Məhkəmə qərarları › İş №2-1(112)-467/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-467/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-467/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin İddiaçı adına ayrılmış 250 kv.m hissəsinin(baxış aktına əsasən 216 kv.m) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Avtomobilçi” bağçılıq yoldaşlıq təsərrüfatının idarə heyətinin 26 oktyabr 2000-ci il tarixli 34 saylı protokoldan çıxarışa əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ massivində “Avtomobilçi” bağçılıq cəmiyyətinin üzvlərinə ayrılmış 292 saylı sahəsinin 250 kv.metr hissəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin İddiaçı adına ayrılmış 250 kv.m hissəsinin (baxış aktına əsasən 216 kv.m) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir.

3. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

4. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə cavabdehin vəsatəti təmin edilməmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin İdarə Heyətinin ümumi yığıncağının 34 saylı, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışa əsasən İdarə Heyətinin bağçılığının üzvü Abbasov.S müraciət edərək özünə məxsus Əzizbəyov rayonu, Dübəndi bağ massivində "Avtomobilçi" bağçılıq cəmiyyətinin üzvlərinə ayrılmış torpaq sahəsində 15-ci cənub küçəsi 292 saylı sahəsi 500 kv.metr bağ sahəsindən 250 kv.metr sahəni özü istifadə etmədiyi üçün X5 verməyi təklif etmiş və təklif qəbul edilərək, Əzizbəyov rayonu, Dübəndi bağ massivində "Avtomobilçi" bağçılıq cəmiyyətinin üzvlərinə ayrılmış torpaq sahəsində 15-ci cənub küçəsi 292 saylı sahəsi 500 kv.metr bağ sahəsindən 250 kv.metr sahəsi İddiaçı daimi istifadədən ötrü verilmişdir. Həmin protokoldan çıxarışa akt da əlavə edilmiş və 292 saylı bağ sahəsinin 500 kv.metr hissəsinin 250 kv.metr hissəsinin İddiaçı ayrılması aktda da təsdiq edilmişdir. İddiaçı "Avtomobilçi" Bağçılıq Cəmiyyətinin üzvlüyünü təsdiq edən üzvlük kitabçası da mövcuddur. "Avtomobilçi" bağçılıq-bostançılıq cəmiyyətinin İdarə Heyətinin ümumi yığıncağının 34 saylı, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışa əsasən Əzizbəyov rayonu, Dübəndi bağ massivində "Avtomobilçi" bağçılıq cəmiyyətinin üzvlərinə ayrılmış 292 saylı sahəsi 500 kv.metr bağ sahəsindən 250 kv.metr sahənin X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********74 saylı məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsinə dair İdarənin arxivində saxlanılan "Avtomobilçi" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Bununla yanaşı, qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxsin müraciəti daxil olmuşdur, əlavə olaraq, torpaq sahəsinə dair təqdim olunmuş bağçılıq-yoldaşlığının üzvlük kitabçasında qeyd edilən sahə üzrə ölçüsü 250.0 kv.metr, faktiki sahə isə 216.0 kv.metr təşkil edir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Dübəndi bağ massivi, 15-ci cənub küçəsi, “292” №-li bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, vahid elektron kadatsr baza məlumatlarına əsasən torpaq sahəsinə dair digər fiziki şəxsin (X3) müraciəti olmuşdur. xx.xx.2022-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 250 kv.m qeyd olunsa da, faktiki 216 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının 34 saylı, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışa əsasən, “Avtomobilçi” bağçılıq cəmiyyətinin üzvü Abbasov Sabirin ərizəsi və xahişi nəzərə alınaraq ona aid sənədlərin ləğv olunması və Dübəndi qəsəbəsində “Avtomobilçi” bağ massivində Abbasov Sabirə məxsus olan 15-ci cənub küçəsi 292 saylı saylı bağ sahəsinin 250 kv.m hissəsi onun öz notarial qaydada təsdiq olunmuş ərizəsinə uyğun olaraq İddiaçı daimi istifadədən ötrü verilməsi qərara alınmışdır. İstifadəçi İddiaçı olan Əzizbəyov rayonu, Dübəndi bağ massivi, 292 nömrəli bağ sahəsinin “Torpaq sahəsinin planı” “Avtomobil” bağçılıq cəmiyyəti tərəfindən təsdiq edilmişdir. 255 nömrəli bağçının üzvlük kitabçasına əsasən, İddiaçı “Avtomobilçi” bağçılığı cəmiyyətinə bağçılıq cəmiyyəti üzvlərinin 26 oktyabr 2000-ci il tarixli, 34 nömrəli protokoluna əsasən 2000-ci ildə üzv qəbul edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən bildirilmişdir ki, göstərilən torpaq sahəsinə dair idarənin arxivində saxlanılan “Avtomobilçi” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı Malik oğlunun adı aşkar edilməmiş, qeyd edilən torpaq sahəsinə dair digər fiziki şəxsin müraciəti olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair təqdim olunmuş bağçılıq-yoldaşlığın üzvlük kitabçasında qeyd edilən sahə üzrə ölçüsü 250.0 kv.m, faktiki isə 216.9 kv.m təşkil edir.

İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

11. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

-9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.

14.İşin faktiki hallarına əsasən iddiaçı “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 292 nömrəli bağ səhəsinin bir hissəsi(250 kv.m) daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçının üzvlük kitabçası və 34 saylı, 26 oktyabr 2000ci il tarixli protokoldan çıxarış mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. İşdə olan sənədlər: “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinə üzv olmasına dair üzvlük kitabçası və bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının 34 saylı, 26 oktyabr 2000-ci il tarixli protokolundan çıxarışı onun Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin 250 kv.m hissəsinə(cavabdehin baxış aktına görə faktiki ölçüsü 216 kv.m) dair hüquqlarını təsdiq edir. Beləliklə cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır iddiaçının hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Cavabdeh iddiaya dair təqdim edilmiş etirazında qeyd etmişdir ki, vahid elektron kadatsr baza məlumatlarına əsasən torpaq sahəsinə dair digər fiziki şəxsin (X3) müraciəti olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə sorğusu ilə cavabdehdən üçüncü şəxsin müraciəti ilə bağlı sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən X1 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” xx.xx.2020-ci il tarixli ərizəsi və cavabdehin X1 xx.xx.2020-ci il tarixli ərizəsinə baxılması ilə bağlı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının dayandırılması barədə” bildiriş təqdim edilmişdir. Lakin X1 mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, belə sənədlərin mövcudluğu barədə məlumat verilməmişdir. Buda o nəticəyə gəlmək əsas verir ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin (hissəsinin) iddiaçının adına qeydiyyata alınması X1 hüquqlarına və qanunla qorunan maraqlarına toxunmur.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin İddiaçı adına ayrılmış 250 kv.m hissəsinin(baxış aktına əsasən 216 kv.m) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağlar massivi 292 saylı bağ sahəsinin İddiaçı adına ayrılmış 250 kv.m hissəsinin (baxış aktına əsasən 216 kv.m) onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar