Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4671/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "əvvəlki illərə görə ödənilməli olan sosial müavinətin hesablanaraq birdəfəlik ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin təyin olunması barədə ərizə ilə 1 saylı Bakı DOST Mərkəzinə müraciət etmişdir.
2. 35 gün keçməsinə baxmayaraq müraciətinə cavab verilmədiyini iddia edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh 1 saylı Bakı DOST Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, onun yaşa görə sosial müavinət hüququnun yarandığı 57 yaşdan sosial müavinətin təyin edilməsini və ötən aylara görə sosial müavinət məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı DOST Mərkəzinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2021-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edən iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 Saylı Bakı DOST Mərkəzinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, eyni zamanda iddia tələbinin “xx.xx.2019-cu ildən 2021ci ilin fevral ayınadək olan dövr üzrə sosial müavinət məbləğinin hesablanaraq birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilərək iddianın dəyişdirilməsi qəbul olunmuşdur.
4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddia tələbindəki tələblə eyni məzmunlu ərizə ilə ilk öncə inzibati orqana müraciət etməməsi səbəbindən İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəyə uyğun çıxış edərək iddianın mümkün sayılmamasını xahiş etdi.
7. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
8. Belə ki, iş materiallarında olan cavabdeh orqan tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona 57 yaşdan 3 uşağa görə sosial müavinətin təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin qərar əsasında iddiaçıya ilkin ödəniş xx.xx.2021-ci il tarixdə edilmiş və bu ödəniş 2021-ci ilin yanvar ayı üçün həyata keçirilmişdir. İddiaçı isə təyin edilmiş sosial müavinəti xx.xx.2021-ci il tarixdə alsa da, xx.xx.2021-ci il tarixdə ona sosial müavinətin təyin edilməsi və ötən aylara görə sosial müavinət məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə, daha sonra isə xx.xx.2021-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə sosial müavinətin təyin edildiyini, lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli məbləğin hissə-hissə ödənildiyini bildirmiş, bununla razılaşmayaraq həmin dövr üzrə ödənilməli olan sosial müavinətin birdəfəlik ödənilməsini xahiş etmişdir.
9. Lakin işdən görünür ki, iddiaçı belə bir ərizə ilə cavabdehə müraciət etməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçının cavabdehə yeganə müraciəti xx.xx.2021-ci il tarixdə olmuş və bu müraciət ona yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı olmuşdur.
10. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Məhkəmə qeyd edir ki, İddiaçının “xx.xx.2019-cu il tarixdən 2021-ci ilin fevral ayına kimi olan dövr üzrə sosial müavinətin birdəfəlik ödənilməsi” barədə iddiası öhdəliyin icrası haqqında iddiadır ki, yuxarıda qeyd olunduğu kimi bu iddia üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir.
13. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur.
14. Məsələ ilə bağlı məhkəmə 25 iyun 2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərərək, dəyişdirilmiş tələb üzrə ilkin olaraq cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış müraciətinin və ya həmin müraciətə verilmiş cavab məktubunun məhkəməyə təqdim edilməsini təklif etmiş, lakin iddiaçı bununla bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
15. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır.
16. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova