Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-467/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Rusiya Federasiyası Moskva şəhəri Ali Təhsil Qeyri-Dövlət Özəl Təhsil Müsəssisəsi “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti” tərəfindən ona verilmiş 21 may 2020-ci il tarixli 023965 qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1998-ci ildə anadan olmuşdur. Belə ki, iddiaçıya Dövlət imtahan komissiyasının 19 may 2020-ci il tarixli 04 saylı protokoluna əsasən 21 may 2020-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhəri Ali təhsil Qeyri-Dövlət Özəl Təhsil Müəssisəsi “Sinergiya” Moskva mailiyyə-Sənaye Universiteti” tərəfindən 023965 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. Diplomdan da göründüyü kimi, İddiaçı iqtisadiyyat ixtisası üzrə sözügedən universitetdə 4 il təhsil almışdır. Eyni zamanda bakalavr diplomuna əlavədən də, göründüyü kimi, iddiaçı tədris olunan fənləri yaxşı, əla, kafi qiymətlərlə başa vurmuşdur. Belə ki, iddiaçı diplomun tanınması üçün Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş, lakin 22 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçının diplomu tanınmaqdan imtina olunmuşdur. Belə ki, imtina məktubunda göstərilmişdir ki, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsil müddətinə uyğun gəlmir. Lakin, aşağıda göstərilən hallara əsasən, hesab edirlər ki, cavabdeh orqan tərəfindən verilən imtina məktubu əsassız və qanunsuzdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2016/2017-ci il tədris ili üzrə - 11 gün, 2017/2018-ci il tədris ili üzrə - 5 gün, 2018/2019-cu il tədris ili üzrə - 3 gün, 2019/2020-ci il tədris ili üzrə - 3 gün ( İ semestr) (İİ semestr pandemiya dövrü) müəyyən etmişdir. Belə ki, sözgedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilmişdən imtina edilmiş və bu barədə məlumat xx.xx.2022-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, imtna qanuni və əsaslıdır.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 sentyabr 2022-ci il tarixli NA00005327 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərara əsasən, ərizəçi ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. "Avropa regionunda əli təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr' in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmasın. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Göründüyü kimi, ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır.
9. “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti” tərəfindən 21 may 2020-ci il tarixdə verilmiş 137705 ******* nömrəli, 023965 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən diplom İddiaçı 38.03.01.İqtisadiyat ixtisası üzrə balakavr proqramını mənimsədiyini və yekun dövlət attestasiyasını uğurla keçdiyini göstərir. Dövlət imtahan komissiyasının 19 may 2020-ci il tarixli 04 saylı protokoluna əsasən bakalavr dərəcəsi verilmişdir. Diplom apostil olunmuşdur, diploma əlavə iş materiallarına əlavə edilmişdir.
10. “Moskva Maliyə-Sənaye Universiteti” “Synergy” X5 Təhsil Təşkilatının Dərbənd Nümayəndəliyi tərəfindən verilmiş 2 nömrəli 03 oktyabr 2022-ci il tarixli arayışa əsasən “Moskva Maliyə-Sənaye Universiteti” “Synergy” X5 Təhsil Təşkilatının Dərbənd Nümayəndəliyi iddiaçının şifahi müraciətinə əsasən bildirmişdir ki, təhsil zamanı İddiaçı Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Stroitelnaya küçəsi, 14 ünvanında yerləşən “Synergy” Dərbənd nümayəndəliyində tədris planına uyğun olaraq ən azı 14 gün aralıq attestasiyasından keçmək və verməkdə əyani iştirak etmişdir. Həmçinin COVİD 19 karantini və Rusiya Federasiyası ilə sərhədlərin bağlanması ilə əlaqədar 2019-cu ildən 2020-ci ilə qədər olan dövrdə aralıq attestasiyadan keçməsi və verilməsi məsafədən həyata keçirilib. Həmin mərhələdə İddiaçı tərəfindən Megacampus sistemində şəxsi hesab açılıb.
11. “Moskva Maliyə-Sənaye Universiteti” “Synergy” X5 Təhsil Təşkilatının Dərbənd Nümayəndəliyi tərəfindən verilmiş 06 nömrəli 27 fevral 2023-cü il tarixli arayışa əsasən təhsil müddəti ərzində İddiaçı 1-ci, 2-ci və 3-cü kursların birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı semestrlərində tədris dərslərində iştirak etmiş və surətləndirilmiş proqram çərçivəsində zəruri tədris yükünü yerinə yetirmişdir. Birinci kursdan üçüncü kursadək qalan dərsləri distant qaydada keçmişdir. Bu zaman, adıçəkilən tədris yükünün yerinə yetirilməsi ilə bağlı imtahanları müvəffəqiyyətlə vermişdir. İmtahanları müvəffəqiyyətlə verməklə dördüncü kursda oxumaq hüququ əldə etmişdir. Dördüncü kursda pandemiya ilə əlaqədar olaraq distant formada tam təhsil almışdır.
12. Cavabdeh tərəfindən iddiaçının sərhədkeçmə məlumatları məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin 2-1(112)-2916/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş materiallarında olan sənədlərə əsasən iddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli arayışın 1-ci bəndində İddiaçı ali təhsil müəssisəsinin Dərbənd nümayəndəliyində tədris planına uyğun olaraq azı 14 gün aralıq attestasiyadan keçmək və verməkdə əyani iştirak etməsi göstərilməsinə baxmayaraq, 27 fevral 2023-cü il tarixli arayışda onun ilk 3 tədris ilində fərdi tədris qrafiki əsasında sürətli şəkildə və distant texnologiyaların tətbiqi ilə təhsil alması göstərilməsi səbəbindən iddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş arayışların məzmunlarında uyğunsuzluqların araşdırılması və həmin sübutlar nəzərə alınmaqla iddiaçının müraciətinin yenidən araşdırılması məqsədilə cavabdeh inzibati orqana müddət təyin edilmişdir. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən 23 noyabr 2023-cü il tarixli NA00019754 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərar qəbul edilmişdir. Qərara əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
21. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
24. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: … 1.0.5. akkreditasiya - təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru; … 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; … 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; … Maddə 13. Təhsilalma formaları 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). … Maddə 27. Təhsil haqqında dövlət sənədi … 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. … 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. … Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: … 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; … Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ … Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.
26. Mübahisənin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; ... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları: 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; ... 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir.
3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
29. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın: 3.10. aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: … 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). ...
30. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Rusiya Federasiyası Moskva şəhəri Ali Təhsil Qeyri-Dövlət Özəl Təhsil Müsəssisəsi “Sinergiya” Moskva Maliyyə-Sənaye Universiteti” tərəfindən ona verilmiş 21 may 2020-ci il tarixli 023965 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasına və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyasına) yönəlmişdir. 31.Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, iddiaçının ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətnə uyğun gəlmir. İddiaçının təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün yetərli hesab oluna bilməz. Belə ki, iddiaçının tədris aldığı proqram üzrə 4 ildən ibarət olmuşdur. İddiaçının təhsil aldığı ölkədə olması müddətləri isə aşağıdakı kimi müəyyən edilmişdir: 2016/2017-ci il tədris ili üzrə - 11 gün, 2017/2018-ci il tədris ili üzrə - 5 gün, 2018/2019-cu il tədris ili üzrə - 3 gün, 2019/2020-ci il tədris ili üzrə - 3 gün ( İ semestr) İİ semestr - pandemiya dövrü.
32. Məhkəmə iş materiallarını hər tərəfli araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası ərazisində dörd təhsilalma forması müəyyən edilmişdir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Qanunda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Qanunvericilikdə təsbit olunmuş şərtlər ödənilmədiyindən, məhkəmə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoya bilməz, odur ki, mövcud tələb üzrə cavabdehin imtinası əsaslı olmuşdur.
33. Həmçinin qeyd edilməlidir ki, iddiaçı distant texnologiyalardan istifadə edərək təhsil aldığını bildirsə də, universitet tərəfindən distant texnologiyalardan istifadəyə dair müqavilə, distant texnologiyanın tətbiqi mexanizminə dair hər hansı sənəd (hansı müddətdə dərslərın online olması, imtahanların hansı qaydada verilməsi və s.) təqdim edilməmişdir. Eləcə də, universitet tərəfindən verilmiş iş materiallarında olan arayışlar məzmun etibarı ilə bir birinə ziddiyyət təşkil edir ki, bu halda, bir daha iddiaçının distant texnologiyalardan istifadə etməklə təhsil alması dəlili şübhə altına alır.
34. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.
35. Oxşar mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında sərgilənmişdir (məs: 2-1(102)-2377/2023 saylı inzibati iş).
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva