Məhkəmə qərarları › İş №2-1(112)-4670/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4670/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4670/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (qızı) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə (üçüncü şəxs “X7” MMC (VÖEN:**********)) qarşı “ona məxsun mənzilin hüquqi şəxsin ünvanı kimi qeydiyyatının ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mən 12-nin “X7” MMC-nin ünvanı kimi qeydiyyatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mənzil 12 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 020211 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. “X7” MMC-nin qeydiyyatı zamanı ona məxsus olan mənzilin ünvanının MMC-nin ünvanı kimi göstərilməsinə razılıq verib və qeyd edilən MMC həmin ünvan üzrə qeydiyyata alınıb. Lakin hazırda ona məxsus olan mənzilin “X7" MMC-nin ünvanı kimi qalmasını istəmir, vergi orqanı ilə olan bütün yazışmalar onun ünvanına gəlir ki, bu da onu narahat edir. Qeyd edilən sənədləri isə əlaqəsi olmadığından cavabdeh MMC-yə və ya təsisçilərinə də çaldıra bilmir. Hazırda onun cavabdeh MMC-nin təsisçiləri olan X3 və Türkiyə Respublikasının vətəndaşı olan Emiroğlu Fatih ilə heç bir münasibəti yoxdur. Bununla belə, qeyd edilən MMC-nin təsisçilərinə 2 il ərzində dəfələrlə müraciət etsə də, heç bir faydası olmamışdır, hər dəfəsində ünvan dəyişikliyi ilə bağlı sənədləri toplayıb Milli Gəlirlər İdarəsinə təqdim edəcəklərini bildirsələr də, vədlərinə əməl etməmişlər. MMC-nin ünvan dəyişikliyi üçün təsisçilərinin ümumi yığıncağının qərarı tələb olunur ki, təsisçilər bu sənədi tərtib edib imzalamadan o heç bir sey edə bilmir. MMC-nin təsisçiləri ünvan dəyişikliyi ərizəsi ilə Dövlət Vergi Xidməti Milli Gəlirlər İdarəsinə müraciət etmədikləri üçün məhkəmədə iddia qaldırmağa məcbur olub. “X7" MMC ünvan 2 ünvanında fəaliyyət göstərmir, lakin buna baxmayaraq, qeydiyyat ünvanı həmin mənzildə qalmaqda davam edir. Nəticədə mülkiyyətçi kimi hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Hesab edir ki, məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mənzil 12 "X7" MMC-nin ünvanı kimi qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin İdarəsinə müraciət elsə də, 10.02.2021-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 10.02.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərində edilən hər bir dəyişiklik, eləcə də eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması 12.12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mülki Məcəllənin 47.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Hüquqi şəxsin olduğu yer – hüququ ünvanı cəmiyyətin nizamnaməsində öz əksini tapdığından nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, hüquqi ünvanı təsdiq edən sənəd, VÖEN və nizamnamənin hüquqi ünvan göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi təqdim edilməlidir. Göstərilənləri nəzərə alaraq müvafiq hüquqi şəxslərin hüquqi ünvanlarına dair reyestrdə dəyişikliyin edilməi üçün qeyd olunan sənədlərin hüquqi şəxslər tərəfindən təqdim olunmalı olduğunu nəzərə alaraq bununla bağlı həmin hüquqi şəxsə müraciət etmək tövsiyə olunmuşdur.

4. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirakı edən iddiaçının nümayəndəsi (qızı) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, “X7” MMC-nin təsisçilərini nə qədər çalışsa da tapa bilmir. Həmin hüquqi şəxsin harada fəaliyyət göstərdiyindən xəbərsizdir. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirakı edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək iddiaya yazılı etirazını təqdim etdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Etiraz imtinanın məzmununa uyğun olmaqla əsaslandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlətinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

6. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır.

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

8. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. 15.3-cü maddəsinə əsasən, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. 15.4-cü maddəsinə əsasən, dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9. Qeyd edilən səlahiyyətlərin icrası Bakı şəhəri üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən təmin edilir.

10. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 saylı evin 12 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı tərəfindən verilmiş 31.08.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur)

12. İddiaçı cavabdeh quruma ünvanladığı 10.10.2018-ci il tarixli ərizədə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanının “X7” MMC-nin hüquqi ünvanı kimi göstərilməsinə etiraz etmədiyini bildirmişdir.

13. Məhkəmənin 02.03.2021-ci il tarixli qərardadı ilə “X7” MMC (dövlət qeydiyyat nömrəsi (VÖEN) **********) hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

14. Kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına əsasən, “X7” MMC (VÖEN: **********) 15.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 52-dir.

15. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilən 03.05.2021-ci il tarixli cavabda bildirilir ki, idarədə olan reyestrə əsasən “X7” MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 52-dir, faktiki ünvanının olması barədə isə məlumat müəyyən edilməmişdir. Həmçinin bildirilir ki, “X7” MMC-nin təsisçiləri Azərbaycan Respublikası vətəndaşı qeydiyyat ünvanı Qəbələ rayonu, Xırxatala kəndi olan X3 və Türkiyə Respublikası vətəndaşı olan Fatih Emiroğludur.

16. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X1 rayonu, Xırxatala kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar.

İV. Məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Konstitusiyasından: - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

24. Məhkəmə hazırki iş üzrə araşdırmanı X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

25. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin üçüncü şəxsin ünvanı kimi qeydiyyatının ləğvindən cavabdehin imtinası iddiaçının mülkiyyətinə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X9 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

26. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

27. Müdaxilənin qanuniliyi:

- “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanunundan:

9-1.1. Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9-1.2. Müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3. Qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. 9-1.4. Təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 9-1.5. Müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. 9-1.6. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. 9-1.7. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 9-1.8. Təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir.

- Beləliklə, məhkəmə müəyyən edir ki, hüquqi ünvan barədə məlumat təsis sənədlərində əks olunan məlumat olduğundan təsis sənədlərində edilən hər bir dəyişiklik təsisçilərin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Odur ki, məhkəmə müdaxilənin qanuniliyi məsələsinə qarşıya qoyulan məqsəd və onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməyi zəruri hesab edir.

28. Müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı:

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanununun 14.1.2-ci maddəsinə əsasən, dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) əks etdirilməlidir. - Beləliklə, vergi ödəyicisinin olduğu yer daimi fəaliyyət göstərən orqanının olduğu yerdir və uçot qeyd edilən qanuni məqsədin icrasını təmin etmiş olmalıdır.

29. Qarşıya qoyulan məqsədə mütənasiblik və iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması:

-“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanunundan: 2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır. -Vergi Məcəlləsindən: -34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

30. İddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4də üçüncü şəxs “X7” MMC-nin (VÖEN:**********) fəaliyyət göstərmədiyi, eləcə də daimi fəaliyyət göstərən orqanının yerləşmədiyi müəyyən olunur. Odur ki, cavabdeh qurumun müdaxiləsi hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının olduğu yeri müəyyən etmədiyindən qarşıya qoyulan məqsədə mütənasib deyil. Vergi ödəyicisi olan “X7” MMC-nin olduğu yerin dəyişməsi barədə vergi orqanına məlumat verməməsi iddiaçının mülkiyyətçi kimi məsuliyyət və risk dairəsinə aid deyil və həmin müdaxilə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda qeyd edir ki, iddiaçının seçdiyi hüquqi müdafiə vasitəsi (yəni hazırda qaldırılan iddia) qarşıya qoyduğu məqsədə uyğundur. Hüquqi ünvanın dəyişdirilməsi tələbi ilə “X7” MMC-yə (və ya təsisçilərinə qarşı) qarşı qaldırmış olacağı iddia səmərəli hüquq müdafiəsi vasitəsi hesab edilə bilməz. Belə ki, qanunun mənasına görə təsis sənədlərində dəyişiklik ərizə, yəni könüllü iradə ifadəsi əsasında həyata keçirilir. Könüllü iradə ifadəsinin məcburi icra mexanizmləri vasitələri ilə təmini qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla onun məqsədi kimi qiymətləndirilə bilməz. X9 Məhkəməsi dəfələrlə öz qərarlarında göstərmişdir ki, Konvensiya hüquqları nəzəri və ya xəyali deyil, praktiki və səmərəli təmin etməyə yönəlib (digərləri ilə yanaşı bax Yakovlev Rusiya Federasiyasına qarşı” iş üzrə 15 mart 2005-ci il tarixli, eləcə də “Qroşev Rusiya Federasiyasına qarşı” iş üzrə 20 oktyabr 2005-ci il tarixli Qərarlar).

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür

33. Qeyd edilməlidir ki, üçüncü şəxs “X7” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 nömrəli evin 12 saylı mənzili üzrə qeydiyyatının ləğvi onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır, əksinə onun olduğu yer, yəni onun daimi fəaliyyət göstərdiyi orqan üzrə qeydiyyatın təmin edilməsi qanunun məqsədinə uyğun hesab edilməlidir. Belə ki, üçüncü şəxs “X7” MMC-nin faktiki fəaliyyət ünvanı barədə məlumat olmadığından cavabdeh qurum həmin hüquqi şəxsin Azərbaycan Respublikası vətəndaşı olan təsisçisi və qanuni təmsilçisi, qeydiyyat ünvanı Qəbələ rayonu, Xırxatala kəndi olan X2 ünvanı üzrə qeydiyyata alınması üçün tədbir görə bilər. Bu cür inzibati praktika mümkündür (bax “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.12-ci maddəsi). Həmin Qanunun 12.9-cu maddəsinə əsasən, hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidməti üzrə açıq elektron məlumat sisteminə əsasən, Qəbələ rayonu üzrə reyestrin aparılması Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təmin edilir.

34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

37. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya məxsus ünvan 52-nin “X7” MMC-nin (VÖEN:**********) ünvanı kimi qeydiyyatının ləğvi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və bu qərarda ifadə edilən hüquqi mövqe hüquqi şəxslərin dövlət reyestrində “X7” MMC-nin hüquqi ünvanının Azərbaycan Respublikası vətəndaşı olan təsisçisi və qanuni təmsilçisi X2 qeydiyyat ünvanı üzrə (Qəbələ rayonu, Xırtxatala kəndi) göstərilməsi üçün əsas hesab olunmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. ünvan 52-nin “X7” MMC-nin (VÖEN:**********) ünvanı kimi qeydiyyatının ləğvi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Bu qərar hüquqi şəxslərin dövlət reyestrində “X7” MMC-nin hüquqi ünvanının Azərbaycan Respublikası vətəndaşı olan təsisçisi və qanuni təmsilçisi X2 qeydiyyat ünvanı üzrə (Qəbələ rayonu, Xırxatala kəndi) göstərilməsi üçün əsasdır. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar