Məhkəmə qərarları › İş №2-1(112)-4670/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4670/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4670/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X5, X8 və X11 cəlb olunmaqla) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 və onun ailə üzvləri X9 ilə X4 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilmiş və pasport qeydiyyatından çıxarılmasına qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “üçüncü şəxslər X5, X12 və X6 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabr ayında ona məxsus olan ünvan 4 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m. olan fərdi yaşayış evini bacısı oğlu X1 həyat yoldaşı X3 40.000 (qırx min) manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin ev iddiaçının adına qeydiyyatdan keçmədiyi üçün evi rəsmi qaydada, yəni alqı-satqı müqaviləsi bağlayaraq notariusda təsdiq edilməklə, satmaq mümkün olmadığına görə, E.D.Əhmədovaya etibarnamə vermişdir və özünü evə qeydiyyata aldırmışdır. X5 həmin evdə il yarım yaşadıqdan sonra, evi bəyənmədiyini bəhanə gətirərək ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. İddiaçı Elnarə Əhmədovaya təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. X16 bununla razı olmayaraq iddiaçıya verdiyi 40.000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2019-cü il tarixli 2(005)-3888/2019 №-li qətnaməsi ilə X2 iddiası qismən təmin edilmiş, 40.000 manat məbləğdə pulun X2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2014/2020 №-li qətnaməsi ilə təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-2014z2020 №-li qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4831/2020 №-li qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Pulun qaytarılması iddiaçının pensiyasına yönəldilməli olduğu halda, bu vaxtında edilməmiş, əvəzində iddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə iddiaçı həmin maddə ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəmdir. Hazırda həmin pul pensiyaya yönəldilmişdir və iddiaçı hazırkı vaxta kimi pulun 15.200 manatını X7ma ödəmişdir. Lakin D.Əhmədova hazırkı vaxta kimi evdən çıxmamışdır. Bundan sonra iddiaçı X3 qarşı “Mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-916/2022 №-li qətnaməsi ilə iddiası qismən təmin edilmiş, 3-cü şəxs X2 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması təmin edilmişdir. 3-cü şəxsin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6410z2022 №-li qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 saylı 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3-cü şəxsin həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-515/2023 №-li qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6410/2022 №-li 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2418/2023 №-li qətnaməsi ilə 3cü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2( 103)-2418/2023 №- li qətnaməsindən verdiyim kassasiya şikayəti Azərbaycan Resublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3421/2023 saylı qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçının iddiası qismən təmin edilərək 3-cü şəxs X5 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Ali Məhkəmənin qeyd etdiyi qərarı icraya yönəldilmişdir. Lakin Nərimanov rayon İcra Şöbəsinin icra məmuru qeyd edilən qərarda X2 ailə üzvüləri, yəni əri X1, yetkinlik yaşına çatmayan övladları: xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 adları qeyd edilmədiyinə görə Ali Məhkəmənin qeyd olunan qərarını icra etməkdən imtina etmişdir. İddiaçı qeyd edir ki, X2 ailə üzvləri, yəni övladları Kərim Əhmədov və Ümüd Əhmədov o, Nərimanov Rayon məhkəməsinə müraciət edərkən qeyd etdiyi evdə, yəni ünvan 4 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m., həyətyanı sahəsi 18 kv.m. olan fərdi yaşayış evində qeydiyyatda olmamışlar. X5 övladları Kərim Əhmədovu və Ümüd Əhmədovu Azərbaycan Resublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3421/2023 saylı qərarı qəbul ediləndən sonra qeyd edilən evə iddiaçının xəbəri olmadan qeydiyyata götürülmüşdür. İddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müvafiq qərardadı ilə X5, X8 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, üçüncü şəxslər hazırda həmin evdə yaşayır. Onların evdən çıxarılmalarına dair məhkəmə qətnaməsinin icrası ilə bağlı aidiyyəti icra qurumuna müraciət etsə də, hazıradək icra edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Plenum Qərarında həmçinin bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. X14 o da qeyd olunur ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxsin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxsin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən müəyyən olunan hal ondan ibarətdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmidir. Lakin iddiaçı hazırkı tələbinin əsası kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq üçüncü şəxslərin sözügedən fərdi yaşayış evindən çıxarılmaları barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3421/2023 №-li Qərarına istinad edir. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdiyi kimi, istinad etdiyi məhkəmə qərarı halhazıradək icra edilmədiyindən üçüncü şəxslər Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmamışlar. Belə olan halda, nə qədər ki, üçüncü şəxslər faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti, 15 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün qanunla tələb olunan şərtlər ödənilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Nəzərə alınmalıdır ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı istinad etdiyi məhkəmə qərarı icra edildikdən sonra müvafiq tələb ilə əvvəlcə cavabdeh inzibati orqana, imtina edildikdə isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar