Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4666/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqların tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyi qanunsuz hesab edilərək, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllə, E korpus, 8-ci mərtəbədə yerləşən 4 otaqlı, ümumi sahəsi 214,4 kv.m-dən ibarət 16 nömrəli mənzilə dair çıxarışın adına verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi qaydada ərizə ilə müraciət edərək Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yerləşən çoxmənzilli binanın E korpus, 8-ci mərtəbədə olan 4 otaqlı, ümumi sahəsi-214,4 kv.metrədən ibarət 16 nömrəli mənzili satın almışdır. Həmin mənzil digər vətəndaş tərəfindən hüquqlarından imtina etdiyi üçün "xxxx" MMC tərəfindən ona satılmışdır. Bundan sonra o, həmin mənzilə köçərək yaşamağa başladı. Qeyd edir ki, məhz bundan sonra mənzili özəlləşdirmək məqsədi ilə cavabdehə poçt vasitəsilə ərizə ilə müraciət etsə də, bugünədək onun tərəfindən imtina və yaxud ərizənin təmin edilməsi ilə bağlı bildiriş gəlməmişdir. Bu da öz növbəsində onun hüquqlarının pozulması deməkdir. Belə ki, o, mənzili əldə etdiyi gündən ona faktiki sahiblik və istifadə hüququ əldə etmiş və bu hüquqdan da istifadə edir. Lakin mülkiyyət hüququnun 3-cü subyekti olan sərəncam vermə hüququndan məhrum olmuşdur ki, bu da gələcəkdə onun üçün bir çox problemlər yarada bilər. Qeyd edir ki, cavabdehin məsul işçiləri ona yalnız poçt vasitəsi ilə müraciət etməyini, bu mənzillərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nəzarət qoyulduğundan yalnız məhkəməyə müraciət etməyi məsləhət gördülər. O, bununla razılaşmadı və ərizə ilə rəsmi müraciət etdi. Qeyd edir ki, ərizənin verilməsindən bir aydan artıq vaxt keçmişdir.
3. Cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixdə verilmiş imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) ''Xudafərin" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətə əlavə edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
4. Cavabdeh qurum tərəfindən imtinanın məzmununa uyğun iddiaya verilən etirazda bildirilir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair eektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" MMC göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası “Xudafərin" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin, iddiaçının müraciətinə əlavə etdiyi sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)- 318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 saylı ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi, 214.4 kv.m, fakitiki sahəsi isə 202.0 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, E korpusu, 8-ci mərtəbədə yerləşən, sahəsi 202,0 kv.m təşkil edən, nömrəsi şərti olaraq göstərilmiş 16 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
6. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizəsində X2 bildirmişdir ki, "xxxx" MMC ilə bağladığı xx.xx.2004-cü il tarixli №296 saylı müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Atatürk prospekti 3078 A ünvanında yerləşən yaşayış binasındakı ümumi sahəsi 214,14 kv.m olan, E korpusu 8-ci mərtəbə 4 (dörd) otaqlı, yaşayış sahəsi 117,66 kv.m olan mənzili İddiaçı adına rəsmiləşdirilməsinə və keçməsinə etiraz etmir. Həmin mənzilə dair MMC-yə qarşı iddiası və tələbi yoxdur.
7. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu 8-ci mərtəbə 4 otaqdan ibarət 16 nömrəli mənzil sahəsi 214,14 kv.m və yaşayış sahəsi 117,66 kv.m təşkil edən mənzili İddiaçı təhvil verilmişdir.
8. Cavabdeh orqan tərəfindən təqdim edilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan 4 ünvanında yerləşən 0,5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.
9. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli Arayışında bildirilmişdir ki, həqiqətən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu, 8-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 214,14 kv.m olan 16 saylı mənzil İddiaçı məxsusdur.
10. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışında bildirilmişdir ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu, 8-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 214,14 kv.m olan 16 saylı mənzilin ümumi dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və borcu yoxdur.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə sözügedən ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 350 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti təqdim edilmişdir.
12. Həmin icazə sənədinə əsasən yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, 8 girişli; 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binasının istismarına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 625 nömrəli Sərəncamı ilə icazə verilmişdir. Tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İstismara hazırlığı barədə rəyin tarixi və qeydiyyat nömrəsi – xx.xx.2020-ci il № 0401 Tikinti obyektinin əsas texniki göstəriciləri: Binanın əsas texniki göstəricilərinin Ölçü Göstəricilərin adı və tərkib hissələrinin istismar vahidi təyinatının faktiki vəziyyətini əks etdirən layihə üzrə 1.Binanın ümumi sahəsi, m2 69996,0 o cümlədən: - mənzillərin ümumi sahəsi m2 45152,0 - qeyri-yaşayış sahəsi: zirzəmi, kürsü və m2 13071,09 1- ci mərtəbə və 2 səviyyəli yeraltı
- liftin maşın şöbəsi və texniki otaqlar m2 842,0 2 Mənzillərin sayı ədəd 288 3 Mərtəbələrin sayı ədəd 17-18-19
4 Girişlərin sayı ədəd 8
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünküyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar
19. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu 8-ci mərtəbə 4 otaqdan ibarət 16 nömrəli mənzil sahəsi 214,14 kv.m və yaşayış sahəsi 117,66 kv.m təşkil edən mənzili İddiaçı təhvil verilmişdir.
20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu, 8-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 214,14 kv.m olan 16 saylı mənzilin ümumi dəyəri tam ödənilmiş və borcu yoxdur.
21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A, 8 girişli; 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binasının istismarına 19 mart 2020-ci il tarixli 350 nömrəli icazə verilmişdir (istismara icazə sənədi).
22. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həqiqən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəlləsində yeləşən yeni yaşayış binasında E korpusu, 8-ci mərtəbə 4 otaqdan ibarət sahəsi 214,14 kv.m olan 16 saylı mənzil İddiaçı məxsusdur.
IV. Məhkəmənin mövqeyi
23. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.
24. İş materialları ilə müəyyən olunur ki, binanın istismarına icazə verilmiş, binanın idarə olunması üçün mənzil sahibləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmış və müştərək cəmiyyət tərəfindən də iddiaçının mənzilin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmişdir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
26. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
28. Məhkəmə hazırki iş üzrə araşdırmanı X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
29. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
30. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X6 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
31. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyənləşdirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 3078A məhəllə, E korpus, 8-ci mərtəbədə yerləşən, şərti nömrəsi 16 olan 4 otaqdan ibarət faktiki sahəsi 202,0 kv.m. olan mənzil İddiaçı sahibliyində və istifadəsindədir. Binanın istismara icazə sənədi mövcuddur.
32. Məhkəmə qərardadı ilə torpaq sahəsi üzərində mövcud olan həbsə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin həbsin mövcudluğu iddiaçının hüquqlarının ilkin qeydiyyatından imtina üçün əsas sayıla bilməz. Həmin həbs məhz qeyd edilən ünvanda yerləşən 0,5530 ha torpaq sahəsi ilə bağlıdır.
33. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasında iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə məhkəmə qərarları əsasında hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozuntusu hesab edilə bilər.
34. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.
35. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
42. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 3078A məhəllə, E korpus, 8-ci mərtəbədə yerləşən, şərti nömrəsi 16 olan 4 otaqdan ibarət sahəsi 202,0 kv.m. olan mənzil üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva