Məhkəmə qərarları › İş №2-1(112)-4674/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4674/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4674/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi X10, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə qeydyyata əsas olmuş sənədlərin təqdim edilməsi, qeydiyyatın aparılmasının araşdırılması və iddiaçının pozulmuş hüquqlarının bərpa olunması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə qeydyyata əsas olmuş sənədlərin təqdim edilməsi, qeydiyyatın aparılmasının araşdırılması və iddiaçının pozulmuş hüquqlarının bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı uzun müddətdir Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka massivi, 493 saylı bağ evində yaşayır. Bakı şəhəri 1 saylı Vəkil bürosu vasitəsi ilə cavabdehə müraciət etmiş və cavabdehin 15 sentyabr 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Sabunçu rayonu Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsinə malik 493 nömrəli bağ sahəsi keçmiş bağlar Bağlat Təsərrüfatı İdarəsi ilə bağlanmış müqavilə əsasında X8 və onun ailə üzvlərinin istifadəsində olmuş, sonuncu dəfə 30 dekabr 2002-ci il tarixdə ailə üzvlərinin razılıq ərizələri əsasında X1 adına həmin bağ sahəsinə dair 2168 nömrəli müqavilə bağlanmışdır. Sözügedən müqavilə və DTXK tərəfindən tərtib edilmiş 27 iyul 2011-ci il tarixli plan və ölçü sənədinə əsasən bağ sahəsi 3 iyul 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmış, daha sonra vərəsəlik hüququ ilə onun oğlu X2 adına keçmişdir. Cavabdeh tərəfindən verilmiş bu məlumatdan belə məlum olur ki, Vişnyovka massivində yerləşən 0,25 ha ölçüdə 493 saylı həmin bağ sahəsinə dair müqavilə X1 adına keçirilməklə aparılmış qeydiyyat, həmin bağ sahəsindən istifadə etmək hüququna malik olan digər ailə üzvülərinin, o cümlədən hazırkı iddiaçının (İddiaçı) razılığı alınmadan həyata keçirilmişdir. Halbuki, onun adı əvvəlki müqavilədə bağ sahəsindən istifadə etmək hüququ olan şəxslərin sırasında olmaqla və iddiaçı bütün bu müddət ərzində bağ sahəsindən daimi yaşayış sahəsi kimi istifadə edən yeganə şəxs olmuşdur. Hazırda mülkiyyətçi X7 məhkəməyə müraciət etməklə onun bağ sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə prosesinin gedişində məhkəmənin sorğusu əsasında bağ sahəsinə dair aparılmış əməliyyatlar araşdırılarkən məlum olmuşdur ki, İddiaçı yaşadığı bağ evi 1987-ci ildən mövcud olduğu halda, 2010-cu ildə bağ evinin özəlləşdirilərkən (texniki pasport tərtib edilməklə qeydiyyat aparılarkən) bu hal, yəni bağ evi tikilisinin mövcudluğu nədənsə və ya məqsədli şəkildə qeydiyyatdan gizlədilmişdir. Fakt hal-hazırda da “Gooqle” sistemində və texniki aparatlarda öz əksini tapmaqdadır. Tikilinin qeydiyyatının aparılmaması isə son nəticədə onun (iddiaçının) bağ sahəsindən istifadə hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Bundan sui-istifadə edən mülkiyyətçi iddiaçının yaşadığı evdən çıxarılmasını tələb etmişdir. İddiaçı yaranmış vəziyyətə aydınlıq gətirilməsi və pozulmuş hüququnun bərpa onunmasına nail olmaq üçün Vişnyovka bağ sahələri ərazisində yerləşən 493 saylı bağ sahəsinin X1 adına qeydiyyatı aparılan zaman əsas olmuş sənədlərin bir daha araşdırılması, habelə yuxarıda qeyd etdilən fakt öz təsdiqini taparsa, 0,25 hektar bağ torpaq sahəsinin bir nəfərin mülkiyyəti kimi qeydiyyatının aparılmasının və bu zaman bağ sahəsindən istifadə etmək hüququna malik olan şəxslərin razılıq ərizələrinin alınmadan həyata keçirilməsinin qanunvericiliyə uyğunıuğunun araşdırılması və aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdehə müraciətlər ünvanlamışdır. Lakin cavabdeh tərəfindən ardıcıl olaraq həmin müraciətlər cavabsız qoyulmuşdur. Göstərilənlərə əsaslanaraq, Vişnyovka bağ sahələri ərazisində yerləşən 493 saylı bağ sahəsinin X1 adına qeydiyyatına əsas olmuş sənədlərin surətlərinin iddiaçıya təqdim eilməsi, bağ torpaq sahəsinin bir nəfərin adına qeydiyyatının ondan istifadə etmək hüququna malik olan şəxslərin razılıq ərizələri alınmadan aparılması araşdırılmaqla iddiaçının pozulmuş hüquqlarının bərpasının təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı 19 sentyabr 2023-cü il, 9 fevral 2023-cü il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ona 5 oktyabr 2023-cü il, 9 mart 2023-cü il tarixli məktublarla cavab verilmişdir. Məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X12 arasında 28 mart 1980-ci il tarixli 2168 nömrəli müqavilə bağlanmışdır. İcarədarın vəfatından sonra ailə üzvləri – X3, İddiaçı, X9 və X5 notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən həmin bağ sahəsinə dair X1 adına 30 dekabr 2002-ci il tarixdə 2168 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən müqaviləyə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 27 iyul 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin torpaq sahəsi 3 iyul 2014-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. Daha sonra 18 sentyabr 2014-cü il tarixdə sözügedən torpaq sahəsi vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payının bağışlanma müqaviləsinə əsasən X6 adına keçmiş və onun adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 bildirdi ki, iddianı müdafiə etdi və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etdi. O, bildirdi ki, hazırkı iddiaçı müvafiq bağ sahəsində uzun müddətdir yaşayır. Məhkəmədə onun (iddiaçının) bağ sahəsindən kompensasiya verilməklə çıxarılması tələbi ilə iddia qaldırılmşdır. Apellyasiya instansiyası məhkəməsində mübahisəyə baxılarkən bağdan çıxarılma barədə qərar qəbul olunmuşdur. Məlum olmuşdur ki, bağ evi özəlləşdirilərkən tikili nəzərə alınmamışdır. Bağ sahəsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün dəfələrlə cavabdehə sorğu ünvanlanmışdır, lakin cavab alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın birinci hissəsində mümkünsüz sayılmasını, digər hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahələri ərazisində yerləşən 493 saylı bağ sahəsi ilə bağlı hər hansı hüququ yoxdur, bu səbəbdən də o, hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüquqa malik deyil. Bundan başqa, iddiaçının qaldığı məsələ digər adekvat məhkəmə mübahisəsi, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə (eləcə də vəsatət verilməklə) həl oluna biləndir və bununla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması əlverişli müdafiə vasitəsi kimi qiymətləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar