Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4673/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “Turan” İnformasiya Agentliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “informasiya sorğusuna cavab verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 (bundan sonra – İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2022-ci il tarixli informasiya sorğusunda göstərilən bütün suallara ətraflı cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını, İnzibati Xətalar Məcəlləsinin 374, 382-ci maddələrinə uyğun olaraq, müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozan vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun əsl iddiaçı “Turan” İnformasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, X3 jurnalistdir, “Turan” İnformasiya Agentliyində çalışır. O, 13 oktyabr 2022-ci il tarixdə "İnformasiya əldə edilməsi haqqında" Qanunda təsbit edilən hüquqlarından çıxış edərək "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədrinə informasiya sorğusu ilə müraciət etmişdir. Həmin informasiya sorğusu ilə ictimai informasiya sahibi sayılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyindən xahiş etmişdir ki, “Buzovna qəsəbəsinin Ruhulla Axundov və Bağlar küçələri hissəsində elektrik enerjisinin verilməsində fasilələrin yaranmasının səbəbinin nə olduğu, niyə fasilələrin səbəblərinin indiyədək aradan qaldırılmaması və "xxxx" ASC-nin Buzovnanın sözügedən hissəsində elektrik enerjisinin fasiləsiz və keyfiyyətli verilişinin tam bərpa edilməsi üçün hansı tədbirləri və hansı müddətdə görə bilər?” suallarına cavab verilsin. İnformasiya sorğusunun göndərilməsindən 2 aya yaxın vaxt keçsə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti jurnalist sorğusuna hələ də cavab verməmişdir. Cavabdeh 13 oktyabr 2022-ci il tarixli informasiya sorğusuna cavab verməməklə iddiaçının informasiya əldə etmək hüququnu pozaraq sorğunu cavablandırmamış, bunun səbəbini də izah etməmiş, sorğuçuya, yəni iddiaçıya köməklik göstərmək istiqamətində heç bir addım atmamışdır. Halbuki bunlar informasiya sahiblərinin qanuni vəzifəsidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin onun göndərdiyi informasiya sorğusunu cavablandırmaması qanunsuz və əsassızdır. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya dair etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli, 548 nömrəli məktubu xx.xx.2022-ci il tarixdə, 01/xx-xx/6995/1 nömrəli məktubla cavablandırılmış və məktub iddiaçıya göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixli informasiya sorğusu ilə "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə müraciət ünvanlayaraq bildirmişdir ki, oktyabrın 10-da Buzovna qəsəbəsinin Ruhulla Axundov və Bağlar küçələrinin sakinləri evlərinə elektrik enerjisinin verilməsinin normallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xahişilə ASC-yə müraciət etmişlər. Buzovnanın bu hissəsində elektrik enerjisinin kəsilməsi problemi 30 ilə yaxındır davam etsə də, problem həllini tapmır. Söhbət minlərlə adamın istehlakçı hüquqlarının pozulmasından gedir. İddiaçı Konstitusiyanın 50-ci maddəsi, Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında’’ və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlara müvafiq olaraq aşağıdakı suallara cavab verilməsini xahiş etmişdir:
1. Buzovna qəsəbəsinin bu hissəsində fasilələrin yaranmasının səbəbi nədir?
2. Niyə fasilələrin səbəbləri indiyədək aradan qaldırılmır?
3. "xxxx" Buzovnanın sözügedən hissəsində elektrik enerjisinin fasiləsiz və keyfiyyətli verilişinin tam bərpa edilməsi üçün hansı tədbirləri və hansı müddətdə görə bilər? Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 01/xx-xx/6995/1 nömrəli məktubdan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, qeyd olunan ərazinin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 495-427 və 495-435 saylı yarımstansiyaların 6 kV-luq 2 dövrəli hava elektrik verilişi xətlərində profilaktik təmir işləri aparılmış, naqillər yenisi ilə əvəz olunmuş və bu səbəbdən elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranmışdır. Hal-hazırda göstərilən ərazi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur. Göründüyü kimi, işin istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı müvafiq sorğu ilə cavabdehə müraciət etmiş, cavabdeh isə həmin müraciəti cavablandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin cavab məktubunu alsa da, hazırkı tarixədək elektrik enerjisinin verilməsində kəsintilər olduğundan cavab məktubunu onun sorğusunun tam cavablandırılması kimi qəbul etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təmin edilən elektrik enerjisindəki kəsintilərə görə hüquqları pozulan şəxslərin hüquqi müdafiə vasitəsi hazırkı iddia olmamaqla yanaşı, belə bir kəsintinin olması iddiaçının sorğusunun cavablandırılmadığı nəticəsinə gəlinməsi üçün də əsas hesab oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Belə ki, iddiaçı müraciətinə cavab verilmədiyini iddia etsə də, işdən görünür ki, onun müraciəti cavablandırılmışdır. İddiaçı həmçinin cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 374, 382-ci maddələrinə uyğun olaraq, müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozan vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, prosessual qanunvericilikdə inzibati xəta deyil, cinayət əlamətləri aşkara edildikdə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi nəzərdə tutulmuş, hazırkı iş üzrə belə bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Səlma Salahova