Məhkəmə qərarları › İş №2-1(112)-4666/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4666/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4666/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi – bənna, işləmir),iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, Bakı şəhəri 20 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi Nümayəndə (Şəki şəhərində qeydiyyatdadır, baş mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, onun 06 fevral 2021-ci il tarixində 65 yaşı tamam olub. 30 iyul 1974-cü ildən 02 yanvar 2001-ci ilə qədər müxtəlif tikinti təşkilatlarında çalışmışdır. Əmək kitabçası ilə onun 25 il 9 ay iş stajı var. xx.xx.2021-ci il tarixində iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. 07 iyul 2021-ci il tarixli **********0 nömrəli məktubla ona pensiya təyin edilməsindən imtina edildi. Bildirildi ki, iddiaçının iş stajı 25 ildən azdır və qeydə alınan pensiya kapitalı (13145,70 manat) tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Əlavə olaraq bildirdilər ki, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-00974-2021 saylı arxiv araşdırmasına əsasən iddiaçının işlədiyi BBTİ 28 saylı Tikinti İdarəsi tərəfindən 1976-cı il tarixindən sonrakı arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı bildirir ki, əgər 1976-cı il tarixdən sonrakı illərin sənədləri Dövlət Arxivinə təhvil verilməyibsə, onun üçün qeydə alınan pensiya kapitalı (13145,70 manat) hansı meyarlarla hesablanmışdır? Əgər 1974-1976-cı illər üçün hesablanmış pensiya kapitalı 13145.70 manatdırsa, onda 2021-ci ilə qədər hesablanmalı olan pensiya kapitalı daha çox olmalıdır. İddiaçı 1976-cı ildən sonrakı illərin sənədlərinin Dövlət Arxivinin Bakı Filialın verilməməsinin günahkarı yaxud səbəbkarı deyildir. Əgər sənədlər Arxivin Bakı Filialında yoxdursa onda Dövlət Arxivinin özünə sorğu vermək tələb olunurdu. İddiaçı işlədiyi bu illər ərzində öz əmək haqqıdan sosial ödənişlər etmişdir, indi isə kimlərinsə səhlənkarlığı ucbatından ona təyin edilməli və ödənilməli olan pensiyanı ala bilmir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən, BBTİ 28 saylı Tikinti İdarəsinin 1976-cı il tarixdən sonrakı arxiv sənədlərinin əməkhaqqı cədvəllərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlər sosial sığorta stajına daxil edilməmiş, yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsəsən müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğunu və onun xx.xx.1974-cü il tarixdən xx.xx.2001-ci il tarixədək ünvan arəsində işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara – müəssisələrin hansı dövrlərdə fəaliyyət göstərməsi, vergi uçotunda olması barədə məlumat əldə etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, sözügedən müəssisədə işləyib-işləmədiyi, işlədiyi təqdirdə işə daxilolma, işdən azad edilmə, məzuniyyət əmrləri, əməkhaqqı cədvəllərinin təqdim edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğular göndərilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli **********070200 nömrəli məktubda dövlət reyestrində ünvan arəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı qeyd edilmişdir. İş materiallarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş 25 fevral 2022-ci il tarixli 7-904/17 nömrəli məktubda İddiaçı 1974-2001-ci illərdə işlədiyi ünvan arəsinin sənədlərinin Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanıldığı qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş 12 mart 2021-ci il tarixli BA-00974-2021 nömrəli məktubda BBTİ 28 saylı Tikinti İdarəsinin 1977-ci il tarixədək və həmin tarixdən sonrakı əmək haqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi, yalnız 1974-cü ilin avqust ayından 1975-ci ilin may ayınadək əməkhaqqı hesablanması barədə məlumatlar olduğu qeyd edilmişdir. Əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqqlarının kompensasiyası hesabına təyin edilir. Lakin Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş 12 mart 2021-ci il tarixli BA-00974- 2021 nömrəli arayışda İddiaçı ünvan arəsində mövcud hesabat cədvəllərində 1977-ci il tarixədək və həmin tarixdən sonra əməkhaqqı barədə qeydlər mövcud olmamışdır. Eyni bir müəssisədə 1974-1975-ci illərdə əməkhaqqı barədə qeydlərin mövcud olmasına baxmayaraq həmin tarixlərdən sonra sözügedən qeydlərin olmaması faktı şübhə doğurur. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2008-ci il tarixlərdə ümumiyyətlə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. İş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və azı 25 il sığorta stajına malik deyil. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddiaçının stajı, pensiya kapitalının çatmadığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1956-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********0 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı 17 il 3 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 13145,70 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28800 manatdan) azdır. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA- 00974-2021 saylı arxiv arayışına əsasən iddiaçının işlədiyi BBTİ 28 saylı Tikinti İdarəsi tərəfindən 1976-cı il tarixdən sonrakı arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA- 00870-2022 nömrəli arxiv arayışına əsasən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 28 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixli, 53/s saylı əmrlə xx.xx.1974-cü il tarixldən Texniki peşə məktəbini bitirdikdən sonra 3-cü dərəcəli bənnaçı vəzifəsinə işə qəbul olunması, xx.xx.1975-ci il tarixli, 34-s saylı əmrlə xx.xx.1975-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunması, xx.xx.1977-ci il tarixli, 57/s saylı əmrlə xx.xx.1977-ci il tarixdən 3-cü dərəcəli bənnaçı vəzifəsinə işə qəbul olunması və 1974-1975-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. BBTİ 28 saylı Tikinti İdarəsinin 1977-ci ildən sonrakı dövr üçün və 1977-ci ilə dair arxiv sənədlərinin əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmin dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur: 1974: avqust – 122,14, sentyabr – 76,28, oktyabr – 289,32, noyabr – 112,82, dekabr – 151,83; 1975: yanvar – 124,22, fevral – 145,81, mart – 197,10, aprel – 76,75, may – 156,87. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA- 02927-2022 nömrəli məktubu ilə Vəkil bildirilmişdir ki, Bakı Baş Tikinti İdarəsi 28 saylı Tikinti İdarəsinin 1974-1977-ci illərdə fəaliyyət göstərməsi barədə məlumat Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin 1978-2021-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən, həmin dövrdə Bakı Baş Tikinti İdarəsi 28 saylı Tikinti İdarəsinin fəaliyyət göstərib-göstərməməsi barədə hər hansı bir məlumat vermək imkan xaricindədir. Əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixlərdə 10 saylı DPTM-də təhsil almış, xx.xx.1974-xx.xx.1975-ci il tarixlərdə Baş Bakı Tikinti Tİ-21-ə 3-cü dərəcəli bənna peşəsində işləmiş, xx.xx.1975-xx.xx.1977-ci il tarixlərdə Sovet ordusunda xidmət etmiş, xx.xx.1977-ci il tarixdən “Bakı şəhər tikinti mexanizm” trestinin 28 №-li tikinti idarəsində bənna, xx.xx.1982-xx.xx.2001-ci il tarixədək üzçəkən peşələrdə işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********070200 nömrəli DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubuna əsasən dövlət reyestrində ünvan arəsinin dövlət qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7-904/17 nömrəli DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubuna əsasən vətəndaş İddiaçı 1974-2001-ci illərdə işlədiyi ünvan arəsinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli Milli Arxiv İdarəsinə ünvanlanış məktubunun surətinə əsasən İddiaçı ünvan arəsində əmək fəaliyyətini təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsinə, qeyd olunan məlumatlar almadığı təqdirdə sorğunun aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Arxivinin müvafiq filialına göndərilməsinə dair göstəriş verilməsini xahiş olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 74, 54 saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş, 240280 nömrəli, xx.xx.1988-ci il tarixli orderin surətindən görünür ki, iddiaçının iş yeri - ünvan arəsidir, vəzifəsi üzçəkəndir., 1981-ci ildən mənzil növbəsində uçotda olmuş və ona Nizami rayonu X1 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı ilə mənzil verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 1148 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı-Sənaye-Tikinti” ATSC-nin Nizamnaməsinin 2.4cü bəndinə əsasən Cəmiyyət Bakı şəhəri İcra Hakimiyyəti Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş “Sənaye-Tikinti” Trestinin aparatının, 17 və 18 saylı idarələrinin bazasında yaradılır və onun hüquqi varisidir. "xxxx" ASC tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, 02-1 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.1974-cü il tarixdə ünvan arəsinə daş yonan peşəsi ilə işə qəbul olub. 28 saylı Tikinti İdarəsi 1970-ci ildə aparıcı podrat tikinti idarəsi kimi yaranıb və 1970-ci il tarixdən 1988-ci illər ərzində Bakıxanov və Əhmədli qəsəbəsində yaşayış binaların tikintisi, təhvil verilməsi ilə məşqul olub. 1993-cü ildə 28 saylı tikinti idarəsi verildi “Sənaye-Tikinti” icarə trestinin nəzdinə. Burda da evlərə gedən kommunukasiyaların çəkilməsi ilə məşqul olublar. Azərbaycan Respublikasında gedən özəlləşmə programa uyğun olaraq, xx.xx.1997-ci ildə 28 saylı tikinti idarəsinin işçilərinin 16/u saylı “Sənaye-Tikinti” trestinin əmri ilə həmin trestin nəzdində olan 18 saylı ixtisaslaşdırılmış tikinti idarəsinə köçürüldülər. xx.xx.1999-cu il Azərbaycan Respublikası Dövlət Komitəsinin 1147 saylı sərəncamı ilə “Sənaye-Tikinti” tresti və onun nəzdində çalışan 18, 17 saylı idarələri özəlləşib və bunların bazasında hüquqi varis kimi "xxxx" X4 Cəmiyyət yaranır. Sonradan isə "xxxx" ATSC-nin 07 saylı 28 dekabr 2000-ci il tarixli əmri ilə 24 nəfər işçi, onların içində İddiaçı olmaqla, podrat işlərin iş müqaviləsini ala bilməməkdən əsaslanaraq, işdən azad olublar.Trestin və nəzdində olan idarələrin bütün sənədləri, 1977-ci ildən etibarən, binanın arxiv kimi ayrılan zalda saxlanılıb. "xxxx" ASC-nin fəaliyyəti avqust 2016-cı il tarixdən dayandırılıb. “Sənaye-Tikinti” trestin 16/u saylı 26 sentyabr 1997-ci il tarixli əmri ilə 28 №-li Tikinti idarəsinin 38 nəfər işçi, onların arasında İddiaçı olmaqla, oktyabr 1997-ci il tarixdən köçürmə yolu ilə 18 №-li Tikinti idarəsinin tərkibinə keçirilmişdirlər. "xxxx" ATSC-nin 07 saylı 28 dekabr 2000-ci il tarixli əmri ilə 24 nəfər işçi, onların arasında İddiaçı olmaqla, 28 fevral 2001-ci il tarixdən işdən azad olunublar. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən İddiaçı inzibati iş materialları təqdim edilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;.. 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının Bakı Baş Tikinti İdarəsi 28 saylı Tikinti İdarəsində, “Sənaye-Tikinti” icarə trestinin nəzdində olan 28 saylı Tikinti İdarəsində, “Sənaye-Tikinti” icarə trestinin nəzdində olan 18 saylı ixtisaslaşmış tikinti idarəsində və “Bakı Sənaye Tikinti” ATSC-də xx.xx.1977xx.xx.2001-ci illərdə işlədiyini iddiaçıya məxsus əmək kitabçası və müəssisə tərəfindən verilmiş arayış və əmrlər ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən əmək kitabçasında və müəssisə tərəfindən verilmiş arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977- xx.xx.2001-ci ilədək) əmək kitabçasında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1977xx.xx.2001-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-384/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının 42-ci bəndində qeyd edilmişdir ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur. Həmin qərarın 43-cü bəndində qeyd olunur ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar