Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4674/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ilk dəfə xx.xx.2022-ci il tarixdə olmaqla, bir neçə dəfə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək sonuncu dəfə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 24 yanvar 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" ASC tərəfindən verilmiş 5 sentyabr 2022-ci il tarixli 01-VƏ/441 nömrəli arayışda xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstehsalat-Təmir müəssisəsinin Bakı daimi X1 təmiri sahəsində baş usta və xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC-nin Qazan Avadanlıqlarının təmiri və sazlanması sexində rəis müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi Qazan Avadanlıqlarının təmiri və sazlanması sexi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bundan başqa işlədiyi baş usta vəzifəsi yuxarıda göstərilən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 5 ay 10 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986 - xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı iyul 2022-ci il tarixdən başlayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 57 yaşının tamam olduğu 16 iyul 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdən “Azbaşenerji” İstehsalat-Təmir müəssisəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984cü il tarixdə İnstitutun əyani hazırlıq şöbəsinə daxil olduğu üçün işdən azad olunmuşdur. xx.xx.1986-cı il tarixdən “Akbaşenerji” İstehsalat-Təmir müəssisəsində əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2009-cu ildə həmin müəssisədən işdən azad olaraq Azərbaycan Duz İstehsalat Birliyində işə qəbul olunmuşdur və hal-hazırda da işləyir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və işəgötürən də ona işin xarakteri ilə bağlı müvafiq arayış vermişdir. Həmin arayışla müəyyən olunur ki, onun güzəştli pensiya üçün stajı 18 il 07 ay 28 gün təşkil edir. O da buna uyğun olaraq müvafiq pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məktublarında göstərmişdir ki, guya onun güzəştli iş stajı 11 il 5 ay 10 gün təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmin müəssisədə bir neçə rəhbər vəzifələrdə işləmişdir. Tutduğu vəzifələrdən görünür ki, onun işi elektrik stansiyalarının təmiri ilə bilavasitə bağlı olmuşdur. Hətta bəzi vəzifələrin adları Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində qeyd olunmuşdur. Cavabdehin imtina məktublarından görünür ki, xx.xx.1996-cı il tarixdən guya o, güzəştli şərtlərə aid iş yerində işləmişdir. İşəgötürənin verdiyi güzəştli arxiv arayışında xx.xx.1996-xx.xx.1997-ci illər işlədiyi ikinci qrup baş usta vəzifəsinin böyük usta vəzifəsi ilə eyni olması və eyni vəzifələri yerinə yetirməsi qeyd olunmuşdur, lakin cavabdeh onu da nəzərə almamışdır. O, 1962-ci il təvəllüddür, 1980-1982-ci illər hərbi xidmətdə olmuşdur. 1983-cü ildən işləyir, 42 il ümumi, 12 il 6 aydan çox isə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı var.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
9. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir.
10. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
11. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
12. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır.
13. İşdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2019cu il tarixdə tamam olmuşdur.
14. İş materiallarında olan iddiaçıya məxsus ФВ-İ seriyalı 082640 nömrəli, xx.xx.1991-ci il tarixli diplomun surətindən və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, o, 1984-cü ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunun hazırlıq şöbəsinə əyani dinləyici kimi qəbul olunmuşdur. 1985-ci ildə Energetika fakültəsinin “Sənaye istilik energetikası” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş və 1986-cı ildə əyani şöbənin İ kursundan axşam şöbəsinin İİ kursuna köçürülmüşdür. 1991-ci ildə göstərilən ixtisas üzrə axşam şöbəsini bitirmişdir.
15. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980cı il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
16. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Azərbaycan Enerji və elektrikləşmə Baş idarəsi İstehsalat-Təmir müəssisəsində çilingər vəzifəsində işləmiş, xx.xx.1986-cı il tarixdə Bakı Qazanxana turbin avadanlıqları daimi təmir sahəsinə 5 (beşinci) dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1989-cu ildə İİ dərəcəli usta keçirilmiş, xx.xx.1996-cı ildə həmin sahədə İİ qrup baş usta vəzifəsinə, xx.xx.1997-ci il tarixdə həmin sahədə rəis müavini, xx.xx.1998-ci ildə qazan təmizləmə sahəsinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. İddiaçı xx.xx.2002-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də qazan avadanlıqlarının təmiri və sazlanması sexində rəis müavini, ehtiyat hissələrin hazırlanması sexinin dəzgahların təmiri və alət hazırlanması sahəsində böyük usta, EHH sexinə aparıcı mühəndis normallaşdırıcı vəzifələrində işləmişdir. xx.xx.2009-cu ildə "xxxx" İstehsalat Birliyi QSC-də rəhbərlik şöbəsinə qazanxana operatoru vəzifəsinə qəbul edilmişdir, halhazırda həmin müəssisədə işləyir.
17. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...
18. Qeyd edilən normaların tələblərinə uyğun olaraq yuxarıda istinad olunan sənədlərdəki dövrlər (təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü) nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 25 il ümumi iş stajı olmuşdur.
19. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb edilən ilkin şərti ödəmişdir.
20. İkinci tələbə, yəni iddiaçının güzəştli iş stajı məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına əsasən 21400000 Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı üzrə: - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (kod 2140100a— 18455) - - avadanlığın təmiri üzrə ustalar, böyük ustalar (kod 2140100b—23362) güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
22. İşdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin 01-VƏ/441 nömrəli, xx.xx.2022-ci il tarixli İşin xarakteri haqqında güzəştli arxiv arayışında göstərilmişdir ki, “xx xxxx 1962-ci il təvəllüd İddiaçı həqiqətən xx.xx.1983-cü ildə (Əmr № 01-ok, xx.xx.1983-cü il ) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Bakı daimi X1 təmiri sahəsinin Qazanxana avadanlığının təmiri sexinə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilib və xx.xx.1984-cü ildə (Əmr №2 171-ok, xx.xx.1984-cü il) Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1986-cı ildə (Əmr № 89-л, xx.xx.1986-cı il) “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Bakı daimi X1 təmiri sahəsinin Qazan Turbin avadanlığının təmiri sexinə 5ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1989-cu ildə (Əmr № 125-л, xx.xx.1989-cu il) həmin sahədə İİ kateqoriyalı usta vəzifəsinə keçirilib, xx.xx.1997-ci ildə (Əmr № 25-ш, xx.xx.1997-ci il) Həmin sahədə rəis müavini vəzifəsinə keçirilib, xx.xx.1998-ci ildə (Əmr №- 08-ш, xx.xx.1998-ci il) Qazantəmizləmə sahəsinə rəis vəzifəsinə keçirilib və xx.xx.2002-ci ildə (Əmr № 26-ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İddiaçı xx.xx.1996-cı ildən-xx.xx.1997-ci il tarixlərində işlədiyi baş usta vəzifəsi böyük usta vəzifəsi ilə eyni olub və еyni vəzifələri yerinə yetirib. SSRİ dönəmində tərcümənin düzgün edilmədiyindən yazıldığına görə əmək kitabçasında fərqli anlayışlar kimi göstərilmişdir. xx.xx.2002-ci ildə (əmr №-10-kş, xx.xx.2002-ci il) "xxxx" ASC-nin "xxxx" MMC-nin Qazan Avadanlıqlarının təmiri və sazlanması sexinə rəis müavini vəzifəsinə işə qəbul edilib, xx.xx.2003-cü ildə (Əmr №-60-kş, xx.xx.2003-cü il) Ehtiyyat Hissələrin hazırlanması sexinin Dəzgahların təmiri və alət hazırlanması sahəsinə böyük usta vəzifəsinə keçirilib, xx.xx.2004-cü ildə (Əmr №-53, xx.xx.2004-cü il) həmin sexdə vəzifə və dərəcəsi saxlanılmaqla Mexaniki yığma sahəsinə keçirilib, xx.xx.2007-ci ildə (Əmr №-167/1 a-kş, xx.xx.2007-ci il) Həmin sexdə aparıcı mühəndis normalaşdırıcı vəzifəsinə keçirilib və xx.xx.2009-cu ildə (əmr №-44/18-kş, xx.xx.2009-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) əmək müqaviləsinə xitam verilib. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xx.xx.1983-xx.xx.1984-cü il və xx.xx.1986-xx.xx.1989-cu il tarixlərində işlədiyi çilingər peşəsi və “b” mütəxəssislər bəndində usta və böyük ustaların işi xx.xx.1989xx.xx.1997-ci ilədək və xx.xx.2003-xx.xx.2007-ci ilədək və qazanxana sexlərinin rəisləri və onların müavinlərinin işi xx.xx.1997-xx.xx.2002-ci ilədək və xx.xx.2002-xx.xx.2003-cü ilədək işlədiyi dövrlərdə xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə və 2140000а-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri və 2140100b- 23362 saylı şifrəsinə əsasən usta və böyük ustalar və 2140100b-24125 saylı şifrəsinə əsasən qazanxana (qaz turbin) sexlərinin rəisləri, onların müavinləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 18 il, 07 ay, 28 gün təşkil edir. Məlumat üçün qeyd olunmuşdur ki, “Azbaşenerji”nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azerenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASCnin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılıb.”
23. Həmçinin işdə olan Azərbaycan Respublikası "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış 01-VƏ/441 nömrəli, xx.xx.2023-cü il tarixli İşin xarakteri haqqında güzəştli arxiv arayışında əlavə olaraq göstərilmişdir ki, “İddiaçı zərərli sahədə 8 saatlıq iş dünü ərzində səs-küy, nəmlilik, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuş və avadanlığın qoyulmuş yerlərdə (qazanxana, turbin (buxar-qaz) turbini) yanacaq ötürmə, tozhazırlama) təmiri üzrə böyük usta ilə baş ustanın əmək funksiyası ilə eynidir. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-İi Qərarının 24-cü ’’Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" Fəslinin əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə və ”b" mütəxəssislər bəndinə əsasən ustalar yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li siyahısının, Xİİİ Fəslinin ’’Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000а-18455 saylı şifrəsinə əsasən çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların kodları ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.”
24. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim edilən arayışlara əsasən iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edilmiş, həmin ərizəyə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 18 il, 07 ay, 28 gün güzəştli iş stajı mövcud olmuşdur.
25. İşdən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirmiş, bu zaman:
1. baş usta vəzifəsinin avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsinə uyğun gəlməməsinə;
2. iddiaçının işlədiyi Qazan Avadanlıqlarının təmiri və sazlanması sexinin siyahı üzrə müəyyən edilmiş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid olmamasına istinad etmişdir.
26. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Belə ki, iddiaçı xx.xx.1996xx.xx.1997-ci illərdə “Azbaşenerji”nin İstehsalat-Təmir müəssisəsinin Bakı Daimi X1 təmiri sahəsinin Qazan Turbin avadanlığının təmiri sexinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə həmin sahədə İİ kateqoriyalı usta vəzifəsinə, xx.xx.1996-cı ildə isə həmin sahədə baş usta vəzifəsinə keçirilmişdir.
27. İşdən görünür ki, cavabdeh iddiaçının xx.xx.1989-xx.xx.1996-cı il tarixli stajını qəbul etsə də, Siyahıda baş usta vəzifəsi nəzərdə tutulmadığına əsaslanaraq xx.xx.1996xx.xx.1997-ci illəri güzəştli iş stajı kimi qəbul etməmişdir.
28. Lakin cavabdeh bu zaman nəzərə almamışdır ki, iddiaçının işlədiyi sahə və vəzifə eyni olmuşdur. “Baş usta” vəzifəsinin adında olan “usta” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Baş usta anlayışı da Siyahıda adıçəkilən ustaya uyğun olaraq funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da, əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir.
29. Yuxarıda istinad edilən arayışlardan da görünür ki, işəgötürən baş usta vəzifəsinin böyük usta vəzifəsi ilə eyni olduğunu və еyni vəzifələri yerinə yetirdiyini təsdiqləmiş, fərqin SSRİ dönəmində tərcümənin düzgün edilməməsindən yarandığını bildirmişdir. Cavabdeh isə baş usta vəzifəsinin böyük usta vəzifəsindən fərqli əmək funksiyasına malik olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
30. Məhkəmə qeyd edir ki, yuxarı instansiya məhkəmələri tərəfindən formalaşmış mövqeyə görə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
31. Cavabdehin İddiaçı 11 il 5 ay 10 gün (xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) güzəştli iş stajını qəbul etməsi, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il tarixlərdə işlədiyi dövrün də güzəştli iş stajı kimi təsbit edilməsi nəzərə alındıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə ən azı 12 il 6 ay 27 gün iş stajı olmuşdur (bu staj iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət etdiyindən məhkəmə cavabdehin mübahisələndirdiyi digər güzəştli iş dövrlərinə münasibət bildirməyə zərurət görmür).
32. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur.
33. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova