Məhkəmə qərarları › İş №2-1(112)-4674/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4674/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4674/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı plan sxemin çəkilərək təsdiqlənməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə, Cavabdeh2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 191-ci il tarixli, 175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 20 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşməsinin plan sxeminin çəkilməsini və çəkilmiş plan sxeminin təsdiqlənməsinin cavbdehə həvalə olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X1 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin plan sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İş üzrə hazırlıq iclası 27.05.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 195 nömərli, 20 sentyabr 1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, X2 0.12 ha hesabı ilə həyətyanı torpaq sahəsi aryılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və sovxozun 12 sentyabr 1991-ci il tarixli əmri nəzərə alınaraq, İddiaçı verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan Abşeron rayon Dövlət Arxivinin F-676 nömrəli, 01.10.2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 17 nömrəli qərarına əsasən Maştağa Tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün hər ailəyə 0.12 hektar hesabı ilə 60 ailəlik 7.2 ha həyətyanı torpaq fondu, 1.8 ha küçə və yollar üçün cəmi 9.0 ha torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçilik-südçülük sovxozunda həyətyanı torpağa ehtiyacı olan işçilərin ərizə və digər sənədlərini, sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin qərarını nəzərə alaraq, ayrılmış həyətyanı torpaq fondunu 60 ailə arasında paylamış və bu haqda toplanmış sənədləri təsdiq üçün Abşeron RİH-nə təqdim etmişdir. Maştağa tərəvəzçilik-südçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0.12 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin və əmək kollektvi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli, 66 nömərli əmri nəzərə alınaraq, X3 – gözətçi- verilmiş torpaq sahəsində fərdi yaşayış evləri tikintisinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış **********76 nömrəli, 07 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin yerləşmə sxeminin hazırlanmasına köməklik göstərilməsi barədə 01.10.2020-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”yə müvafiq olaraq Xidmətin səlahiyyətlərinə aid deyildir. Aidiyyəti üzrə müvafiq rayon (şəhər) icra Hakimiyyəti orqanın müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunda yerləşən torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması ilə bağlı 07.10.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə tərəflərindən baxılaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi və razılaşdırılması idarənin səlahiyyətləri xaricindədir. İşdə olan Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçının nümayəndəsinin Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisindən 12 sentyabr 1991-ci il tarixli, 66 nömrəli əmrlə verilmiş 0.12 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi barədə müraciətinə tərəflərindən baxılaraq, 2619 nömrəli, 29.12.2020-ci il tarixli məktubla verilmiş cavabdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi həyətyanı torpaq sahələrinə görə yerquruluşu planlarının hazırlanması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Resoublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (həyətyanı sahələrin) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrin torpaqları əvəzsiz olaraq onların mülkiyyətinə qanuni istifadəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərkən ərizəyə yalnız torpaqların onlara qanuni istifadəyə verilməsini təsdiq edən sənədin surətini əlavə edirlər. Qeyd olunanlar nəzərə alınaraq fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Bakı şəhəri Cavabdeh1 Başçısının müavini tərəfindən iddiaçının nümayəndəsinin M-75/2-091/2 saylı, 03.02.2021-ci il tarixli ərizəsinə cavab olaraq verilmiş məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ərizədə qeyd etdiyi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi Abşeron XDS İK-nin 20 sentyabr 1991-ci iltarixli, 195 saylı qərarına əsasən ayrıldığından, torpaq sahəsinin yerləşmə sxeminin tərtibi və təsdiqi ilə bağlı Cavabdeh2nə müraciət etməlidir. Beləliklə məhkəmə işin halları ilə bağlı aşağıdakıları qeyd edir: iddiaçıya Abşeron rayon X5 İcraiyyət Komitəsinin 195 nömrəli, 20 sentyabr 1991-ci il tarixli qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq ayrılan zaman qüvvədə olmuş Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da müvafiq X5 icraiyyə komitəsinin qərarı əsasında, bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Eləcə də, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin normalarında və torpaq sahəsi ayrılması barədə qərarda, istərsə də, hazırda qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahasinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə ilə Xidmətin əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir: 2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir; 2.0.2. ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir; 2.0.3. torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədi ilə yerquruluşu işlərini təşkil edir və aparır; 2.0.4. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini təşkil edir, yerinə yetirir və bu sahədə dövlət nəzarətini həyata keçirir; 2.0.5. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirir və xəritələrini hazırlayır; 2.0.6. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritələrini, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək üçün arayış hazırlayır; 2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır; 2.0.8. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir. Göründüyü kimi, Xidmətin əsas fəaliyyət istiqamətlərində torpaq sahasinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, hazırki iddia tələbi ona cavab verməli olan inzibati orqana qarşı yönəldilməmişdir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar