Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4671/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2015-ci il tarixində 01,12.2023-cü il tarixində olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı oglu 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə qeydə alınan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanmasını xahiş etdi və müraciətimə aşağıdakı məzmunda imtina aldı: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 17 oktyabr 2023-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə 1 yanvar 2004-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 579,38 manat məbləğində aşağıdakı tərkibdən ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; -qulluq stajına gorə əmək pensiyanıza əlavə - 336,08 manat. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 4 aprel 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığınız pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 11475,13 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 1 yanvar 2023-cü ilədək qüvvədə olmuş 29.2-ci maddəsi və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə əmək pensiyanızın sığorta hissəsi 302,45 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə sığorta hissəsinin artan məbləğinə müvafiq azaldılmaqla 276,93 manat təşkil edir. Göründüyü kimi müvafiq pensiya kapitalınız müraciətinizə əsasən istifadə olunaraq əmək pensiyanız yenidən hesablanıb. Buna gorə də topladığınız pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixində qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbi baxımından mümkün deyil. X2 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən əmək pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyanızın müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğunuz təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 637,32 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 731,01 manatla artırılaraq ödənilir.” İddiaçı qeyd edir ki, hərbi qulluqçu xidmət illərinə görə əmək pensiyası təyin edilmiş sığorta olunan şəxs kimi ona pensiya təyin edildikdən sonra (xx.xx.2004 tarixdən) işləməkdə davam edərək 6 ildən çox işləmişdir. Hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Xidmət illərinə görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh əsassız olaraq imtina etmişdir. Belə ki, əmək pensiyası təyin edildikdən hal-hazıra qədər topladığı pensiya kapitalına görə yenidən hesablanma aparılmayıb və bu səbəbdən pensiya məbləğində hər hansı artım olmayıb. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İş materiallarına əlavə edilən cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü i tarixli 3-17-1/3-7-5250/2024 saylı qərarının surətindən görünür ki, İddiaçı ogluna təyin olunan pensiya məbləği yenidən hesablanılaraq 812,88 manatdan 929,00 manata artırılmış, yenidən hesablanmanın səbəbi vəzifə maaşının dəqiqləşdirilməsi və qanunun 37.3.1-ci maddəsi olmuşdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
5. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə cavabdehin izahatını dinləyərək, cavabdeh tərəfindən təqdim edilən qərarı, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva