinistinin və qatar tərtibçisinin əmək funksiyaları ilə eynilik təşkil edir. Belə ki, qeyd edilən “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda: Lokomotiv (teplovoz, paravoz, elektrovoz, dizel qatarı, laboratoriya, vaqon seksiyaları) maşinistinin işinin xüsusiyyəti: Lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik, onların fəaliyyətinə nəzarət, onlar tərəfdən xidməti vəzifələrinin yerinə yetirilməsinə qarşı tələbkarlıq; qatarı sürərkən və manevr yerdəyişmələri zamanı TİQ, təlimatların, əmrlərin və göstərişlərin yerinə yetirilməsi, hərəkət təhlükəsizliyinin təmin edilməsi; qatarların mütərəqqi qaydalarla sürülməsinin tətbiq edilməsi, manevr işlərinin həyata keçirilməsi; Yanacağa, elektrik enerjisinə qənaət, təhkim edilmiş lokomotiv briqadalarının, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlanılması, lokomotiv briqadaların və çilingərlər tərəfindən yetirilən texniki xidmət və cari təmirin keyfiyyəti və tamlığını yoxlama üzrə qabaqcıl iş qaydalarının öyrədilməsi. Qatar tərtibçisinin işinin xüsusiyyəti: Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi. Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi. Qatarların avtomatik tormoz-larının sınağında iştirak, nişanlama, postlarının növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması. Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması. Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi. Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərlik göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin məqsədi məhz zərərli iş şəraitində işləmiş şəxslərin güzəştlə pensiya hüququnu təmin etməkdən ibarət olduğu nəzərə alındıqda demək olar ki, yuxarıda adıçəkilən icmal məktubda qeyd edildiyi kimi iddiaçının işlədiyi peşələr istər vəzifə (peşə) təlimatları, istərsə də bilavasitə yerinə yetirilən işin xüsusiyyəti, əmək funksiyaları cəhətindən dəmiryol nəqliyyatı sahəsində işləyən qatar tərtibçisi, teplovoz, lokomotiv maşinistinin köməkçisinin yerinə yetirdiyi işlərlə eyni olmuşdur. Məhkəmə nəzərə alır ki, iddiaçı "Azərikimya" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunun dəmir yolu (nəqliyyat) sexində qatar tərtibçisi, teplovoz, lokomotiv maşinistinin köməkçisi peşələrində işləyərkən iddiaçının da qeyd etdiyi kimi gün ərzində fasiləsiz olaraq teplovozun köməyi ilə yüklərin dəmir yol sərhədinə və oradan da zavoda daşınmasını həyata keçirdiyindən və bu zaman teplovozun səs səviyyəsinə, titrəyişinə görə iş şəraiti zərərli hesab olunduğundan, əlavə məzuniyyət, aylıq tarif maaşına 8% əlavə, gündə bir dəfə olmaqla isti yeməklə və hər gün 0,5 litr südlə təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən Nəqliyyat XXVİİİ bölməsinin 1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində: 23001000-16878 şifrinə əsasən teplovozlarda maşinist köməkçiləri, 23001000-18726 şifrinə əsasən qatar tərtibçiləri peşəsinə bərabərdir. Bu əsasdan iddiaçının həmin vəzifələrdə işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alındıqda sonuncunun 01.01.2006cı il tarixədək 22 ildən çox güzəştli iş stajı topladığı müəyyən olunur. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbinə uyğun olaraq 01.01.2006-cı il tarixədək tələb olunan 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajına malik olduğundan onun 57 yaşdan, yəni 18.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilinə qiymət verməyi zəruri hesab etmir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Məcəllənin 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 18.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 18.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4666/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4666/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver