Məhkəmə qərarları › İş №2-1(112)-4667/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4667/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4667/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" mənzil tikinti kooperativinin ümumi yığıncağının qərarı ilə payçı qəbul edildiyi ünvan 1 ünvanında yerləşən 6 (altı) saylı mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MTK tərəfindən Azərbaycan Sosial Rifah Partiyası üçün tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Bu zaman həmin binada 6 saylı mənzil isə pay haqqının əvəzinə ona verilib. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq edilib. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. Buna baxmayaraq cavabdeh tərəfindən ona məxsus əmlak Dövlət Reyestrində qeydiyyata alınmır. Cari ilin avqust ayında və sonuncu dəfə 02 noyabr 2022-ci ildə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə poçt vasitəsi ilə sənədlərini təqdim etsə də ona heç bir cavab verilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən nə sənədləri bir başa qəbul edilir və nə də poçt vasitəsi ilə müraciətinə cavab verilmir. Sözü gedən binada onun təqdim etdiyi sənədlərə uyğun sənədlər əsasında 20 nəfərdən artıq sakinin mənzili artıq qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" MMC göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Həmçinin, müvafiq mənzilin sənəd üzrə sahəsi 118.3 kv. metr, faktiki sahəsi isə 114 kv. m-dir. Bu səbəbə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı vətəndaşa **********84 saylı, xx.xx.2022-ci il və **********43 saylı, 28.11,2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" MMC arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MTK-nın balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməklə, mübahisəli mənzilə payçı olduğundan məhkəmə hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: 01 saylı xx.xx.2006-cı il tarixli Podrat müqaviləsinin surətindən müəyyən olunur ki, Azərbaycan Sosial Rifah Partiyası (Sifarişçi) ilə "xxxx" MMC ( Podratçı) arasında Bakı şəhəri Yasamal rayonunun, Şərifzadə küçəsindəki 3152-3156 saylı məhəllələrində sifarişçinin qərargah binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,9 ha torpaq ərazidə 1 girişli, 12 mərtəbəli yaşayış və qərargah binasını və həmin binaların infrastrukturasını öz vəsaiti və riski hesabına layihələşdirməyi və inşa etməyi, Sifarişçi isə bunun müqabilində inşa edilməsi nəzərdə tutulan binadan razılaşdırılmış həcmdə tikinti sahəsini və həmin sahə üzrə bütün hüquqları Podratçının xeyrinə güzəşt etməyi öhdəsinə götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 523 nömrəli sərəncamının surətindən müəyyən olunur ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə inşa olunmuş yaşayış və qərargah binasının mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyası aktının təsdiq olunması haqqında Azərbaycan Sosial Rifah Partiyasının ünvan 4 ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30 m. səviyyəsində zirzəmi və -6.60 m. səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə Dövlət Qəbul Komissiyasının aktı təsdiq olunmuşdur. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının 30 oktyabr 2014-cü il tarixli Aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156cı məhəllədə 12 mərtəbəli (+ mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, 3.30 m. səviyyəsində zirzəmi və 6.60 m. səviyyəsində qaraj) istismara qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında tərtib olunmuş “29 yanvar 2019-cu il tarixli aktın surətindən müəyyən olunur ki, Azərbaycan Sosial Rifah partiyası ilə "xxxx" MMC arasında 03 iyul 2006-cı il tarixli 1 saylı podrat müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi, 31,52-3156-cı məhəlləsində yerləşən və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı üzrə inşa edilmiş 0,9 ha torpaq sahəsində qərargah və yaşayış binası tikilmiş, təhvil verilmişdir. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan 22 avqust 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsi, vətəndaş İddiaçı razılıq yolu ilə "xxxx" MTK-nın Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 181 E saylı ünvanında tikilən 12 mərtəbəli “İ” girişli yaşayış binasının 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,3 kv. metr, yaşayış sahəsi 55,8 kv. metr olan 6 saylı mənzilə payçı qəbul edilməsi qərara alınmışdır. "xxxx" MTK tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci girişinin, 3-cü mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,3 kv. metr, yaşayış sahəsi 55,8 kv. metr olan 6 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı tərəfindən ödənilmişdir. Kooperativə borcu yoxdur. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə müraciət etmiş, lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası (cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda imtinanın əsasları qeyd olunmuşdur) əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçı arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan 22 avqust 2022-ci il tarixli çıxarışla İddiaçı ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə payçı kimi qəbul edilmişdir. Həmin çıxarışa əsasən mənzilin dəyərini təşkil edən məbləğ iddiaçı tərəfindən "xxxx" MTK-ya tam ödənilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq dəyərini tam ödədiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "xxxx" mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş ünvan 6 ünvanında yerləşən 6 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar