Məhkəmə qərarları › İş №2-1(112)-4669/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4669/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4669/2021 19.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlunun cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavid oğlu cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «cavabdehin məktubunun (qərarının) sərbəst toplaşma azadlığına müdaxilə hesab olunması və bu müdaxilənin qanunsuz sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq bildiriş göndərilmişdir. Məhkəmə iclasına İddiaçı2 gəlmiş, digər iddiaçılar və cavabdeh tərəf gəlməmişlər. İPM-in 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə etdi və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 6-cı maddəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. İş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, X2, İddiaçı3, X3, X1, İddiaçı4 Cavid oğlu, X4 və X5 aksiya təşkilatçıları və iştirakçıları qismində Bakı Şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda 14 yanvar 2021-ci il tarixli “Toplantının keçirilməsi barədə xəbərdarlıq” ünvanlamışlar: - Azərbaycan Respublikasında dəfələrlə baş verən heyvanlara qarşı zorakılıqlar, sərtləşdirilmiş karantin rejimində heyvanların vəziyyətinin nəzərə alınmaması, hər həftə Toplan tərəfindən itlərin zorakılıqla küçələrdən toplanaraq qanunvericiliyə zidd şəkildə öldürülməsi, Zaqatala şəhərində baş verən itlərin güllələnməsinə görə hüquq mühafizə orqanları tərəfindən nəzərə çarpacaq işlərin görülməməsi, cəmiyyətin heyvanlara qarşı zorakılıqdan xəbərdar olmaması, heyvanların hüquqlarının qorunması yetərincə hüquqi addlmların atılmaması, qanunvericiliyin təkmilləşdirilməməsi heyvanların vəziyyətini daha da pisləşdirir və onların hüquqlarının pozulmasının dövlət siyasətinin maraq dairəsində olmamasına səbəb olur. Heyvan hüquqlarının müdafiəsinə, onlara qarşı zorakılıqlara diqqət çəkmək üçün 2021-ci ilin yanvar ayının 31-i saat 13:00-dan 15:00-dək adıları qeyd olunan 9 nəfər Bakı şəhərinin mərkəzində ünvan 1 ünvanında yerləşən Fəvvarələr Meydanı arasında 2 metr ara məsafəsi qoyularaq, maska taxılaraq və bütün koronavirus xəstəliklərindən qorunmaq qaydalarına əməl edərək etiraz bildirəcək. Bu nümayiş zamanı “Heyvan qətliamına yox” və digər şüarlar səsləndiriləcək. Keçiriləcək nümayiş zamanı iştirakçılar bütün «Sərbəst toplaşma haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və koronavirusdan qorunma şərtlərinə əməl edəcəkdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli qərarının 2.3-cü bəndi pozulmayacaq. Xatırladaq ki, koronavirus pandemiyası zamanı məsafə saxlayaraq keçirilən nümayişlər bir çox ölkələrdə də baş verib və bu zaman koronavirus pandemiyası üçün nəzərdə tutulmuş qaydadalr pozulmayıb. Bna misal olaraq aprelin 19-u 2020-ci il tarixdə İsraildə yerləşən Tel Aviv şəhərindəki nümayişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaş İddiaçı1 ünvanlanmış 1-53-003 nömrəli 25 yanvar 2021-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilir: - Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında toplantı keçirilməsi ilə bağlı müraciətə ŞİH tərəfindən baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətə cavab olaraq bildirilir ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 31 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən Fəvvarələr meydanında planlaşdırdığınız toplantının keçirilməsi məqsədəuyğun heab edilmir. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 36.1-ci maddəısinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli Qərarının 1 aprel 2021-ci il tarixədək qüvvədə olan 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2021-ci il 1 aprel saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində (bu Qərarın 1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla) tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: - (1.1.5-ci yarımbənd) bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla). Göründüyü kimi, cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən hazırkı iddiaçıların “toplantı keçirilməsi barədə xəbərdarlıq”ına baxılmış, lakin mövcud epidemioloji vəziyyət, yəni ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyi nəzərə alınaraq, şəhərin müvafiq ərazisində planlaşdırılan toplantının keçirilməsi məqsədəuyğun sayılmamış və məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha və Daxili İşlər Nazirliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Bununla da, belə məlum olur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvafiq inzibati icraat aparılmadan, yəni, toplantının yeri, vaxtı, məqsədi və s. xüsusatlar qiymətləndirilmədən qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun sayılmamışdır. Məhkəmə qeyd edir ki, aidiyyəti səlahiyyətli qurum (AR Nazirlər Kabineti) tərəfindən müvafiq qadağaların tətbiq edilməsi barədə qərar qəbul olunduğundan, iddiaçıların müraciəti üzrə cavabdeh inzibati orqanın “toplantı keçirilməsinə icazə verilməsi”ndən imtina olunması hərəkəti müstəqil inzibati icraatın nəticəsi kimi inzibati məhkəmə icraatında mübahisə predmeti ola biməz. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı ŞİH tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Belə olan halda iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar